Rəqsanə türkiyəli musiqiçiyə 16 min “atıb” və onu mafiya ilə hədələyir
Türkiyəli musiqiçi Caner Tepecik müğənni Rəqsanə İsmayılova ilə bağlı şikayət edib. Axşam.az-a açıqlama verən C.Tepecik ifaçı ilə işbirliyi qurduğunu, amma pulunu ala bilmədiyini deyib. O, bildirib ki, Rəqsanə mahnılarının hazırlanması üçün 16 min dollar ödəməlidir: “Azərbaycanda musiqiçi Hacı Nazim Məmmədovla çalışıram. 3 ay əvvəl Nazim mənə zəng etdi ki, sənətçi dostum var, onun 4 mahnısını aranjiman etmək lazımdır. Həmin ərəfədə çox işim varıydı, Emrahın serialının musiqilərini aranjiman edirdim. Nazimin sözünü yerə sala bilmədim, o, çox dəyər verdiyim, sözünə sadiq olan dostlarımdan biridir. Əlimdəki işlərə ara verib, gün ərzində iş saatımı 20-yə qaldırdım. 4 mahnını aranjiman edib, göndərdim. Nazimlə belə işləyirik ki, mahnını aranjiman edib göndərirəm, pulun yarısını mənə ödəyirlər. Aranjimanı dinləyib, geri göndərir, üzərinə başqa musiqi alətlərini canlı çaldırıb hazırlayıram, 1 gün sonra pulum butöv formada ödənilir.
Bir mahnını normal halda 3-4 günə hazırlayıb bitiririk. Mən pulumu aldıqdan sonra, müğənni istədiyi vaxt oxuya bilər. Rəqsanə xanıma 4 mahnı hazırladım. Nazimin sözünü yerə sala bilmədiyim üçün mahnını göndərdim, pulun yarısı ödənilməliydi, olmadı. Mən mahnını tam hazırlayıb verdim. 1 ay sonra mənə pulu bütöv ödəyə bilməyəcəyini, hər həftə bir az verəcəyini dedi. Nazimdən soruşdum, o da kömək etməyimi istədi. Rəqsanə xanımın bu istəyi ilə də razılaşdım. Etdiyim işin yarısının yarısından az – 2500 dollar ödənildi. Ümumilikdə 16000 dollar ödənməlidir”.
C.Tepecik R.İsmayılovanın ona hədə-qorxu gəldiyini bildirib: “Mən də hər dəfə Nazimə zəng edirəm. Musiqiçi adamam, duyğusal insanam, özümü pis hiss etməyə başladım. Bundan əvvəl nə Nazimlə, nə də İstanbulda başqa müğənni ilə belə hadisə yaşamamışam. Türkiyənin ən məşhur simaları ilə işləmişəm, bu cür hərəkət görməmişəm. Əlimdəki bütün işi atıb, Rəqsanə xanıma xidmət göstərdim. Pulum hələ də ödənilmir. Hər dəfə bir bəhanə uydurdu, hər dəfə “yaxşı” dedim, beləcə, 3 ay keçib.
Nazimə zəng vurub dedim ki, xəbərin olsun, Azərbaycanın Türkiyədəki səfirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət edəcəyəm. Rəqsanə xanım bunu eşidəndə, bizi mafiya ilə hədələdi. Nazimə dedim ki, qardaşım, bəlkə biz səhv edirik, bizə borcu olan odur, yoxsa biz ona pul verməliyik? Dostum mənim yanımda çox pis vəziyyətə düşdü, kaş bu halı yaşamazdıq. Amma buradan da deyirəm, Rəqsanə xanımla bağlı lazımi orqanlara müraciət edəcəyəm”.
Musiqiçi əlavə edib ki, o, Azərbaycandan Abbas Bağırov, Zarina, Elton, Röya Ayxan, Günay İbrahimli kimi müğənnilərlə çalışıb, heç biri ilə problem yaşamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=75532