Bakıda 120 şagird vaqon kupelərində dərs keçir – REPORTAJ

25.10.2016 - 17:48
Dəmir vaqonların buz kimi  soyuq sinif otaqlarında təhsil alan şagirdlər təsəvvür edin. Təsəvvür bf005791308fedilməsi belə çətin olan bu durumu Bakının Ramana qəsəbəsində məskunlaşan Qubadlı məktəbinin şagirdləri hər gün yaşayır. İllərdir ki, rayonun Xanlıq kənd orta məktəbinin şagirdlər bu vaqon-məktəbdə təhsil alırlar. 
Müxbirimiz adıçəkilən məktəbdə olub və vəziyyətlə maraqlanıb.
Ünvanını çətinliklə tapdığımız vaqon-məktəb qəsəbənin mərkəzindən çox uzaqda yerləşir. Bəlkə də bu səbəbdən diqqətdən kənar qalıb. Hələ məktəbə daxil olmazdan öncə ətrafdakı antisanitariya vəziyyəti diqqət çəkir. Vaqon-məktəbin həyəti gölməçə və kanalizasiya suları ilə dolub. Ətraf çirkab içindədir. Qəsəbənin bu məktəbə aparan yolları isə bərbad durumdadır. Şagirdlərin bu yollarda hansı çətinliklərlə dərsə gedib-gəldiyini anlamaq çətin deyil.
Məlum olduğu kimi, rəhbərlikdən icazə almadan məktəblərdə çəkiliş etmək müşkül məsələdir. Məktəbdəki vəziyyətin ictimailəşməsini istəməyən direktordan icazə gözləmək isə qapıların tamamilə bağlanması deməkdir. Yəni, məktəbdəki acınacaqlı durumun ictimailəşməməsi üçün çəkilişə icazə verilməyəcəyi öncədən bəlli idi.
Bu səbəbdən də valideyn adı ilə məktəbə daxil oluruq. Məlum olur ki, şagirdlərin təhsil alması üçün bir necə köhnə  vaqon birləşdirilərək belə bir məktəb düzəldilib. Ümumi ölçüsünə nəzər salanda bəlli olur ki, bu təhsil ocağı təxminən 3-4 vaqonun birləşməsindən ibarətdir, sinif otaqları da təbii ki, kupelərdir. Giriş qapısından içəri daxil olub, sinifləri gəzirik. Otaqlar balaca və ensizdir. Hər otaqda 8-10 şagird var. Dərs saatı olduğundan dəhlizdə şagirdə rast gəlmədik. Siniflərə qulaq müsafiri də oluruq. Şərait acınacaqlı olsa da, müəllimlər həvəslə şagirdlərinə dərs başa salırlar. Bütün otaqlarda dərs gedir, şagirdlərin intizamlı davranışı sayəsində səs-küy yoxdur. Üzərində 7-ci sinif yazılan sinif otağına daxil olub vəziyyətlə maraqlanırıq. Aydın olur ki, bu otağın müəllimi 5-ci sinif şagirdlərinə dərs keçir. Dəmir vaqonların “sinif”ləri buz kimi soyuqdur. Partalar köhnə taxtalardan kustar üsullarla hazırlanıb. Uşaqların əynində məktəbli forması olmasa da, hamısı mümkün qədər qalın geyinib. Sinif otaqları da, dəhliz də kifayət qədər soyuqdur. Dəhlizdə dayandığımız bir neçə dəqiqədə soyuq insanın iliklərinə işləyir. Şaxtalı qış aylarında məktəblilərin burada təhsil aldığını nəzərə alsaq, onların nə qədər çətinlik çəkdiyini, sağlamlıqlarının nə dərəcədə təhlükədə olduğunu təsəvvür etmək çətin deyil.
Gördüyümüz mənzərənin səbəblərini aydınlaşdırmaq üçün məktəbin direktoru İlahə Əsədova ilə görüşüb, məlumat almağa çalışsaq da, direktor bizi də reket jurnalist zənn edib qəzəbləndi. “Siz də o jurnalistlərdənsiniz?” deyə kinayəli şəkildə səsləndi. Söhbət əsnasında aydın oldu ki, direktorun yanına tez-tez üzdəniraq həmkarlarımız gəlib, məktəb haqqında pis yazacaqları ilə bağlı direktoru hədələyirmişlər. “Reket” jurnalistlərin bu işgüzarlığı bizim də İlahə Əsədovadan müsahibə almaq şansımızı sıfıra endirdi.
Məktəbin direktoru rəhbərlik etdiyi təhsil ocağının problemlərini etiraf etməsə də, mənzərə ortada idi. Direktor sadəcə onu bildirdi ki, məktəb standartlara cavab verməsə də, bu tədrisin səviyyəsi normaldır: “Xanlıq kənd ümumi orta məktəbində 120 şagird təhsil alır. Şagird sayı az olduğuna görə, birnövbəli qrafiklə işləyirik. Hər il ali məktəblərə şagirdlərimiz daxil olur. Sinif otaqlarının soyuq olmasına gəldikdə isə bu  istilik sistemlərinin verilməməsi ilə əlaqədardır. Noyabr ayının 15-dən sonra verilməlidir”.
Onu da qeyd edək ki, vaqon məktəbin yaxınlığında yeni məktəb binasının tikintisinə başlanılsa da, məlum olmayan səbəblərdən tikinti yarıda dayanıb.
Direktorun məlumatına görə, ötən il yeni məktəb binasının tikintisinə başlanılıb. Həmin tikiliyə də baş çəkdik. İki mərtəbə olması nəzərdə tutulan məktəbin hörgü işləri yekunlaşmaq üzrə olsa da, tikinti tam da başa çatdırılmayıb. Məktəb binasının yarımçıq qalması isə maliyyə çatışmazlığı ilə əlaqələndirilir. Müəllimlər və direktor bu barədə  danışmasa da, valideynlər dərdlərini danışdılar: “Uşaqlarımız soyuqdan donur. Hər il payız-qış aylarında xəstələnirlər. İstilik sistemi olsa da, verilmir. Siniflər çox soyuq olur. Şagirdlər məcbur qalıb sinifdə paltoları ilə əyləşirlər. Şəxsən mənim övladımın böyrəkləri xəstədir. Yeni məktəbin tikintisini gözləyirik. Ancaq inanmıram ki, tezliklə  hazır ola. Çünki sentyabrın 10-dan tikinti dayandırılıb. Diqqət etsəniz görərsiniz ki, heç bir iş aparılmır. Deyirlər ki, pul yoxdur, ona görə dayanıb. Bəs onda bunu niyə tikirdiniz ki…? Biz valideynlər də ümidlə gözləyirdik ki, uşaqlarımız normal şəraitdə təhsil alacaqlar. Belə zamanda vaqonda məktəb olması rüsvayçılıqdır”.
Valideynlər kimi biz də ümid edirik ki, bu material dərc olunduqdan sonra həm Təhsil Nazirliyinin, həm də digər aidiyyatı qurumların bu məsələyə diqqəti artacaq. Ən azından 120 şagird  bu qışı vaqonda keçirməyəcək. Unutmayaq ki, orada dərs keçirilən hər gün həmin şagirdlərin sağlamlığında öz izini buraxır.






Short URL: http://www.cumhuriyyet.net/?p=80148

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728