Azərbaycanda qadınların 24 faizi zorakılıqla üzləşir
BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğunun nəticələrinə görə, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır.
APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam Isaczai bunu oktyabrın 25-də Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib.
Onun deməsinə görə, zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir: «Statistik göstəricilər kifayət qədər ciddi narahatçılıqlar yaradır. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir və bu göstərici 26 faiz həcmindədir».
G.Isaczai əlavə edib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Onun bildirməsinə görə, yalnız insanları məlumatlandırmaq deyil, media, hüquq-mühafizə orqanlarının nümayəndələri, gənclər və siyasətçilərlə də işləmək lazımdır: «Müvafiq qanunvericilik aktları qəbul etmək və lazımi səviyyədə həyata keçirmək gərəkdir. Gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud şəkildə pozulması halıdır. Bu tək Azərbaycan və ya daha az inkişaf etmiş ölkələrə aid olan fenomen deyil. Bütün dünyada, həmçinin inkişaf etmiş ölkələrdə baş verən haldır. Azərbaycanda bu sahədə əsas çatışmazlıqlardan biri qanunvericiliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır».
Short URL: http://www.cumhuriyyet.net/?p=80112