Prezidentlər də insandı – dünya liderlərinin söyüş və qeybətlərindən faktlar, FOTOLAR
11.09.2016 - 14:36
Prezident, nazir, qubernator, deputat… Ölkənin və ya onun hansısa bölgəsinin birinci şəxsləri… Dövlətin və xalqın adından danışmaq səlahiyyətini onlara məxsusdur…
Bu adamları digərlərindən fərqli edən çox şeylər var. Ən əsası, bu şəxslər başqalarından fərqli olaraq atdıqları hər addıma, ağızlarından çıxacaq hər cümləyə diqqət etməyə məcburdurlar. Çünki onların söylədikləri hər söz təmsil etdikləri dövlətin və ya bölgənin adından deyilmiş olaraq qəbul edilir.
Bu səbəbdən, ilk növbədə prezidentlər bütün hallarda şəxsi hisslərini nitqlərinə yansıtmamağa çalışırlar.
Çünki adi insanlardan fərqli olaraq ölkə başçılarının senzuradan kənar ifadələr işlətməsi daha böyük hay-küyə və aylarla davam edən skandallara səbəb olur.
Lakin məşhur bir ata sözündə deyildiyi kimi, ”söz ki ağzından çıxdı, artıq sənə məxsus deyil”…
Musavat.com xarici mətbuata istinadən dövlət adamları ilə bağlı bu tip qalmaqallı olaylardan bəzilərini oxuculara təqdim edir.
****
Yəqin ki, Filippinlərin prezidenti Dutertenin ABŞ dövlət başçısı Barak Obamanı söyməsinin şoku sonuncunun canından hələ çıxmayıb.
Yeri gəlmişkən, bu hadisə Filippinlərin “Asiya Trampı” adlandırılan rəhbərinin çıxardığı ilk hoqqa deyil.
Duterte hələ Davao şəhərinin meri olarkən Roma papasını belə təhqir etməkdən çəkinməyib.
Papanın 2015-ci ildə ölkəni ziyarəti zamanı Duterte sosial şəbəkədə onun gəlişini bu sözlərlə təsvir etmişdi: “Biz yol tıxaclarından şoka düşmüşdük. İş yerinə 5 saat gedib çata bildim. Bunun səbəbini soruşanda mənə Papanın gəlişi münasibətilə yolların bağlı olduğunu dedilər.
Həmin vaxt mən papaya zəng edib ona: “Papa, it oğlu it, cəhənnəm ol get evinə və bir də buralara gəlmə”, demək istəyirdim”.
Doğrudur Duterte daha sonra şəxsən Romaya gedib papadan üzr istəyəcəyini söyləsə də, məktub göndərməklə kifayətləndi.
****
Bir neçə ay bundan qabaq Odessa qubernatoru Mixail Saakaşvili və Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun bir-birlərinə ağızlarına gələni deməsi yəqin ki, hamının yadındadır.
****
Bu ilin aprelində Almaniya jurnalisti Yan Bermanın televiziya efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqir dolu şer səsləndirməsi iki ölkə arasında beynəlxalq skandala səbəb oldu.
Bu cür “zarafatlara” həmişə sərt reaksiya verməsi ilə tanınan Ərdoğan alman jurnalisti məhkəməyə verdi.
Həmin vaxt Türkiyə ilə onsuz da pis olan münasibətləri daha da mürəkkəbləşdirmək istəməyən Merkel də jurnalistin hərəkətlərini təqdir etmədiyini bildirdi.
May ayının 17-də Hamburq Torpaq Məhkəməsi Bermanın söylədiyi cümlələrin əksəriyyətinin yolverilməz olduğu barədə hüquqi qiymət verdi. Lakin əhvalat bununla bitmədi. Alman komikinin Ərdoğan əleyhinə başlatdığı kampaniya ölkənin hər yerində dəstək gördü. Hətta Türkiyə prezidenti haqqında satirik şerlər yazılması ilə bağlı müsabiqə də elan edildi.
Həmin müsabiqənin qalibi isə…Böyük Britaniyanın indiki xarici işlər naziri Boris Conson oldu… Conson təhqirdə bir az da irəli gedərək, Türkiyə prezidentini heyvanlarla cinsi əlaqədə olduğunu təsvir edən şer qoşmuşdu.
Qeyd edək ki, Boris Conson həmin vaxt Londonun meri vəzifəsini tuturdu. İndi hamını hazırda Britaniyanın xarici siyasət idarəsinin başında duran bu adamın Ərdoğanın sifətinə necə baxacağı maraqlandırır …
****
2006-cı ilin sentyabrında Venesuelanın mərhum prezidenti Uqo Çaves BMT tribunasında əsl ictimai qalmaqal yaratdı. BMT-nin Baş Assambleyasının 61-ci sessiyasında çıxış edən Çaves dünyanı “ABŞ xalqının və dünyanın bütün insanlarını başlarının üstündə duran bir qılıncdan qurtulmağa” çağırdı. Uqo Çavez qılınc deyərkən ABŞ prezidenti Corc Buşu nəzərdə tutduğunu heç gizlətmədi də.
Çavesin nitqi isə Şekspir pyeslərindəki monoloqa bənzəyirdi: “İblis burada idi! Dünən o, bax mənim bu durduğum yerdə dayanmışdı! Burdan indi də kükürd qoxusu gəlir. Amerika Birləşmiş Ştatlarının prezidenti- budur şeytan, bizimlə elə danışır ki, sanki dünyanın ağasıdır…..”
Yeri gəlmişkən Çaves ABŞ-ı iblis adlandıran yeganə lider deyil. Xatırladaq ki, İranın mərhum dini lideri ayətullah Xomeyni də 1979-cu ilin noyabrın 5-dəki nitqində ABŞ-ı “Böyük şeytan”, “SSRİ-ni isə “balaca şeytan” adlandırmışdı. SSRİ dağıldıqdan sonra onun titulu İsrailə keçdi.
****
Prezidentlərlə bağlı qalamaqalların bəziləri isə əsasən onların ictimai yerlərdə, rəsmi görüşlərdə, mətbuat konfranslarında ya mikrofonu, ya da telefonlarını söndürməmələri ucbatından gəlir.
Məsələn, Fransa prezidenti Jak Şirakın 2005-ci ildə Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Gerhard Şröderlə söhbət zamanı: “Britaniyalıların Avropa kənd təsərrüfatına yeganə töhfəsi quduz inək xəstəliyidir. Olduqca pis mətbəxə sahib olan adamlara etibar etmək olmaz. Britaniya, Finlandiyanı saymasaq dünyada ən bərbad yeməklərə malikdir”, cümləsini eşitməyən qalmamışdı.
Lakin Şirakın cümləsi bununla bitməmişdi. O, prezidentlərə NATO-nun keçmiş baş katibi (həm də Britaniyanın keçmiş müdafiə naziri) Lord Robertsonla etdiyi nahar barədə də danışıb. Həmin vaxt Lord Robetrson onu Şotlandiya yeməyinə qonaq edibmiş. Şirakın həmin yeməkdən qalan təəssüratları o qədər pis olub ki, bunu Almaniya və Rusiya liderləri ilə neqativ ifadələrlə paylaşmağı unutmayıb. Lakin Fransanın qurman prezidentinin britaniyalıların mətbəx zövqü barədə düşüncələri olduğu kimi qəzetlərin səhifələrinə köçürülüb.
****
Mikrofon Fransanın növbəti prezidenti Nikola Sarkozinin də başına oyun açıb. Sarkozi yanındakı mikrofonun açıq olmasından xəbəri olmadan ABŞ prezidenti Barak Obama ilə söhbəti zamanı İsrail baş naziri Benyamin Netanyahu haqqında “ürək sözlərini” ifadə edib: “Bu adamı görməyə gözüm yoxdur, o yalançıdır”. Qeyd edək ki, Sarkozi həmin vaxt ABŞ prezidentini də “işə salıb”. Görünür, Fransa prezidenti Barak Obamanın da yarasını təzələyibmiş: “Elə bilirsən ki, o bircə sənin zəhləni tökür, mən isə hər gün onunla söhbət etməli oluram”…, deyə ABŞ prezidenti fransalı həmkarı ilə bu məsələdə həmrəy olduğunu göstərib.
Sonralar Fransa xarici işlər nazirliyi İsrail hökumətinin başçısı haqqında Sarkoziyə aid edilən bu sözlərin iftira olduğu barədə bəyanat yaymağa məcbur olmuşdu.
****
2013-cü ilin aprelində Uruqvay prezidenti Xose Muxika mikrofonun açıq qalmasını unudub öz köməkçisinə xitabən: “Bu qoca ifritə çəpgözdən daha pisdir”, cümləsini işlətmişdi. Uruqvay prezidentinin bu sözləri kimin haqqında söylədiyi heç kimdə şübhə yeri buraxmamışdı. Həmin vaxt Uruqvayla Argentina arasında münasibətlər olduqca gərgin idi. Argentinaya isə xanım Krisitina Fernandes Kirşner rəhbərlik edirdi. Onun mərhum əri, keçmiş prezident Nestor Kirşner isə həqiqətən çəpgözlükdən əziyyət çəkirdi. Skandaldan qaçmaq üçün Muxika bu sözləri Mia Kirşner haqqında demədiyini söyləməyə məcbur olmuşdu.
Vaqif Hüseyn, Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=75642