Bakı barlarında gənclər necə aldadılır? – “Bir bakal viski 250 manat”
Bakıda fəaliyyət göstərən disko barların heç də hamısı qanunlar çərçivəsində fəaliyyət göstərmir. Əksinə, puldan ötrü insan ağlına gəlməyən fırıldaqlara əl atan işbazlar üçün yeraltı dünyanın bu səs-küylü məkanları əsl dələdzuluq poliqonuna çevrilib…
Moderator.az-ın əməkdaşı paytaxtda “Venesiya” adı ilə fəaliyyət göstərən barda aldanan iki gənc dostu tapıb. Onlar bu klublarda necə aldandıqlarını danışıblar. Aldanmaların metodu isə eynidir. Aldanan gənclər başlarına gələnləri belə nəql edirlər:
Xanım dedi ki, 20 manata evimdə görüşürəm…
Abbas adlı gənc: “Sosial şəbəkədə xanımla tanış oldum. Xanım yazdı ki, 20 manata öz evimdə görüşürəm. Mənə dedi ki, şəhərin “Torqovu” kimi tanınan meydanına gəl. Evim “Xaqani ticarət mərkəzi”nin yanındadı. Xanımın dediyi ünvana getdim. Orada xanıma zəng vurdum ki, bəs mən burdayam. Xanım “Xaqani ticarət mərkəzi”nin qarşısındakı binanın zirzəmisində yerləşən “Venesiya” bardan çıxdı. Məni içəri dəvət etdi, tərəddüd etsəm də, xanım bildirdi ki, heç bir problem olmayacaq, gəl içəri. İçəri keçib əyləşdim. Xanım məndən 20 manat alıb dedi ki, gedim otağın açarın götürüm gəlirəm. Xanım gedəndən sonra 10 – 15 dəqiqə gözlədim, gəlib çıxmadı. Sonra mənim əyləşdiyim masaya 180 manat məbləğində hesab gətirdilər ki, ödəməlisən. Mən etiraz etdim. Dedim ki, mən axı heç nə yeməmişəm, bu nəyin hesabıdı? Bir az keçdi, otaqdan beş – altı nəfər idman cüssəli şəxslər məni dövrəyə aldılar ki, hesabı ödəyim. Yenə etiraz etdim və onlar məni başqa bir otağa dəvət etdilər. Orada bildim ki, aldanmışam və bunlar hesab ödəməyən adamları bu otaqda döyürlər. Çünki, otağın divarlarında qan ləkələri var idi. Yaxınlarımdan birinə zəng vurdum və onun köməyi nəticəsində onların əlindən sağ çıxa bildim.
Polisə zəng vurdum…
Rüstəm adlı gənc: “Xanımla sosial şəbəkədə tanış oldum. Sonra adı çəkilən ünvana getdim. Orada görüşdük. Xanım mənim masama gələndə əlində bir bakal viski var idi. Sonra xanım masamı tərk etdi ki, bəs indi qayıdıram. Bir nəfər mənə yaxınlaşıb 250 manat məbləğində hesab gətirdi. Dəli oldum ki, bu nə məbləğdi. Etiraz etdikdə, idman cüssəli şəxslər kabinetdən çıxıb məni də adı çəkilən otağa dəvət etdilər. Orada döyüləcəyimi öncədən bilib, tez DİN – nin 102 qaynar xəttinə zəng vurdum. Sonra başqa bir dostuma zəng vurub köməyə çağırdım. Hadisə yerinə dostum gəldi və biz polis şöbəsinə getdik. Orada olanları dedikdən sonra sərbəst buraxıldım.
Gənclərin dediyi həmin ünvana baxış keçirmək üçün həmin ərziyə yollandıq. Amma adı çəkilən bar bağlı idi. Bizə bildirdilər ki, adı çəkilən şəxslər buradan köçüblər. Həmin barda başqa bir adam tərəfindən təmir işləri aparılırdı. Çünki, ərazidə ustalar işləyirdi.
Gənclər isə bildirirlər ki, həmin kollektiv hal – hazırda “Nizami” metrosu yaxınlığında fəaliyyət göstərirlər. Əslən Salyan rayonundan olan Raqif adlı şəxsin bu işə başçılıq etdiyini bildirdilər.
Gənclərimizə elə buradan bildirmək istəyirik ki, sosial şəbəkələrdəki belə elanlara aldanmasınlar.
Məsələylə bağlı araşdırmamız davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=57043