Şəhidimizin xanımı: “Pul kartını mənə verdi, dedi güclü ol” (FOTOLAR)

31.05.2016 - 16:10

gulnarVətəni qibləgah edən şəhidlər –XVII

…Əmisi Seymur İsgəndərovun qucağında maddım-maddım insanlara boylanan, sinəsinə taxılan ulduzun bir oyuncaq olduğunu zənn edən 10 aylıq Elman bala… Sən nə biləsən ki, o, adi bir ulduz deyil, o bir anın içərisində 95 şəhidimizin hər biri kimi Azərbaycanın həsrətində olduğu Qələbə və Qalibiyyət məqamını bizə bəxş edən cənab leytenant Elnur İsgəndərova Vətən qarşısında, torpaqlarımızın azadlığı uğrunda canından keçdiyi üçün verilən “Vətən uğrunda” medalıdır. Körpəm, balam, övladım… Sən hələ bilmirsən ki… o sarışın gözəl Məlakə ananın yaddaşında nələr qoyub gedib Elnur. Sən hələ bilmirsən ki, nənən Gülnar müəllimə, baban İsgəndər müəllim atanın ətrini səndən almaq istəyirlər…

Ancaq biləcəksən… Böyük oğlan olanda, məktəbə gedəndə, dərs oxuyanda, insanlarımızın qibləgah yeri olan Şəkidəki Şəhidlər Xiyabanına gedəndə biləcəksən ki, atan Elnur İsgəndərov azərbaycanlılara Qələbə sevincinin bir damla dadını verib. Tamı dodağımızda qalıb. Şirinliyi dodaqlarımızı, qəlbimizi çat-çat edib.

Sən hələ bilmirsən ki, may ayının sərin bir gecəsində qapınızı döydüyüm zaman, evinizdə hüzn var idi. Nənən Gülnar, bibin Sevinc, əmin Seymur, anan Məlakə xatirəyə çevrilmiş qəhrəman atandan danışdılar…

Bilirsən atanın “Sarı gəlin”- deyib sevdiyi, könlünün sevgili-məhbubu olan anan gəlin Məlakə nələr danışdı. İndi yazıram. Böyüyəndə oxuyub biləcəksən ki, sinəsini “Vətən uğrunda” medala meydan edən qəhrəman oğlumuzun oğlusan.

MƏN ELƏ BİLİRDİM SƏNSİZ ÖLƏRƏM

Qarşımda əlinin xınası getməyən bir gəlin oturub. Qayınanasına “ana” deyib sığınıb.

Sağında-solunda görmək istədiyi, nəfəsini hiss etmək istədiyi yarısı, ömrünə ömür-gün yoldaşı ola bilməyən, sevgisindən, istisindən doymadığı əri haqqında indi xatirələr danışır. Bu sarışın gözəl sakit, mülayim səslə elə sağlığında olduğu kimi danışır Elnurdan. Xəbəri yoxdur dünyadan, bir özüdür, bir də Elnur:

– Martın 27-si idi. Pul kartını da mənə verdi. Kodunu da yazdı. Qəribə sözlər danışırdı. Evdə, həyatda özümü necə aparmaq lazım olması barədə sözlər deyirdi. Əlimlə tez-tez ağzını tuturdum ki, eyyyyyy… belə demə… Ancaq o yenə tapşırıqlar verdi. Dedi güclü ol, heç vaxt zəif olma. Hələ oğlumuz dünyaya gəlməzdən əvvəl deyəndə ki, mənə bir şey olsa, sən neyləyərsən?! O zaman cavab verirdim ki, sənsiz həyat nəyimə gərəkdir. Uşağımız doğulandan sonra da bir-iki dəfə belə soruşdu. Bu dəfə, “ölərəm” demədim, dedim ki, axı oğlumuz var, onu böyütməliyik. Ancaq Elnur mənə dedi ki, sənə bir şey olsa, mən ölərəm. Bir məşhur şeir var, indi onu tez-tez xatırlayıram:
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.

27-si martda yola saldım… Günorta üstü yenə zəng vurdu. Evə bazarlıq etmək üçün nə lazım olduğunu soruşdu. Dedim ki, bəs getmədin? Cavab verdi ki, sabaha qaldı… Elə sevindim ki… Allahım həmin günü də bizə bir yerdə qalmaq üçün möhlət veribmiş. Onunla keçirdiyim hər saatı ömrümə Allahdan hədiyyə, sevinc payı sayırdım. Keçib uşaqla oynadı, mətbəxdə yemək hazırlayırdım. Yataq otağına keçəndə gördüm ki, oğlum çarpayının bir tərəfində, Elnur da o biri tərəfində qollarını geniş açıb elə rahat, elə şirin yatıblar ki… Həmin günü gedib hərbi şəhərcikdə qonşumuz olan dostu ilə görüşmək istədi. Qoymadım. Yalvardım ki, heç yerə getmə, yanımızda otur. 28-i səhər tezdən yol çantasını hazırladım. Qapıdan ötürəndə, xeyli arxasınca baxdım, dönüb gəlib, bir də vidalaşdıq, dedi ki, dua elə ki, getməyim…

Sonra telefonla mesaj yazdı : “Mən gedirəm… Özünüzə yaxşı baxın…”.

Həmin axşam ana gəldi bizə – qayınanam Gülnar müəllimə. Başımız uşağa qarışdı. Aprelin 1-nə kimi telefon zənglərimiz olurdu. Ancaq hadisələrdən xəbərimiz yox idi.

Birdən uzaqlara baxdı Mələk. Gözlərində işıq gördüm. Üzünə təbəssüm də qondu. Gülümsəyə-gülümsəyə söhbətinə davam etdi: “Hərbi formasını elə xoşlayırdı ki, leytenant idi axı… geyinib güzgünün qabağında özünə baxardı. Mən də qısqanırdım güzgüyə də… Deyirdim ki, kimin üçün elə fors edirsən? Deyirdi ki, bax gör, məndən general olar?! İndi o leytenantın xəyalı durur gözlərimin önündə, və tez-tez sevdiyi “Cənab leytenant” mahnısını xatırlayıram:

Barıt qoxulu o yollar , o yollar
Səni bəs nə vaxt qaytarar ,qaytarar .
Səndən təsəlli bir zabit mundiri
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə cənab leytenant
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan
Pay ver mənə leytenant.

Gəlini danışdıqca xırda-xırda hıçqırıqlarla ağlayan ananın göz yaşlarını görmək, onları seyr etməyin necə çətin olduğunu əslində qələmlə də yazmaqda çətinlik çəkirəm. Göz yaşları içərisində Gülnar müəllimə də söhbətimizə qoşuldu:

– Elnur təlimlərdə olanda, mən adətən Bakıya gedib gəlinin yanında qalırdım. Elnurun toyunun ab-havası hələ çəkilməyib bu həyətimizdən… Hələ toydan qalan izlər, xatirələr var evimizdə. Vağzalının səsi hələ də qulaqlarımdadır. Atası İsfəndiyar 11 saylı Şəki şəhər məktəbində idman dərsi deyib, mən də 7 saylı məktəbdə sinif müəlliməsi işləmişəm. Üç övlad böyütmüşdük. Neylədiksə, Elnuru hərbçi olmaq istəyindən çəkindirə bilmədik. Sonda da sinəsini düşmənə sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, general olacağam, mənimlə fəxr edəcəksən. Bu hadisəni, yəni ermənilərin torpaqlarımızda yenə də qan tökmələrini təsadüfən televizordan eşitdik. Elnurun telefonuna zəng çatmayanda isə narahat da olmadıq. Biz bilməzdik ki, onlar da həmin cəbhədədirlər. Narahatlığımız var idi, bütün vətən haqqında, ancaq Elnur ağlımıza da gəlmirdi. Aprelin 3-ü yenidən Bakıdan Şəkiyə qayıdanda gördük ki, həyət adamla doludur. Sonradan bildik ki, Elnurdan xəbər yoxdur, oun haqqında xəbər gözləyirlər.

BACILAR YANAR AĞLAR

Sevinc də hərdən söhbətimizə qoşulurdu.

Qardaşı bacı kimi kimsə sevməz, mənim anam rəhmətliyin 3 qardaşı 1941-45-ci il Böyük Vətən müharibəsindən qayıtmamışdı. Anam çoxlu bayatı bilirdi. Qardaşlarını xatırlayanda, bu bayatını deyərdi:

Bacılar yanar ağlar,
Qardaşın anar, ağlar.
Dönər ağ göyərçinə,
Yollara qonar ağlar.

Sevinc İsgəndərovayla danışanda anamın bayatısını xatırladım:

– Qardaşımın toyunu 2014-cü ilin avqust ayının 3-də etdik. Bu, həmin vaxtlar idi ki, ermənilərin təxribatı nəticəsində yenidən təmas xəttində atəşkəs pozulmuşdu. Həmin döyüşlərdə Vətənimiz 15 şəhid verdi. Onların bir neçəsini Elnur da tanıyırdı. Hətta zəng vurub bizə dedi ki, gələ bilməsə, toyu bəysiz etsinlər. Ara sakitləşəndə 1 həftəliyə gəldi. Qardaşımın toyunu çaldırdıq. Ancaq hərbçi dostlarının heç biri gəlməmişdi. Hamısı vəziyyət gərgin olduğundan döyüş bölgəsində idilər. Qardaşımın sarışın qızlardan xoşu gəlirdi. Məlakəni də anamla birlikdə görüb bəyənmişdilər.

Qardaşım öz sənətini çox sevirdi. Bir neçə dəfə Müdafiə Nazirliyi tərəfindən Fəxri diplom və medallara layiq görülmüşdü. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu. 2010-cu ildə həmin məktəbin motoatıcı ixtisasını bitirdi. 2010-cu ildən 2011-ci ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi oldu. Kursu bitirəndən sonra hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində xidmət etdi. 2011-ci ildən 2012-ci ilin ortalarına kimi Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib, 2014-cü ildən isə N saylı hərbi hissəyə Xüsusi Təyinatlı Qrup komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. Hərbi xidmətdə göstəriciləri nəzərə alındığından son dəfə Xüsusi Əməliyyat Briqadasının Xüsusi Əməliyyat taborunun qrup komandiri müavini vəzifəsinə təyin edilmişdi. Qardaşım Elnur İsgəndərovu bu səviyyəyə çatdırmaq üçün dövlət özü nə qədər xərc çəkmiş, vəsait xərcləmişdi. 2-5 aprel döyüşlərində görün bir neçə-neçə Elnur kimi cəsur və hazırlıqlı oğullarımız qurban getdi. Onların hər biri bir tabor əsgərə bərabər idi. Gör bir Ordumuz kimləri itirdi, belə igidlərlə ancaq qalib gəlmək olardı. Görəsən yenə də yetişəcəkmi onlardan… Vaxt azalır, vətən torpaqlarını azad etmək zamanıdır. Gözləmək bizə yaraşmaz. İstəmirəm ki, qardaşımın qanı yerdə qlasın. Elnur evə gələndə toy-bayram olurdu. Anam mətbəxdən çıxmırdı. Zarafatla qardaşım Seymur da, mən də deyirdik ki, ay ana, bu nə fərqdir qoyursan bizə. Anam deyirdi ki, ay uşaq, Elnur hər vaxt evdə olmur, siz həmişə yanımdasınız. Sizi istədiyim vaxt görə bilirəm… Lakin aprelin 10-na kimi hər gün telefonuna zəng etdik. Cavab vermədi qardaşım, o mənim zənglərimi cavabsız buraxmazdı. Hər bayramda, ad günümdə təbrik edərdi məni. Susurdu qardaşımın telefonu. Qardaşım şəkil paylaşmağı sevməzdi. Onunla eyni ildə ailə quran bir dostunun hələ övladı olmamışdı deyə, bizə də oğlu Elmanın şəklini paylaşmağa icazə vermirdi. Deyirdi ki, dostumdan ayıbdır.

Qardaşı Seymur İsgəndərov:

Alənin böyük oğluyam. Atam o hadisədən sonra özünə gələ bilmir. 70 yaşı olsa da, bu hadisə onu lap qocaltdı, taqətdən saldı. O xəbər çıxan gündən bu yollarda qaldıq. Qardaşımın cansız bədənini yalnız aprelin 10-u Qırmızı Xaç Cəmiyyətinin vasitəsilə ala bildik. O, bir kəşfiyyatçı idi. O, bir zabit idi. Həmişə könlündə Vətən gəzdirirdi. Bu torpaq üçün hər zaman canından keçməyə hazır idi. Və istəyinə də nail oldu. Nəslimizi-kökümüzü bir daha şərəf-şan yiyəsi etdi. Qardaşımla Vətən torpaqlarını azad edən bütün şəhidlərimiz və əsgərlərimizlə fəxr edirəm. Aprelin 11-i günü qardaşımı sevdiyi Vətən torpağına əmanət etmək üçün qapımıza bütün Azərbaycan gəlmişdi. Dostları da, qardaşımın dəfnindən sonra Oğuz-Şəki yolunun girəcəyi ilə üzbəüz dayananda silsiləsinin zirvəsinə çıxıb, Azərbaycanın üçrəngli bayrağını oraya sancdılar. Elnurun şəklini də o zirvəyə əmanət edib , adına “Elnur zirvəsi” dedilər.

Sevinc İsgəndərova qardaşı haqqında Şəki Bələdiyyəsinin qəzetində çıxan bir məqaləni də bizə vermişdi. O qəzetdə Elnur İsgəndərovun tarix müəlliməsi Bahar Cabbarovanın şəhid şagirdi haqqında xatirələri dərc edilmişdi. Müəllimə onu belə xarakterizə edib: “İndi cənab leytenant kimi çağırılan Elnur İsgəndərov məktəbimizdə oxuyanda da təmkinli, az danışıb, çox sual verən, çox öyrənən bir şagird oldu. Yaşıdları kompyüter və telefonla oyun oynayanda, o, Türk dünyasının qüdrətli hökmdarları, xaqanları, sərkərdələri haqqında bilgilər əldə etdi. Hun İmperatoru Mete xanın öz torpağını qorumaq, onun bir qarışından keçməmək mücadiləsindən və mübarizəsindən, qəhrəmanlığından xəbər tutdu. XI sinifdə oxuyanda “Ayağa dur, Azərbaycan” şeirini əzbərləmişdi. Dedi ki, müəllim mənim ruhuma bu şeir uyğun gəlir. Xocalı faciəsinin baş verməsinin 12 illiyini xatırlayan günümüzdə Elnur əynində əsgər paltarı, əlində avtomat monoloq söylədi. Sözünün sonunda yağı tapdağı altında olan torpaqların azad olunması uğrunda şəhid olmağı arzuladı… O zaman bu and 16 yaşı olan savadlı bir məktəblinin arzusu və ilk əsgər andı idi”.

Şəki şəhərindəki 21-ci rayon, Əlişir Nəvai küçəsindəki 10 saylı evdə dünyaya gəlib, bir məhəllənin, bir məktəbin, sonra bir taborun tanıdığı oğlan dönüb Azərbaycanın dillər əzbəri oldu. Bu yazını yazmağa hazırlaşarkən, gəlin Məlakə mənə bir yazı göndərdi. Yazdı ki, bu qayınanamın Elnura məktubudur. Sizinlə olanda danışa bilmədiklərini indi yazıb. Bir şəhid anasının əlləri əsə-əsə oğlu haqqında yazdıqları sətirlərdəki ağrını ölçmək üçün hələ ki, dünyada heç bir alim cihaz icad etməyib. Gülnar müəllimə mənə deyə bimədiklərini belə ifadə etmişdi: “2011-ci ilin dekabr ayında Elnur mənə zəng etdi. Dedi ki, ana məndən 6 ay xəbər tuta bilməyəcəksiniz. Ancaq narahat olmayın. Buralardayam. İnşallah salamat qayıdacağam. Mənə hər gün dua et, xeyir duanı əksik etmə. Mən özüm sizə zəng edəcəyəm. Bu, bizim üçün nə qədər ağır olsa da gözlədik. Bütün ailə üzvlərimizə tapşırdım ki, zəng edib, uşağımın dərsini pozmasınlar. Yoxsa ki, işdə bizə görə üzünə söz gələr. 2012-ci ilin iyun ayında Elnur zəng edib, Şəkiyə gəldiyini dedi. Görüşdük. Evimizdə də bayram idi, Elnur da elə sevincli görünürdü. Səbəbini soruşanda dedi ki, mən Xüsusi Təyinatlı Qüvvələr qrupuna keçmişəm. Bir ana kimi mənim üçün nə qədər çətin və ağır olsa da onun sevincinə sevinməyə bilməzdim. Elnur öz arzusuna çatmışdı. Ancaq sən demə bu, Elnurun əbədiyyətə qovuşmaq arzusunun başlanğıcı idi.”

Sabah Elnurun gözünün ilk ovu, 5 ay üzünü gördüyü oğlu Elmanın anası Məlakənin doğum günüdür. 25 yaşı olacaq. Elnursuz qeyd etməyəcək. Bu yazını Elnurun adından əbədi xatirə kimi Məlakə İsgəndərovaya hədiyyə edirəm. Məlakə, elə bil ki, Nüsrət Kəsəmənlinin bi şeirini də sənə Elnur yazır:

Ümidimi qopardılar,
Günəşimi apardılar.
Ürəyinə baxan olsa
Məni orda tapardılar.
Sarı gəlin.
Yollarımı qar alıbdır.
Bir səbəbi var, alıbdır.
İlk məhəbbət məktubları
Saçın kimi saralıbdır,
Sarı gəlin.
(Nüsrət Kəsəmənli)

Səninlə söhbət edəndə özün dedin ki, Elnur sənə “Güclü ol, heç vaxt zəif olma” deyirmiş. Bir də ki, sənin gözlərindən bir damla yaş tökülməsinə razı olmazdı, Elnurun, ay Sarı gəlin…

aznews.az

Short URL: http://www.cumhuriyyet.net/?p=65662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728