“Azpetrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…
– Qazancımız hamısı benzinə gedir. Bu saat vurursan, iki saat sonra “göstərici” sıfıra yaxınlaşır.
– Maşını axşam həyətdə saxlayanda yanacaq çənində 10-15 litr benzin olur. Səhər durub görürəm, qırmızı işıq yanır. Benzinə qaz vururlar.
Müvafiq qurumların sözçülərinin dəfələrlə açıqlama vermələrinə baxmayaraq, sürücülərin benzinin tərkibi ilə bağlı səngimək bilməyən şikayətlərindəndir bu cümlələr.
Publika.az-a şikayət edən sürcülülər iddia edirlər ki, yanacağın tərkibində müəyyən qatqılar var və bu, avtomobillərin benzin sərfiyyatına, ən əsası isə onların gündəlik qazanclarına, ciblərinə təsir göstərir.
Benzini olub, yolda qalanlar…
Sürücü Rüstəm Əliyevin sözlərinə görə, benzinin keyfiyyətində problem var: “Açığı, yanacaqdoldurma məntəqələrinin avtomobilimizin çəninə nə qədər benzin vurmasını dəqiqləşdirə bilmərik. Əvvəllər maşına ayrı-ayrı yanacaqdoldurma məntəqələrindən benzin vururdum. Bəzi “zapravka”lardan vurduğum benzin tez qurtarırdı. Ona görə son vaxtlar ancaq bir yanacaqdoldurma məntəqəsindən istifadə edirəm. Fərqsə dərhal hiss olunur. Bu “zapravka” da yaxşı deyil. Amma əvvəlkilərə nisbətən normaldır”.
Muxtar Quliyev deyir ki, yanacaqdoldurma məntəqələri benzinin həcmini artırmaq üçün onun tərkibinə qaz qatır: “Buna görə də avtomobilin yanacaq sərfiyyatı çox olur. Benzin avtomobilin yanacaq çəninə 10 litr əvəzinə bundan az həcmdə vurulur. Buna görə də maşının qət etdiyi məsafə də az olur.
Eyni zamanda bəzi yanacaqdoldurma məntəqələrinin ölçmə cihazları avtomobillərin çəninə vurulan benzinin həcmini düz göstərmir. Benzin çənə vurulmazdan öncə görürsən ki, artıq ölçmə cihazının sayğacında 20 qəpik yazılıb. Məntəqələrin benzin vuran aparatı işə düşməzdən əvvəl sayğacın ekranında qəpiklər yazılır.
Başqa yanacaqdoldurma məntəqələrində bu rəqəm 30, hətta 40 qəpiyə qədər artır. Hər avtomobilin yanacağından 20-30 qəpik benzini oğurlayırlar”.
O, iddia edir ki, benzin avtomobillərin yanacaq çəninə ölçmə cihazlarında göstərilən rəqəmlərdən az vurulur: “Məncə bunu əksər yanacaqdoldurma məntəqələrinə aid etmək olar. Həmin səbəbdən də avtomobillər müvafiq məsafəni başa vurmamış yanacaq qurtarır”.
Adını açıqlamaq istəməyən sürücü isə benzinin tərkibində müəyyən qatqıların olduğunu düşünür: “Qatqılar sonradan mayedən ayrıldığından benzinin həcmi də azalır. Yanacaqdoldurma məntəqələri öz gəlirlərini artırmaq üçün müxtəlif vasitələrə əl atırlar. O ki qaldı ölçmə cihazlarına, sayğaclar benzinin həcmini çox göstərir. Yanacaqdoldurma məntəqələrinin operatorları özləri də bunu etiraf edir”.
“Azpetrol” təkzib edir: “Dərhal…”
Qeyd edək ki, benzinin tərkibindən narazılıq edən sürücülər bunu əksər şirkətlərin, o cümlədən “Azpetrol”un yanacaqdoldurma məntəqələrinə aid edirlər.
Lakin “Azpetrol” şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu söylənilənləri təkzib etdi. Bildirdi ki, benzinin həcminin qanunsuz vasitələrlə artırılması iddiaları həqiqəti əks etdirmir: “Əvvəla benzinin tərkibinə hansısa maddə qatmaq mümkün deyil. Bizim şirkətdə isə belə bir şey qətiyyən ola bilməz. Yəni benzinin tərkibinə hər hansı qazın vurulması qeyri-mümkündür. Əgər bu cür xoşagəlməz hal baş verərsə, dərhal həmin operator barəsində ciddi tədbir görülər”.
O ki qaldı sürücülərin aldadılmasına, şirkət rəsmisi bununla bağlı iddialara belə aydınlıq gətirdi: “Yanacaqdoldurma məntəqələrinin ölçmə cihazları yüksək standartlara uyğundur. Xarici ölkələrin firmaları tərəfindən hazırlanmış bu cihazların səhv etmək imkanı sıfıra bərabərdir. Cihazlar qətiyyən səhv edə bilməz”.
Yaradılan imkandan sui-istifadə edən sahibkarlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə bildirdi ki, yanacağın keyfiyyəti ilə bağlı problemlər yox dərəcəsindədir: “Azərbaycanda 92 markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. Bu, keyfiyyətli benzindir. 95 və 98 markalı benzinlər xaricdə istehsal edilir. Həmin benzinlərin keyfiyyəti mütəmadi olaraq komitənin laboratoriyasında araşdırılır və o Avro-4 standartlarına uyğundur.
Amma komitəyə yanacağın kəmiyyəti ilə bağlı çoxlu şikayətlər gəlir. İstehlakçılar litrdə aldadılmaları ilə bağlı bizə müraciət edirlər. Bununla bağlı xoşagəlməz halların artması bizi narahat edir”.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların iki illik dayandırıldığını vurğulayan komitə rəsmisi bəzi sahibkarların ölkə rəhbərliyinin onlar üçün yaratdığı əlverişli şəraitdən sui-istifadə etdiyini bildirdi: “Sürücülər komitəyə benzinin kəmiyyəti ilə bağlı məktubla şikayət edirlər. Biz şikayətləri sahibkarların özlərinə göndərərək belə halları aradan qaldırmaları ilə bağlı müraciət ünvanlayırıq. Onlara bildiririk ki, sizin təsis etdiyiniz yanacaqdoldurma məntəqələrində benzinin satışında xoşagəlməz hallar var və bunun qarşısını alın. İstehlakçı hüquqlarının maksimum qorunmasına çalışırıq.
Bəzi sahibkarların ölkə rəhbərliyinin onlara yaratdığı əlverişli şəraitdən sui-istifadə halları artır. Bu, bizi narahat edir. Komitənin müvafiq qurumu tərəfindən yanacaqdoldurma məntəqələrinin regionlardakı çənləri yoxlanılır və onların üzərinə möhür vurulur. Bizdə olan məlumata görə, regionlardakı bəzi yanacaqdoldurma məntəqələrində plombların qırılması, müdaxilə halları var. Biz bunu yoxlamaların dayandırılmasından sui-istifadə halları kimi qiymətləndiririk. Təbii ki, belə halların qarşısı alınacaq, bu belə davam edə bilməz. Xoşagəlməz hallarla bağlı şikayətlər bizi ciddi narahat edir.
Benzinin kəmiyyəti ilə bağlı aldadılma hallarını bütün yanacaqdoldurma məntəqələrinə aid etmək olmaz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=58037