Bakıda masonların yığışdığı bunker

11.03.2016 - 11:02

aksin-evrenNədənsə son dövrlərdə (oxu: mason dövrlərdə) millətin günü, həftəsi, qapısının cəftəsi və kasasında küftəsi üçbucaqlaşmaqda. Ciddi, tarixi məsələlərdə gözünü döyən gənclərimiz masonluq mövzusunda qucaqlaşmaqda. Son vaxtlar yenə də Bakıdakı mason lojaları və masonik tikililərlə bağlı söz-söhbətlər artmaqda.

Kimlərsə super marketlə parkdakı tualetlərin birləşməsindən bir üçbucaq forması yaradıb, camaat da düşüb ortalığa ki, bəs, ay millət, tualeti və “Koroğlu” metrosunu masonlar kəşf edib. Ümumiyyətlə, masonluq kimi min illik tarixi və 3 yüz illik siyasi sistemi olan böyük bir təşkilatı “Koroğlu” metrosuna bağlamaq masonluğu hörmətdən, Qoç Koroğlunu atdan salmaqdı.

Bir dostum masonların Bakıda toplaşdıqları bunkerlərdən danışanda demişdi ki, “İçərişəhər” metrosunun sağ tərəfi fəaliyyət göstərmir. Bax, məhz o hissədə – tuneldə mason lojası var, azərbaycanlı masonlar da orada toplaşırlar. 2-3 həftə sonra eşitdim ki, bunu “İçərişəhər” metrosunda şübhəli şəxs kimi saxlayıblar. Hər gün gedib dəmirlərin arasından boylanıb ora baxırmış. Polis də gəlib bunu qoltuğuna vurub aparıb bölməyə. Ordan da yollayıblar dəlixanaya ki, bu adamın başı çatmır, gözünə yadplanetlilər görünür.

İndi bəla mason lojaları deyil, bəla gəncliyin yaşından-başından böyük məsələlərə baş qoşmasıdır. Axı niyə bir vaxtlar at çapmaqda, qılınc oynatmaqda hamını keçən Azərbaycan gəncliyi dəyişib bank çapmaqda, ot çəkməkdə Kolumbiyanı ötdü? O Kolumbiya ki, həm də dünyaya Markes kimi dahi gətirib, Şakira kimi ulduz yetirib. Yaxşı, qardaş, Şakira, Markes kimi məşhurlar narkobaron Pablo Eskobarın qohumlarıdır, axı sən Babəkin oğlu idin. Bəs niyə özünü hələ də Novruzəli kimi aparırsan? Axı niyə biz Markesdə yox, Mameddə ilişib qalmışıq?

Bizim məğlubiyyətimiz bu oldu ki, sovet dövründə Rusiyanı, müstəqillik dövründə də Türkiyəni təqlid elədik. “Santa Barbara”lı illəri Küçük Əmrahlı filmlər əvəz etdi. Mahiyyət etibarı ilə elə də ciddi dəyişiklik olmadı. Sadəcə, gödəkcəni çıxarıb, pencək geyindik. Amma bəla bu da deyil, bəla budur ki, biz pencəyimizi də soyunduq.

Çox təəssüf ki, Türkiyə ədəbiyyatı bizə Orxan Pamukla yox, Harun Yəhya ilə ayaq açdı. Təkcə biz yox, Türkiyə də öz mədəniyyətini dünyaya çıxarmaqda yanlışlara yol verdi. Deyirdilər ki, Harun Yəhya təkamül nəzəriyyəsini dünya səviyyəsində çökdürüb. Vallah, biz bir türk ulusu olaraq bu iddia ilə özümüzü bütün dünyada rüsvay edirik. Gülürlər bizə. Hətta heykəltəraşlıq nümunələrini “Quranı yandıran qız bu vəziyyətə düşdü” adı ilə Avropaya sırımaq istədik. Böyük biabırçılıq yaşadıq. Adi heykəlləri öz əttökən mifik düşüncəmizlə cəmiyyətə təqdim edib gülünc duruma düşdük. Avropa bizi masqaraya qoydu. İndi də durub deyirik ki, Şərq mədəniyyətin beşiyidir. Qərb də bizə sübut etdi ki, indi Şərq bir torba cəhalət yeşiyidir.

Tövləsində iki eşşəyin arpasını bölə bilməyən Mayıl əmi nəyə görə anidən İndoneziyada iqtisadiyyatın təmərküzləşməsi prosesinə görə narahat olsun axı? Evdə bir dənə dılğır oğlunun öhdəsindən gələ bilməyənlər durub Putinə, Ərdoğana barmaq silkələyir, Obamaya ağıl öyrədir. A kişi, Obama hələ 50 il bundan sonranın dünya düzənini yazıb oturub. Get kartofunu sat, mal-qaranı saxla. Övladına elm öyrət ki, onu da evində mal-qara kimi saxlamayasan.

Aqşin Evrən

axar.az

Short URL: http://www.cumhuriyyet.net/?p=57423

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728