Ağsu sakini ünvanlı sosial yardımdan şikayətçidir – VİDEO
Ağsu rayonunda dözülməz vəziyyətin olması barədə dəfələrlə cumhuriyyət. az olaraq reportajlar hazırlamış, baş verənləri rayon sakinlərinin dili ilə cəmiyyətə çatdırmışıq. Hər kəsə gün kimi aydındır ki, burada baş verənlərin tək səbəbkarı rayon rəhbərliyidir. Baş verənlərə heç bir reaksiya verilməməsi bu anlama gəlir ki, rayon rəhbərliyini insanların sosial rifahı deyil, gündəlik əldə etdikləri qənimət maraqlandırır. Ağsuda bütün məmurlar çırmalanıb əhalinin canına bit daraşan kimi daraşıblar. Bu sıradan olan növbəti şikayətçinin cumhuriyyet.az-a söylədiklərini dəyərli izləyicilərimizə təqdim edirik.
Ağsu rayonu Babək küçəsində yaşayan Nəzər Həsənovun söylədikləri: “Mənim problemim bütün rayon əhalisinin problemi kimi ünvanlı sosial yardımların verilməsində baş verən qanunsuzluqlarla bağlıdır. Mərkəzin əməkdaşları xeyli özbaşnalıqlara və qanunsuzluqlara yol verirlər. Bizlərdən elə sənədlər tələb edirlər ki, onları tapıb təqdim etmək mümkün deyil. Ağsuda ünvanlı sosial yardım mərkəzində işləyən Altay və Xəlil adlı şəxslər sözün əsl mənasında əhalinin boğazından qan gətirirlər. Kimlər ki, onların dediyi ilə razılaşır, onlara yardım ayrılması üçün köməklik edirlər. Mərkəzə gün ərzində xeyli sayda qoca, cavan, qadın gələrək axşama kimi gözləyib, kor-peşman geri, evlərinə qayıdırlar. Mən hörmətli prezidentimizdən xahiş edirəm ki, yardımlar üçün tətbiq olunan qaydalara bir də nəzər yetirsin. Belə olmaz axı. İnsanları çox incidirlər, çox get-gələ salırlar. Yekunda da heç bir şey alınmır. Mən 1994-cü ildə minik avtomoblimi satmışam. Onda hələ nəvəm dünyaya gəlməmişdi. İndi bunun nəvəmə nə dəxli var? Nəvələrimi müalicə elətdirmək üçün bankdan kredit götürmüşəm. İndi deyirlər ki, sən kredit götürmüsən, sənə ünvanlı yardım düşmür. Mənim imkanım olsa idi kredit götürərdümmi? Belə gülünc ölkə, idarəetmə heç harda ola bilməz. İnsanlara elə gülməli suallar verirlər ki, adamın lap əti tökülür. Oğlum ayrı təsərrüfatdır. İndi mən onları küçəyə atmalıyam? Mən prezidentdən, birinci xanımdan xahiş edirəm ki, bu işlərə bir əncam çəksinlər. Adlarını çəkdiyim Xəlil və Altay ağsululara qan uddurur. Yaxşı ki, onun adını Altay qoyublar. Deyir ki, altı ay sənin, altı ay mənim. Əgər adını on bir ay qoysaydılar deyərdi ki, on bir ay mənim, bir ay sənin. Yəni belə ağılsız adamlara bizləri möhtac etməyin, cənab prezident. Bu adamlar uzun illərdir ki, aldıqlarını alıblar, yığdıqlarını yığıblar. O qədər harınlayıblar ki, daha bizləri adam hesab etmirlər. Çıxıb getsinlər, qoy əhali ilə insan kimi rəftar edənlər gəlib işləsinlər. Çox insanlar sənədlər üçün pul tapa bilmirlər. Mən 2015-ci ilin noyabrından bu işin dalınca düşmüşəm, heç bir nəticə əldə edə bilməmişəm. Artıq yorulmuşam. Gedib gəlməyə pul tapa bilmirəm. Heç siqaret almağa pul tapa bilmirəm. Nə vaxta kimi bizlər zülm içərisində yaşayacağıq?”
Redaksiyadan: Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az
Short URL: http://www.cumhuriyyet.net/?p=58893