Bələdiyyə sədrinin və ərinin qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR

08.09.2016 - 13:41

rrBakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Prosesdə ilk olaraq şahid qismində Əli Məmmədov ifadə verib.
O, ifadəsində bildirib ki, Saray qəsəbəsində torpaq alıb və 6 min manat pul ödəyib. Bir müddət onun torpağının sənədləşdirilməsi gecikib. Buna görə də bələdiyyə sədri və Fədai ilə bir neçə dəfə görüşüb, sonradan aralarında anlaşılmazlıq yaranıb. Şahid deyib ki, sonradan torpağının sənədini ala bilib. İndi isə heç bir şikayəti yoxdur. Digər şahid isə Namiq Həsənov olub. O, ifadəsində bildirib ki, Saraydakı dostu vasitəsi ilə oradan torpaq alıb. Bunun üçün Saray bələdiyyəsində Vəsilə Əbilhəsənova ilə görüşüb.
“O, bizə dedi ki, sizə torpaq verəcəm. Sonra isə həmin torpaq sahəsi hərrac yolu ilə rəsmiləşdiriləcək. Biz deyilən torpağa baxdıq. Dostumla Vəsilə xanıma 56 min manat pul verdik. Fikrimiz var idi ki, həmin torpağı sonradan baha qiymətə sataq. Ancaq hərrac olmadı, pulumuz da batdı. İndi pulumuzu tələb edirik. Bununla bağlı həm prokurorluğa, həm də məhkəməyə müraciət etmişik” – deyə şahid bildirib. Məhkəmədə şahid qismində ifadə verən Saməddin Şabanov deyib ki, onun Saray qəsəbəsində 1 hektardan çox torpaq sahəsi olub.
Şahid deyib ki, torpaq almaq üçün bələdiyyə sədrinə pul verib: “Vəsilə xanım məni yanına çağırdı. Həmin torpağı satıb-satmamağımı soruşdu. Mən də ailə üzvlərimlə məsləhətləşib, torpaq sahəsini satmaq fikrinə gəldim. Sotunu 500 manatdan razılaşdıq. Vəsilə xanım 60 min manatdan çox pul göndərdi. Mən də notariusda torpaq sahəsini bələdiyyədə şöbə müdiri işləyən Ziyadxan Məmmədovun adına rəsmiləşdirdim. Sonra olanlardan xəbərsizəm”.
Bələdiyyənin Təsərrüfat Şöbəsinin müdiri Ziyadxan Məmmədov da ifadə verib. O, bildirib ki, bələdiyyə sədri və təqsirləndirilən şəxslə münasibətləri yaxşı olub: “Vəsilə xanım çağırıb dedi ki, mənim adıma 1 hektardan çox torpaq sahəsi keçiriləcək. Mən bunun qanuni olub-olmadığı soruşdum. O isə tam qanuni olduğunu və narahat olmamağımı dedi. Dedi ki, sən subay olduğun üçün alış-satış etmək daha rahatdır. Mən də razılaşdım və sənədlərə qol çəkdim. Torpaqlar satılanda Vəsilə xanım çağırırdı, gedib sənədlərə qol çəkirdim. Qiymətlərdən və pullardan xəbərim olmayıb. Hadisədən sonra bələdiyyədən işdən çıxdım. İndi adıma həmin torpaqlardan 50 sotu qalır”.
Hakim şahidə xəbərdarlıq edib ki, bu işlə bağlı cinayət işi olduğundan həmin torpaq sahəsinin satışı qadağandır. Prosesdə Fədai Hüseynovun qohumu Seymur Məmmədov ifadə verib. O, qeyd edib ki, istintaqa torpaq sahələrinin alqı-satqısı ilə bağlı çağırılıb. O, bələdiyyədə şöbə müdiri vəzifəsində çalışdığını açıqlayıb: “Mən o zaman bələdiyyədə tikinti şöbəsinin müdiri olmuşam. Özüm də Saraydan 30 sot torpaq almaq üçün Vəsilə xanıma 42 min 500 manat pul vermişəm. Həmin torpaq hərraca çıxarılacaqdı. Lakin sonradan pulum da qaytarılmadı”.
Hakim bildirib ki, iş üzrə 38 şahiddən 32-si dindirilib. Digər şahidlərin isə istintaqa verdiyi ifadələr qəbul edilib. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi 22 sentyabrda davam etdiriləcək.
Xatırladaq ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı baş verdiyi, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.
Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.

İ.Muradov, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031