Bu kolbasaları almayın! – “Maddə 586”

01.06.2016 - 13:03

kolbasaQida rasionumuzda önəmli yer tutan kolbasaların keyfiyyəti vacib məsələdir. Xüsusilə ətin qiymətinin baha olduğu şəraitdə kolbasa məmulatlarının ucuz olması suallar doğurur. Hətta XVIII əsrdə yaşayan alman knyazı Otto fon Bismark deyirdi ki, kolbasa və siyasət – əgər onlardan həzz almaq istəyirsinizsə, necə hazırlandıqları ilə maraqlanmayın. Bu, həqiqət olsa da, yediyinin nə olduğunu bilmək hər kəsin haqqıdır.

Oxucularımıza bu işdə Publika.az-ın yeni “Maddə 586” layihəsi yardımçı olacaq.

Əvvəla bildirək ki, kolbasa müxtəlif ədəvalar, duz və piy qatılmış, bağırsaq və ya onun süni əvəzedicisinin içərisində preslənmiş ət farşıdır. Hər halda yarandığı ilk dövrlərdə kolbasa belə olub. Həmin dövrlərdə kolbasa insanlar üçün yeni dad demək idi. Eyni zamanda kolbasa qısa bir zaman kəsiyində dadlı nahar və şam yeməyi hazırlamağa, eləcə də, əti və ət məhsullarını uzun müddət saxlamağa geniş imkanlar yaradırdı.

Statistik göstəricilərə əsasən, Azərbaycanda satış mərkəzlərinin piştaxtalarına düzülən kolbasa məmulatlarının 80 faizi daxili istehsalın payına düşür. Təkcə car ilin iki ayında ölkədə 103 ton kolbasa məmulatı istehsal edilib. Ümumiyyətlə, rəqəmlər 2011-ci ildən başlayaraq kolbasa istehsalının artdığını deməyə əsas verir. Həmin ildə bu rəqəm 2,4 min ton, 2012-ci ildə 4 min ton, 2013-cü ildə 6 min ton, 2014-cü ildə 6,6 min ton təşkil edib.

Kolbasa insan orqanizminə tez təsir göstərir

İqtisadiyyat nazirliyindən verilən məlumata görə, kolbasa məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmalıdır: “Kolbasa istehsalına, saxlanmasına və satışına qoyulan müvafiq standart və tələblərə riayət olunması vacibdir. Çünki istehlak üçün hazır qida məhsullarından biri olan kolbasa termiki emaldan keçirilmədən (sosis və sardel istisna olmaqla) qəbul olunur və bu insan orqanizminə ciddi təsir göstərə bilir. Belə ki, kolbasa məmulatı müxtəlif növ ət və ət məhsullarından hazırlanır. Bu məhsulları hazırladıqda növ və çeşidindən asılı olaraq tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dad və rəngləyici maddələr, ədviyyat və s. əlavə edilir”.

Kolbasa alan zaman bunlara diqqət edin

Kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Belə ki, kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasa növlərinin qabığının üzərində kolbasanın ətinə keçməmək şərti ilə az miqdarda ağ kif hissəcikləri ola bilər. Belə kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır.

Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalar üçün xarakterik olan və qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalı, kənar maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməyən iy və dad hiss olunmamalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məlumatlar üçün xarakterik olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş yerlər olmamalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır”.

Necə hazırlanır?

Kolbasa bütün dövrlərdə mürəkkəb hazırlanma reseptinə malik delikates olub. Bir zamanlar onun hazırlanması xeyli vaxt tələb etdiyindən miqdarı az, qiyməti isə yüksək olub. Ötən əsrlərdə kulinarlar kolbasaya konyak, madera və ən yaxşı hind ədədvaları əlavə edirdilər. Hazırkı istehsala gəlincə, növündən asılı olaraq kolbasaların qiyməsi çox yumşaq və elastiki olur. Kolbasa reseptində məmulata əlavə qatışıqların-nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar. Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur ki, bu da onların qanunvericiklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.

Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir.

Kolbasa məmulatları necə saxlanmalı?

Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Belə ki, havanın nisbi rütubəti 75-78% olmaqla 0ºС-dən 6ºС-dək temperaturda bişmiş, bişmiş-hisə verilmiş kolbasalar 60 sutka,
yarım hisə verilmişlər 60 sutka, serviz doğramasında 20, porsion doğramalarda 30 sutka, batonlar 72 saat, paştetlər 24 saat, başqa bişmiş kolbasalar 48 saat, çiy-hisə verilmişlər 4 aya qədər, sosiska və sardelkalar 30 sutka saxlanıla bilər. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar əsasında müəyyən edilir. Belə ki, mənfi 9-7 dərəcədə yarım hisə verilmiş kolbasalar 3 aya qədər,
bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.

Xarab məhsul

Xarab olmağa başlayan bütün kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif dəyişmələrin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və suyun çoxalması, xoşagəlməz xarab olmanı göstərən başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdır. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almamalıdırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=65744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728