Məktəblərə niyə istilik verilmir?
«Novoye Vremya» qəzetində «Məmurlar hətta şagirdlərə soyuq qəbul yaradıblar» sərlövhəli maraqlı məqalə dərc edilib.
Yazıda ölkə məktəblərinin istiliklə təminatında yaşanan problemlər öz əksini tapıb. Müəllif bütün bu problemin səbəbi kimi «Azəristiliktəchizat»ın borclarını göstərir. Yazıda qeyd edilir ki, əgər bu qurum borclarının bir hissəsini ödəməsə, paytaxtdakı bir çox binalar isidilməyəcək: «Son məlumatlara görə, «Azəristiliktəchizat»ın borcu 80 milyon manatdır və şirkətin yaxın 10-15 günə bu borcu qaytara biləcəyi inandırıcı görünmür».
Yazıda deyilir ki, qurum 184 məktəbi və 121 uşaq bağçasını istiliklə təmin edir. Rayon şirkətləri isə daha 105 məktəb və 36 uşaq bağçasına istilik verməlidir. Müəllif vurğulayır ki, bu vəziyyətdən məktəblilər də öz nəsiblərini ala bilərlər.
Yazıda «Azəriqaz» İstehsalat Birliyinin mövqeyi isə belə təqdim edilir: «Biz ancaq o ocaqxanaları qazla təmin edirik ki, onların borcu yoxdur. Borclulara gəlincə, onların qaz alıb-almayacaqlarını deməyə çətinlik çəkirəm».
Müəllif sonda da yazır ki, «Azəristiliktəchizat» kifayət qədər maliyyə vəsaitləri alır. Onun bu qədər borcunun yaranması başa düşülən sayılmır: «Axmaq mənzərə yaranıb. Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərini istiliklə təmin edə bilmir. Qurumlar arası borca görə… Borcunu ödəmiş sadə vətəndaşlar, məktəblilər əziyyət çəkir».
Short URL: http://www.cumhuriyyet.net/?p=80758