“Hərbi hissədə vərəmə yoluxub gəldi”

12.10.2016 - 17:56

20106c6e-0120-4f7a-a21a-65ec8df90d8b_w987_r1_s“Əsgərin çənəsi yerə dəyməyənədək müalicəyə göndərilmir”

Lənkəranın Liman kənd sakini Sadiq Abdullayev AzadlıqRadiosu-na danışır ki, oğlu Elşən Kazımlı 2015-ci ilin yanvarından Pirəkəşküldəki hərbi hissədə əsgəri xidmətə başlayıb. 12 ay 24 gündən sonra ağciyərin vərəmi diaqnozu ilə Ələtdəki hospitala aparılıb. 3 ay 10 gün orada qaldıqdan sonra dispanser qeydiyyatına alınaraq “sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı” sayılmaqla Lənkəran rayon şöbəsinin sərəncamına yazılıb və evə buraxılıb.

Ata deyir, Elşənin səhhətində problemlər yaranan ilk vaxtlar tədbir görülsəydi, vərəm xəstəsinə çevrilməzdi:

“DURUMU AĞIRLAŞANDA HOSPİTALA GÖNDƏRİBLƏR”

“Bu vərəm elə bir xəstəlikdir ki, öncə əlamətləri üzə çıxır. Elşəndə də qızdırma, halsızlıq olub, qan tüpürüb, ancaq vaxtında diqqət göstərilməyib. Durumu tamam ağırlaşanda hospitala göndərmək haqqında düşünüblər. Yəni məsələni aylarla uzadıblar, hərbi xidməti başa vurmağa 5 ay qalmış hospitala göndəriblər, bunun da 4 aya yaxınını hospitalda qalıb. Əsgərlik başa çatana 1 ay qalmış evə buraxıblar. Onun vərəm xəstəsinə çevrilməsinin səbəbkarı əsgəri çənəsi yerə dəyənədək hərbi hissədə saxlayan komandirdir. Aylarla oğlumla əlaqə saxlaya bilməmişik. Nəhayət, 2015-ci il dekabrın 25-də narahat qalıb hərbi hissəyə getmişik, orda bilmişik ki, onu ağır vəziyyətdə hospitala götürüblər. Əsgər yerdən çıxmayıb, bunun ailəsi var, komandirin borcudur ki, vəziyyəti ağırlaşan əsgərin ailəsinə dərhal xəbər eləsin. Bəlkə elə hospitalda öləydi…”

20 yaşlı Elşən hazırda Lənkərandakı vərəm dispanserində qeydiyyatdadır, müalicəsini davam etdirir. Atanın deməsinə görə, bundan sonra Elşənin əmək fəaliyyəti ilə məşğul olması da mümkün deyil:

“Elşən qapıdan sapsağlam çıxmışdı, yarımcan qayıtdı. Bir var əsgərə düşmən gülləsi dəyə, yarımcan qayıda, deyəsən ki, oğlum torpağı qoruyanda yaralandı, bir də var, komandirin məsuliyyətsizliyi üzündən xəstəliyə tutulub qayıda…”

“SIĞORTA ÖDƏNİLSİN”

Ata oğlunun başına gələnlərlə bağlı Müdafiə Nazirliyinə və başqa qurumlara müraciət edib. O, gileyini bildirməklə yanaşı, həm də hərbi xidmətdə xəstəlik tapmış oğluna sığorta ödənilməsini tələb edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı əsgərin ailəsinə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi məsləhət görür.

Hüquqşünas Vaqif Alıyevin sözlərinə görə, əgər Elşən Kazımlı hərbi xidmətdə olduğu müddətdə xəstəlik tapıbsa, ona sığorta ödənməlidir. “Bunun üçün məhkəməyə də müraciət edə bilər”, – hüquqşünas bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78797

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31