Həyatı faciəyə çevrilmiş qadın: “Məni bura Gülər Əhmədova gətirdi”

10.10.2016 - 12:10

1“Bəzən saatlarla oturub fikirləşirəm: mən harada səhv buraxdım ki, həyatın bu qədər dibinə yuvarlandım? Amma öz sualıma cavab tapa bilmirəm…”

Deyirlər, hər bir insanın taleyi doğulmamışdan öncə yazılır: Nələrlə üzləşəcəyi, necə yaşağacağı, hansı günahları, yaxud savabları qazanacağı, hələ özü dünyaya gəlməzdən əvvəl “alın yazısı”nda qeyd olunur.

Amma o da deyilir ki, insana bir seçim hüququ da verilir. Ki, ağlı-düşüncəsi ilə öz həyatını daha yaxşı qursun. Və bu seçimi doğruya yönəldənlər də olur, yanlışa istiqamətləndirənlər də.

Sona xanım (ərinin soyadını daşıdığı üçün bilinməsini istəmir) taleyinə boyun əyərək, həyatını pis-yaxşı yaşamağa çalışıb. Ailə həyatını gec qurub — 36 yaşında. Həm də istəmədən və arzulamadan…

“Təmiz Dünya” İctimai Birliyinin qadın sığınacağının ən yaşlı üzvüdür Sonaxanım. Söhbətə başmazdan öncə “şəkilərimi də çək, onsuz da artıq itirəcəyim heç nəyim yoxdur” deyın bu xanım, əslən Masallı rayonundan olsa da, ailə qurandan sonra, Abşeron rayonunun Saray qəsəbəsinə köçüb. Və buradakı ev-eşiyi yanandan sonra, həyatını yenidən qurmağa imkan olmadığı üçün, qadın sığınacağa üz tutub.

“Hazırda ailəliyəm. Həyat yoldaşım məndən yaşca xeyli böyükdür. Bizə sahib çıxır. Hətta gəlmişdi ki, bizi aparsın. Amma mən onun kürəkəninə görə o evə qayıtmaq istəmirəm. Mənim qızım da var, istəmirəm o evə qayıtmaq. Amma sığınacaqda da qala bilmirəm”, — deyir qadın.

Həyat yoldaşı özündən çox yaşlı olsa da, Sona xanım ondan heç vaxt narazı qalmadığını bildirir: “Onun 5 uşağı var. Amma mən o uşaqlara analıq kimi getməmişəm. Mən o kişi ilə ailə həyatı qurandan sonra onu evdən qovmuşdular, tək yaşayırdı, orda-burda qalırdı. Sonra uşaqları yavaş-yavaş onun ətrafına yığımağa başladılar”

18 ildir ailə həyatı quran Sona xanımın bir qızı var. Sığınacağa düşməsinə gəlincə: “Evdə söz-söhbət yarandığı üçün qızımı götürüb evdən çıxdım Gördüm, sayılmıram, sözüm keçmir, çıxdım evdən”.

Qızını Cəlilabada qohumlarıgilə qoyub Bakıya qayıdır. Çalışırmış ki, Prezidentin qəbuluna düşsün. Bakıya qayıtdığı həmin gün işləri alınmayan qadın gecəni küçədə qalır. Gecə saatlarında küçədə oturub ağlayırmış. Və bu vaxt qarşısında bir avtomobil dayanır: “Bir qadın düşdü maşından, soruşdu ki, “nə olub?”. Dedim, ölmək istəyirəm. Məni götürüb bura gətirdirlər. Sonradan bildim ki, həmin qadın deputat Gülər Əhmədova imiş”.

Həyat yoldaşı onun arxasınca gəlir, Sona xanıma və onunla birgə sığınacaqda qalan qızına sahib çıxmaq istəyir. Amma qadın ərinin uşaqları və kürəkəni ilə bir evdə yaşamaq istəmir. Dünya onun başına dar imiş, hətta Qurban bayramı günü canına qəsd belə, etmək istəyib.

Hazırda qızının 15 yaşı var: “Bu həyatda təkcə qızım üçün narahatam. Yoldaşım çox yaşlıdır, gözləri də görmür. Mən onunla dalaşsam da, vuruşsam da, yola gedirdim. O, bizi atmırdı. Amma evimiz yanandan sonra qaldıq ortalıqda. Hətta şayiə də yaydılar ki, guya, evi mən yandırmışam. Amma mənim günahsız olduğum sübut olundu”.

O, sığınacaqda da qala bilmir: “Artıq o yaşdayam ki, rahatlıq istəyirəm, başım hay-küy götürmür. Burada da çox adam var. Heç bilmirəm, necə edim…” Onun hazırda 54 yaşı var. İşləmək, qızı ilə özünə yeni həyat qurmaq, qızına təhsil vermək istəyir: “Amma nə iş tapa bilirəm, nə də çıxış yolu. Bəzən saatlarla oturub fikirləşirəm: mən harada səhv buraxdım ki, həyatın bu qədər dibinə yuvarlandım? Amma öz sualıma cavab tapa bilmirəm…”.(Sputnik.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31