Pensiyaçılar üçün anti-böhran qalxanı və ya “xilasedici kəmər”
Prezident İlham Əliyevin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında cari ilin yanvar ayında imzaladığı sərəncam pensiyaçı kəsim tərəfindən məmnunluqla qarşılanıb. Sərəncamda DSMF-yə tapşırılıb ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Bununla yanaşı, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilməlidir.
1 milyon 296 min insanın üzünü güldürən qərar
Prezidentin sərəncamıyla yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu sərəncam Azərbaycanda 1 milyon 296 min pensiyaçıdan təxminən 1 milyon 223 min nəfərə şamil olunacaq. Qeyd edək ki, bu artımdan yararlanmayan dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların pensiyaları isə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
Pensiyanın baza hissəsini 10 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə bir qədər də çox olacaq.
Xatırladaq ki, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək.
Devalvasiya fırtınasında reallaşan “sosial xilasetmə əməliyyatı”
2016-cı ilin dövlət büdcəsinə sosial xərclərlə bağlı da dəyişikliyə imza atıldı ki, bu dəyişiklik DSMF-yə ayrılan maliyyə vəsaitlərin artırılmasını təmin etdi. Hansı ki, devalvasiya və maliyyə-iqtisadi böhranın davam etdiyi bir şəraitdə atılan bu addımı devalvasiya fırtınasında reallaşan sosial xislasetmə əməliyyatı da adlandırmaq mümkündür. Hansı ki, məlum qanun dəyişikliyinin əhəmiyyəti DSMF-nin sədri Elman Mehdiyevin müzakirələrdəki çıxışında daha aydın görsənir:
“2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə əlaqədar bütün növ əmək pensiyalarının baza və baza hissinə əlavələrinin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artımla bağlı əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb. Həmçinin qanun layihəsində məcburi dövlət sosial sığorta aktları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artımlar nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102.9 milyon manat olmaqla, 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17.5 faiz və ya 15.3 milyon manat artımla nəzərdə tutulur. O cümlədən hamiləliyə və doğuşa görə müavinət üzrə xərclər 1.3 faiz və ya 0.4 milyon manat artımla, uşağın anadan olmasına görə müavinət üzrə xərclər 10 faiz və ya 0.8 milyon manat artımla, 3 yaşa çatanadək uşaqlara qulluqla əlaqədar müavinət xərcləri 34.3 faiz və ya 3.3 milyon manat artımla, dəfn üçün müavinət xərcləri 10.3 faiz və ya 1.6 milyon manat artımla, işsizliyə görə müavinət xərcləri isə 2.4 dəfə və ya 9 milyon manat artımla proqnozlaşdırılır. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının ödənilməsi üzrə xərclər isə 0.9 milyon manat və ya 4.5 faiz artımla nəzərdə tutulur”.
Millət vəkilləri nə düşünür?
Məsələ ilə bağlı açıqlama verən millət vəkilləri də ötən ilki siyasətin davamı olaraq cari ildə atılan addımların təqdirəlayiq oluğunu vurğuladı. Millət vəkili Aydın Mirzəzadənin qənaətincə, görülən tədirlər nəticəsində ölkədə vətəndaşların etibarlı sosial müdafiəsi sistemi qurulub və bu sistem getdikcə təkmilləşməkdədir:
“Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsi sistemi qurulub.Yeni iş yerlərinin yaradılması, əhalinin orta səviyyədə yaşaması üçün pensiya ilə təmin edilməsi, əmək haqları və pensiyalara edilən artımlar və s. buna nümunədir. Doğrudur, hələlik bizim inkişaf etmiş ölkələr səviyyəsinə çatmağımıza çox var. Lakin bizim istiqamətimiz məhz oradır və hesab edirəm ki, biz də nə vaxtsa layiqincə bu qrupda təmsil olunacayıq.
Bu il büdcəyə edilən dəyişiklik fonunda DSMF-nin də büdcəsinə dəyişiklik edildi. Bu, ilk növbədə pensiyaların 10% artırılmasını, gələcəkdə sosial müdafiəyə ehtiyacı olan təbəqənin yaranacağı təqdirdə onların heç bir problem olmadan təqaüd və pensiya ilə təmin edilməsini nəzərdə tutur. Yəni cəmiyyətdə sosial müdafiəyə ehtiyacı olan şəxslərin ehtiyacını qarşılamaq üçün ciddi addımların atılması nəzərdə tutulur”.
Millət vəkili Rövşən Rzayev də bu istiqamətdə həyata keçirilən işləri yüksək qiymətləndirdiyini vurğuladı:
“Azərbaycanda insanların sosial müafiəsinin gücləndirilməsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində atılan son addımlar təqdirəlayiqdir və dövlətin öz vətəndaşına verdiyi önəmi göstərir.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Rövşən Rzayev bildirib. Millət vəkilinin sözlərinə görə, Bu, daim inkişaf edən bir mexanizmdir. Azərbaycan dövlətinin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də xalqın sosil rifahının yaxşılaşması ilə bağlıdır. Xalqın sosial rifahının yüksəldilməsinə yönəldilən hər bir addım, bu istiqamətdə həyata keçirilən hər bir iş olduqca önəmli və təqdirəlayiqdir. Hesab edirəm ki, gələcəkdə bu məsələ daha da inkişaf etdiriləcək, daha ciddi uğurlara imza atılacaq”.
“Yaşlı insanlar üçün mənəvi dəstək çörəkdən heç də az əhəmiyyətli deyil”
Pensiyaların baza və sığorta hissələrinin artırılması ilə bağlı imzalanan rəsmi sənədlər pensiyaçılar tərəfindən də məmnunluq hissi ilə qarşılanmaqdadır. Məsələn, pensiyaların artırılması ilə bağlı verilən sərəncamlara münasibət bildirən pensiyaçı Sara Əliyeva bu cür qərarların onların yalnız sosial durumuna deyil, mənəvi-psixoloji əhval-ruhiyyəsinə də müsbət təsir göstərdiyini vurğuladı:
“Təbii ki, hər bir pensiyaçı üçün artırılan hər bir manatın belə əhəmiyyəti böyükdür. Bu baxımdan ölkə başçısının təşəbbüsü ilə pensiyaların arıtırlması ilə bağlı atılan addımları yüksək qiymətləndirir, məmnunluqla qarşılayırıq. Bütün dünyada iqtisadi böhranın mövcud olduğu hazırklı şəraitdə pensiyaçıların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması dövlətimizin pensiyaçı kəsimə olan diqqətinin təzahüridir. Lakin mənim qeyd etmək sitədiyim tamam başqa nüas da var ki, bu da pensiya artımlarının pensiyaçıların mənəvi-psixoloji əhval-ruhiyyəsinə də müsbət təsir göstərməsi ilə bağlıdır.
Dövlət pensiyaçılara göstərdiyi qayğı ilə onları unutmadığını, ən çətin, böhranlı vaxtlarda belə onları düşündüyünü ortaya qoyur. Bu isə ömrünü bu dövlətə, onun rifahına həsr edən, bu vətənə bağlı olan hər bir yaşlı insanı sadəcə sevindirmir, həm də yaxşı mənada kövrəldir, onlara yaşamla, gələcəklə bağlı ümid və ruh verir. Hər kəs yaxşı bilir ki, yaxşlı insanlar üçün mənəvi dəstək çörəkdən heç də az əhəmiyyətli deyil. Bu mənada biz də pensiyaların artırılmasını alqışlayır, bunu dövlətin pensiyaçılara, sosial müdafiəyə ehtiyacı olan şəxslərə ciddi qayğısı kimi qiymətləndiririk”.
Sosialyönümlü siyasətin mahiyyəti və ya dövlət öz “kəmərini” niyə sıxır?
Soyuq müharibə dönəmindən üzbəri dünyada baş verən böhran və devalvasiyalar zamanı dövlət və hökumətlər mövcud böhrandan çıxmaq üçün adətən iki fərqli strategiya ortaya qoyur ki, onların pensiyaçı və ya aztəminatlı ailələr üçün nəticəsi tamamilə fərqli olur.
Belə ki, insanların sosial müdafiəsinə daha çox əhəmiyyət verən, onları böhran və devalvasiyanın zərərli təsirindən qurtarmaq və ya bu təsiri minimuma endirmək istəyən hökumətlərdə dövlət öz “kəmərini sıxaraq” büdcə üçün gərəkli olan vəsaitə məmur kontingenti hesabına qənaət edir. Başqa sözlə desək, sosial yönümlü siyasət aparan hökumətlər bu cür məqamlarda məmur ştatlarını, xidməti avtomobilləri ixtisar edir, məmur maaşlarını azaldır, reallaşması çoxlu vəsait tələb edən layihələrdən imtina edir və s. Necə ki, devalvasiyadan sonra Azərbaycanda da bu istiqamətdə ciddi addımların atılması, xeyli sayda nazir müavini və müşavir postlarının, idarə və qurumların ləğvi, bəzi layihələrin təxirə salınması baş verdi. Bu, çətin şərtlər altında belə dövlətin vətəndaşların sosial müdafiəsini diqqət mərkəzində saxladığını, pensiya və təqaüdləri, eləcə də əmək haqlarını artırmaqla onun üçün anti-böhran qalxanı formalaşdırdığıını göstərir.
Sosialyönümlü siyasətin öncəlik təşkil etmədiyi digər variantda isə böhran anlarında dövlət özünün deyil, xalqın “kəmərinin sıxır” ki, bu da işsizlik şəraitində maaş və pensiyaların azalması və ya avtomatik dəyər itirməsi, iş yerlərinin kütləvi bağlanması və s. ilə müşahidə edilir. Nəticədə, xalqın sosial durumununa ağırlaşması qaçılmaz olur.
Azərbaycanda dünyada baş verən iqtisadi böhran və manatın devalvasiya fonunda DSMF-yə ayrılan vəsaitlərin artırılması vətəndaşın etibarlı sosial müdafiəsinə dövlətin müstəsna əhəmiyyət verdiyini göstərir.
Seymur Əliyev
Məqalə DSMF-nin “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=57851