Aşura və küçə yürüşlərinin qadağasına tanınmış yazarlardan münasibət
Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkilinin məqsədəuyğun olmadığını vurğulayıb. “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağan olub”.
Mövzu ilə bağlı ölkənin tanınmış yazarları arasında sorğu keçirdik.
Yazıçı, naşir Rasim Qaraca bildirib ki, Azərbaycan mədəniyyətlərin toqquşduğu coğrafiyadır:”Burada Qərb dəyərləriylə, Şərq dəyərləri üz-üzə gəlib. Aşurada yüksək ideallıq var. Lakin atributları köhnədir. Baş yarmaq, zəncir vurmaq qeyri-mədənidir. Müasirləşməyi bacarmayan dəyər tarixə qovuşmaq məcburiyyətindədir. Və bizim respublikamızda liberal dəyərlər hakimdir. Tarixi prosesdə biz yeni bir millət kimi meydana çıxmışıq və köhnə dəyərlərlə demək olar ki, əlaqələrimizi itirmişik. Nəticədə bizim öz milli imamlarımız meydana gəlib: Məmmədəmin Rəsulzadə, Əhməd Ağaoğlu, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə”.
Yazıçı, şair Şərif Ağayar qeyd edib ki, dövlət strukturlarının hansı məqsədə qərar qəbul etdiklərini bilmir:”Düşünürəm ki, ekstrimal küçə yürüşlərinə ehtiyac yoxdur. Şəhərin vəziyyəti də bunu tələb edir. Biz hüquqi dövlətik. Dini ayinlərin bu dərəcədə qabarıq olması doğru deyil. Hər kəsin ayinlərinə sayqımız var. Bunun keçrilməsi üçün də yerlər ayrılır”.
Yazıçının fikrincə, aşura tarixi konteksindən çıxarılmış şəkildə qeyd olunur:”Həzrət Əli və onun övladlarının çox böyük şəxsiyyətlər olduğunu düşünürəm. Tək Şərqin deyil, dünyanın böyük siması kimi düşünürəm. Bütün inanc məsələlərini kənara qoyub, sırf tarixi və reallıq konteksindən götürərək İmam Hüseyni öz inamı və bildiyi həqiqət üçün hər şeyindən keçməyə hazır olan bir şəxs kimi qiymətləndirirəm.İstənilən bir insana və bütün tarixi şəxsiyyətlərə nümunə göstərmək olar. Bu mərasimi qeyd etməyin əlehinə deyiləm. Sadəcə küçədə ekstirimal vəziyyətin yaranmasını, hay-küyü, baş yarmağı məqbul hesab etmirəm. İmam Əli və övladları elm adamı olublar. Məsələyə soyuq qanlı və təfəkkürlə yanaşmaq lazımdır. Emosiyalarla yanaşmaq olmaz”.
Köşə yazarı Zamin Hacı belə mərasimlərin qadağan olunmasının düzgün hal olmadığını deyib:”İnsanların dini etiqad azadlığını və öz hisslərini bildirmək hüququnu pozmaqdır. Ümumiyyətlə insanların dini etiqadından asılı olmayaraq qruplar halında birləşib yürüşlər keçirmək, kütləvi toplaşmaq hüququ var. Bu da o hüquqlardan biridir. Onun məzmunun necə olması bizim üçün əhəmiyyət daşımamalıdır. Əgər orda qanunsuz və başqa insanların həyatına təhlükə törədəcək hal yoxdursa niyə yürüş keçirməsinlər? Bu ölkəni qəbristanlıq kimi idarə etməyin növbəti bir halıdır. Yalansız sabitliyin bir təzahürüdür.
Aşuranın, kiminsə kiməsə yas saxlamağının mənə heç bir dəxli yoxdur. Dövlətin ayırdığı və təhlükəsizliyin təmin olunduğu küçədə onlar yürüş keçirəcəksə bunun mənə nə dəxli var? Qoy etsinlər. Bu, sadəcə olaraq dövlətin tənzimləmə funksiyasına gücü çatmayıb, qadağan etməyə əl atmasının bir növüdür”.(Qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=77930