Hacıqabuldakı amansız qətlin təfərrüatı – MƏHKƏMƏ PROSESİ
82 yaşlı Səhəd Şirəliyevin qanlı əməli 2 uşağı atasız qoyub; onun utancverən keçmişi varmış…
Martın 17-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə Sərhəd Səhət oğlu Şirəliyevin işi üzrə məhkəmə prosesi keçiriləcək. 82 yaşlı S.Şirəliyev qonşusu 1971-ci təvəllüdlü Habil Nəcəf oğlu Ədilovun xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur. Qanlı olay 8 avqust 2015-ci ildə Hacıqabul rayonu, Kolanı kəndində baş verib. Həmin gün səhər S.Şirəliyev qonşuluqla yanaşı, qohumluq əlaqələrində olduğu 2 övlad atası H.Ədilova ov tüfəngindən atəş açıb. Yerdə çabalayan H.Ədilovun huşunu itirməsini gözlədikdən sonra isə onun hərəkətsiz bədəninə yaxın məsafədən daha 2 atəş açmaqla amansızlıqla qətlə yetirib. H.Ədilovun anası Sübü Ədilova məhkəmə öncəsi redaksiyamıza müraciət edərək qanlı olayın təfərrüatlarını açıqlayıb.
Gözüyaşlı ana oğlunun qanının yerdə qalmaması üçün ölkə rəhbərliyinə müraciət edərək iş üzrə məhkəmə prosesinin nəzarətə götürülməsini və ədalətli qərar çıxarılmasının təmin olunmasını xahiş edib: “Sərhəd Şirəliyev mənim oğlumu heç bir əsas olmadan öldürdü, 2 övladını atasız qoydu. Sonradan iş üzrə Hacıqabul rayon Prokurorluğunda CM-nin 120.1 maddəsi ilə başlanan cinayən işinin araşdırılmasında qeyri-obyektivliyə yol verildi. Nəticədə zərərçəkmiş kimi hüquqlarımız pozuldu. Cinayətə aidiyyatı olan şəxslər istintaqdan kənarda qaldı.
Səhəd Şirəliyev bu cinayəti yaxınlarının dəstəyi ilə qabaqcadan planlaşdırıb, silah və sursat əldə edib. Cinayət baş verən gündən əvvəl 3 gün ərzində oğlu Cavanşirin evində yaşayıb, 8 avqust 2015-ci ildə, səhər 5-də isə silah-sursatını götürərək öz evinə gəlib. Oğlum Habil Ədilov mal-qarasını örüşə ötürmək üçün tövlənin qapısından çıxarkən onu qətlə yetirib”.
H.Ədilovun anası qətlin motivinə də toxunur: “Bu hadisədən 2 ay əvvəl oğlum gecə yarısı tövlədəki mal-qarasına baş çəkərkən S.Şirəliyevin həyətindən aralarındakı daş hasarın üzərindən tanımadığı şəxsin bağına atlandığını görüb. Həmin şəxsin arxasınca qaçmasına baxmayaraq onu yaxalaya bilməyib. qaranlıq olduğundan kim olduğunu müəyyən edə bilməyib. H.Ədilov bir neçə gün sonra həmin hadisə barədə S.Şirəliyevə bildirib. S.Şirəliyev isə söhbətin gizli saxlanmasını ondan xahiş edib, özünün zəruri tədbir görəcəyini söyləyib. Bundan sonra S.Şirəliyev bir neçə gün gecə vaxtı həmin şəxsi müəyyən etmək üçün güdüb, həqiqətən də gecə vaxtı həyətindəki hamamın sol tərəfində kimliyini dəqiqləşdirmədiyi şəxslərin görüşdüyünü bilib və söhbət edərək gülən zaman səslərini eşidib. Həmin vaxtdan sonra S.Şirəliyev məsələ ilə bağlı gəlini Fəridə Şirəliyevadan maraqlanıb. Sonuncu qızının gizlin olaraq həmyaşıdları ilə görüşdüyünü bilsə də, bunu qayınatasına bildirməyib. Bundan sonra Sərhəd Şirəliyev gəlini Fəridə Şirəliyeva ilə mübahisə edib, onu təhdid edərək öldürəcəyi ilə hədələyib.
Bu barədə Fəridə Şirəliyeva atası Əlişah Novruzova məlumat verib, sonuncu isə bu ilin mayında Sərhəd Şirəliyevə məxsus qanunsuz saxladığı ov tüfəngini başqa bəhanə ilə alaraq evinə aparıb. S.Şirəliyev oğlumun bu məsələdən xəbərdar olmasını sadəcə həzm edə bilməyib. Bundan əvvəl də övladımla kəskin münasibətlərdə olmuşdu. Bu hadisə Sərhəd Şirəliyevin keçmişdən oğluma qarşı kinini yaında salmışdı. Ailəsi daxilində baş verən gecə görüşünü oğlumun adına bağlamağa çalışmışdı. Oğlum bu sirri bildiyi üçün onu öldürməklə məsələni qapatmaq istəyib. Mərhumun yaxınları bildirir ki, istintaq materiallarında qeyd olunur ki, qətldən dərhal sonra Sərhəd Şirəliyev Bakıda yaşayan qardaşına zəng edərək “öldürdüm” deyib, daha sonra isə Səbinə adlı nəvəsinə zəng edərək “babanla fəxr edə bilərsən” deyib. Bundan başqa, qətldən əvvəl Sərhəd Şirəliyev oğlanları – Cavanşir və Cahangir Şirəliyevlərlə birlikdə olub, kiçik oğlu Cahangir Şirəliyev isə hadisədən bir neçə gün əvvəl atasına məxsus, lakin qayınatasında olan ov tüfəngini gətirərək atasına verib, hətta ona 20 ədəd patron alıb. Maraqlıdır ki, qətldən 3 gün əvvəl Cahangir Rusiyanın Yekaterinburq şəhərinə gedib”.
Sübü Ədilova deyir ki, ailələr arasında ədavət hələ çox illər əvvəl olub. Sərhəd Şirəliyev kənddə sakinlərlə problemi olan adam kimi tanınıb. 2002-ci ildə H.Ədilovun hasar çəkmək istəməsi Məhbud və Sərhəd Şirəliyev qardaşları ilə münaqişəyə səbəb olub. Yalnız H.Ədilovun polisə müraciətindən sonra qarşıdurma dayandırılıb. Sonradan münasibətlər yaxşılaşsa da, ötən il Habil Ədilovun Sərhəd Şirəliyevin həyətinə gecə gizli şəkildə gələn şəxs barədə qonşusuna məlumat verməsi münasibətləri yenidən gərginləşdirib. S.Şirəliyev nəvəsinin gizli görüşməsi hadisəsindən xəbərdar olduğuna görə Habil Ədilova qəzəbli olub və nəticədə günahsız bir insanın həyatına son qoyulub.
S.Ədilova deyir ki, Sərhəd Şirəliyev kənd camaatı arasında əxlaqsız şəxs kimi tanınır: “Səhəd 1984-cü ildə yaxın qadın qohumuna qarşı, 1994-cü ildə isə öz gəlninə qarşı nalayiq hərəkətlər edib. Buna görə gəlini oğlundan boşanıb və çıxıb gedib. Bunu Kolanıda bilməyən yoxdur. Etdiyi əxlaqsız hərəkətlərinə görə, yaxın qohumları və yerli camaat tərəfindən dəfələrlə tənbeh olunub. 1993-cü ildə gecə 1 radələrində kənd qadınlarından birini güdərkən mərhum oğlum onu görüb və bu hərəkətinə görə Sərhəd Şirəliyevi tənbeh edib. Bu hadisədən sonra ilk dəfə olaraq S.Şirəliyevin oğluma qarşı kini yaranmış, oğlumu gah toka verəcəyi, gah da zəhərlətdirib öldürəcəyi barədə fikirlər səsləndirib. Hadisədən 2 ay əvvəl isə kənddə qonşuluqda yaşayan bir qadın digər oğlumun evinə gedib və Sərhəd Şirəliyevi nəzərdə tutaraq “o, zibil qohumuna de ki, bir də bizim həyətdə görsənməsin, yoxsa qohumlarıma deyərəm onun başına oyun açarlar” sözünü deyərək xəbərdarlıq etmişdi. Bundan sonra Arif S.Şirəliyevlə telefon əlaqəsi saxlayıb və nar bağında onunla görüşərək sonuncuya “Sərhəd utanmırsan, 81 yaşında da keçmiş nalayiq əməllərindən əl çəkmirsən” deyib. O, hüquq-mühafizə orqanlarında işləyən qohumlarına güvənərək, guya xoşu gəlmədiyi bir sıra şəxsləri güllələyəcəyi ilə hədələyib, istifadə icazəsi olmayan ov tüfəngi ilə qorxudub. Yəni Səhəd Şirəliyev belə bir adamdır. Onun barəsində qanunun tələb etdiyi ən sərt cəza verilməlidir”.
E.HÜSEYNOV, Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=57999