“Təklif edilən tibbi sığorta paketi ajiotaja səbəb olacaq”
“Azərbaycanda yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq. İllik sığorta haqqı isə 100 manatdan artıq olmayacaq.”
Bu sözləri İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov açıqlamasında bildirib. Vüqar Qurbanovun sözlərinə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.
Tətbiq ediləcək tibbi sığorta paketinə daxil olan xidmətlərin sayı ilə dəyəri nə dərəcədə düzgün hesablanıb? İnsanların pulsuz tibbi sığortadan faydalana biləcəkmi? Bu sualları cavablandıran iqtisadçı ekspert Azər Mehtiyev Qaynarinfo.Az-a bildirdi ki, 1800-dən çox xidmətin daxil olması və 100 manat dəyərində olan paketlə insanlar xəstəxanalara getməsi çox ciddi axın yaradacaq və ajiotaja səbəb olacaq:
“İcbari tibbi sığorta uzunmüddətli islahatlardan biridir. Heç bir ölkə qısa müddətə icbari tibbi sığortanın mükəmməl tətbiqinə nail ola bilməz. Təbii ki, islahatlar keçirən dövlət qarşısına hədəflər qoyur. İcbari tibbi sığortanın uğur qazanması paketə daxil olan xidmətlərin düzgün müəyyən olunması və onun dəyərinin müəyyən məsələsidir. İndi də dövlət büdəcsindən səhiyyəyə vəsait ayrılır və həmin vəsaitlərdən əhalinin faydalanma səviyyəsi çox aşağıdır. Əslində, bu gün dövlət büdcəsindən ayrılan vəsait adambaşına heç 100 manat da deyil, 80-90 manat arasında dəyişir. Amma Azərbaycanda tibbi xərclərin 70 faizi əhalinin cibindən ödənilir. Bu onu göstərir ki, dövlətin əhali üçün ayırdığı vəsaitdən vətəndaş faydalana bilmir. Bu gün həkimlərin də əmək haqqlarının aşağı olması onu göstərir ki, onlar da əhalinin cibi hesabına dolanır. Əhalinin ayrılan vəsaitdən istifadə edə bilməməyinin səbəblərindən biri də budur ki, insanlar onlara ayrılan vəsaiti heç vaxt görmürlər. Dövlət büdcəsindən 20 milyon manatdan çox pulsuz dərman təminatı üçün vəsait ayrılır və pulsuz dərman təminatından əhalinin böyük hissəsi yararlana bilmir.
Dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliliyinin artırılmasının yolu tibbi sığortadan keçir. İnsanlara tibbi sığorta polisi veriləcək ki, həmin sığorta polisi vasitəsilə insanlar hansı xəstəxanada müalicə alacaq. Bu baxımdan, paketə daxil ediləcək xidmətlərin sayı ilə xidmətlərinin qiymətlərinin uyğun olması çox önəmlidir. 1800-dən çox xidmətin daxil olması və 100 manat dəyərində olan paketlə insanlar xəstəxanalara gedərsə, bu çox ciddi axın yaradacaq. Heç bir ödəniş etmədən xəstəxanaların bu xidmətləri yerinə yetirməsi ajiotaja səbəb ola bilər. Bu cür hallara ayrı-ayrı ölkələrdə şahid olmuşuq. Proses yenə əhalinin ciblərindən ödənişi ilə üzləşə bilər və islahatlar uğursuzluğa düçar ola bilər. Sığorta paketinin həcmi öncədən dəqiqləşdirilməlidir və bu ödənilən vəsaitin miqdarına uyğun olmalıdır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=77948