Təhsilin kitab biznesi…

19.09.2016 - 15:47
jaleAna dilindən, riyaziyyadan, informatikadan, texnologiyadan, rəsmdən, musiqidən, ingilis və rus dilindən, hətta bədən tərbiyədən iş dəftəri. Qiymətləndirmə, didaktik materiallar kitabı. Yarpaq testləri, min sual, uç min sual tapşırıq kitabları, müxtəlif siniflər üçün testlər, rus, ingilis dili dərslikləri, sinifdən xaric oxu üçün məktəbin sifarişi ilə alınan digər kitablar, üstəlik, bəzi hallarda yeddi saatlıq dərs sistemi, bunu hətta öz kefinə görə səkkiz saatla əvəzləyən məktəb direktorları da var. Sinif otağına elektrik lampası, A4 formatda kağız, fond pulu, hər il alınan təzə dispenser, süpürgə, mühafizəçi pulu və sairlər.
Bütün bu sadalananlar Azərbaycan təhsilinin və məktəblərinin güzgüsüdür. Lap istəyirsiniz,  mən də qoşulum sizə, götürüb birlikdə sındıraq o güzgünü, deyək ki, yoxdur elə şey. Amma güzgünün sınması heç bir halda faktı fakt olmaqdan çıxarmır. Sadəcə,  daha görmürük. Əslində isə situasiyanı dəyişmək lazımdır və mümkündür. Yoxsa problemi görməzliyə vurmağa nə var ki?..
Bunu yazan, göstərən, deyənə toxunmaqla məsələ bitmir, cənablar. Bir də məsələ və problem siz deyən adamlıq da deyil. Yəni Mikayıl Cabbarovluq. Bunu “adam işinin öhtəsindən gələ bilmir” kimi yozanlar da olacaq, bilirəm. Amma deyim ki, sınanmış bir hal da var. Bir balaca ziyalısansa, heç vaxt yırtıcı xislətə qalib gələ bilməzsən. Yəni Mikayıl müəllimin durumu bu gün belədir.
Verilən əmrlərə, tapşırıqlara münasibət onu göstərir ki, düzünə qalsa elə Mikayıl Cabbarov özü də oralıq adam deyil. Başqa sözlə, məktəblər bizi nə yerə qoyublarsa, Mikayıl müəllim də o yerdədir.
Bəs indi oralıq olan varmı? Bu da qəliz sualdır. Çünki Təhsil Nazirliyinin dəftərxanasından tutmuş irili-xırdalı bütün şöbələrində, məktəblərdə illərdir elə sistem qurulub ki, oranı bu dəfə sözün yaxşı mənasında yırtıcı biri düzəldə yox, daha çox batmaqdan xilas edə bilər.
Düzəlməsi isə illərin məsələsidir. Bu gün üzdə olan məmurlar arasında beləsi yoxdur. Çünki orda, təhsil sistemi və nazirliyində vəziyyət narazı olduğumuz güc strukturlarından, vergi və gömrük orqanlarından daha ağırdır. Öz aramızdır, indi kimin nəyinə lazım belə cəncəl duruma salınan quruma rəhbər gedə. Adı da bacarıqsız qoyula sonradan. Nə isə, bu, bir qədər də siyasi məsələdir. Bizi maraqlandırsansa məsələnin sosial tərəfidir.
Çünki kiminsə bacı və qardaşı, xanımı, qohumu olan məktəb direktorlarının nəşriyyat rəhbərləri ilə qurduqları kitab biznesinin ailələrə və təhsilə, o cümlədən cibimizə vurduğu ziyan daha böyük təhlükədir. Başa düşmək olar biz pul qazanmağa, pul əldə eləməyə maraqlı, meyilli millətik. Hətta pul hərisliyimiz bəzən o həddə çatır ki, millət və dövlət üçün ən vacib məsələyə də “cəhənnəmə ki” deyənlər tapılır aramızda. Bax təhsilin kitab biznesini quran, idarə eləyən və qazanan iş adamları yox, işbazlar məhz həmin o “cəhənnəmə ki” deyənlərdəndirlər.
Biz o kitabları alırıq, amma övladımızın çantasına yükləyib kürəyində məktəbə daşıtdırmaq adama vicdan əzabı yaşadır. Çünki xeylisinin ilboyu arası belə açılmır. Bu bir yana, bir ay keçər-keçməz yeni sifarişlər gəlir, filan kitabın sarı üzlüsünü də alın, gündəliyin karton üzlüsünü gətirin və sair…
Almırsan, uşağın yanında üzüqara olursan, alırsan, məktəb yeni və daha əndrabadi təkliflərlə yollayır uşağı evə ertəsi gün. Qalırsan ki, neyləyəsən… Müraciət edəcək yerin, ünvanın, qurumun sözünü sayan kimdir ki?!..
Az qalırsan o direktoru və ya direktorları təyin etdirən məmur qohumunu tapıb deyəsən ki, atam-qardaşım, bəlkə bəsdir və ya ayıbdır bəlkə?!.. Onda da utanırsan.  Çünki mütləq sənə deyəcəklər ki, adam çörəyə bais olmaz. Susub dayanırsan. Düşünürsən ki, nə əla məmləkətdir, çörəyə bais olma, amma o çörəyinə bais olmadığın qoy sənin ölkənin taleyinə bais olsun. Oturub yazırsan, düşünürsən, bəlkə oxudular. Ümid eləyirsən, kimsə anlayacaq ki, marketinq, alıb-satmaq, başqa sözlə, rahat qazanc əldə eləmək əsas məsələ olduqca məmləkət batır. Bir də biz o yöndən batırıq ki, faciə və fəlakətlər ölkələrə məhz o olmayanda rahat daxil ola bilirlər. Söhbət bir ölkənin uşağının, gəncinin, yeniyetməsinin savadından, təhsilindən gedir.
Bu boyda vacib məsələni qoyub pul dalıyca necə qaçmaq olar ki?!..  Qaç və qazan. Ölkə viran olanda dünyanın heç yerində o pulu xərcləyib, kef eləyə bilməyəcəsən axı. Dünyanın harasında olursan ol, məmləkətin viran qalanda elə biləcəksən ki, dünya dağılıb, sən altında qalmısan. Bunu yaşamamış da anlamaq olar. Yolu məmləkəti sevməkdən, bircə faiz canıyanan olmaqdan keçir. O da ola bilsək.
Qalan bütün hallardan bu gün məktəblərdəki kitab biznesi alverçilikdən, başqasının cibinə soxulmaqdan, adamları istismar etməkdən, məcburiyyət qarşısında qoymaqdan başqa bir şey deyil.
Bir də ki, daha dəhşətli bir məqam var. Təsəvvür edin, bir oğlan uşaq var qarşınızda. Bütün tətili barama artlayıb ana-atası üçün. Söz alıb ki, ayağına ayaqqabı alacaqlar yeni dərs ilində. Ala bilməyiblər. Atasına üsyan edib o yeniyetmə, özünü asıb…
İndi bir də bir qız uşağı düşünün, yaza bilmir, oxuya bilmir, çünki paltar və kitab almağa pulu olmayıb ailəsinin. O qızın işi arvadlıq öyrənmək olub anasından, nənəsindən, bir də qorşu Suğra arvaddan. On üç yaşından sonra qonşu Suğra arvad başda olmaqla hamı ona ər axtarır. On beş yaşında ərə verib, arvad eləyirlər onu. Adını yaza, oxuya biməyən arvad.
Baxın, Azərbaycanda bu statistika günbəgün artır. Özünü asan cahil yeniyetmələr və uşaq doğan bisavad arvadlar ordusu yaranır. İnsanların cibinə girmək bizi və bu ölkəni sonda bisavad anaların doğduğu uşaqlara və intihara hazır olan canlı bombalara təhvil verəcək. Bu mənzərə canlı yaranmadan onu görmək lazımdır, cənab məmurlar.
Bir də eşitdiyim və bildiyim qədəri ilə Təhsil Nazirliyi səviyyəsindən əsas dərslikdən əlavə digər vəsaitlərin alınması  və ya valideynləri almağa məcbur etmək halları qadağan olunub. İndi belə çıxır ki, ya bu görüntü üçün deyilmiş sözdür, ya da Təhsil Nazirliyi haralarasa bildirmək istəyir ki, verdiyimiz qərarlara məhəl qoymayan, bizi saymayanlar var. Əgər belə mesaj varsa onu mütləq görmək lazımdır. Günki görməzdən gəlmək iyirmi il bundan sonramızı böyük sual işarəsi qarşısında qoyur…
Jalə Mütəllimova
Musavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031