“Yağış yağsa, evlər yenə su altında qalacaq…”

01.11.2016 - 17:02

123«Bakıda bizim kanalizasiya şəbəkəmiz tullantı sularına hesablanıb, yağış sularına yox. Yağış suları xətləri ayrıca bir layihə olmalıdır». «Azərsu» ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı AzadlıqRadiosuna belə deyir. Bildirir ki, Bakıda nəinki yağış kanalizasiya sisteminin yaradılmasına, hətta tullantı suları üçün də kanalizasiyanın olmadığı yaşayış massivlərində şəbəkənin qurulmasına milyardlarla manat lazımdır.

– Binəqədi yolu, Zabrat gölünün ətrafı, Zabrat qəsəbəsi, Masazır – bu ərazilərdə bizim heç mərkəzləşdirilmiş kanalizasiya şəbəkəmiz yoxdur, o ki qala yağış suları ilə bağlı işlər görməyə. Harada ki, bizim infrastrukturlar var, həmin ərazilərdə yağış sularının kənarlaşdırılması ilə bağlı ciddi fəsad yoxdur. Məsələn, bu gün də erkəndən yağış yağır. Normal yağır, intensiz deyil deyə, heç bir problem də yoxdur. Bu dəqiqə kimsə deyə bilməz ki, Bakının harasındasa yağış suları toplanıb qalıb küçələrdə. Amma harada ki, infrastruktur yoxdur, orada yağış nə vaxt yağsa, problem yaranacaq.

– Bakının neçə faizində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi var?

-Bakının mərkəzi hissələrində, Yeni Günəşli, Köhnə Günəşli, Hövsan, Sabunçu qəsəbəsinin bir hissəsi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Nərimanov rayonun hamısı, Yasamal, Binəqədinin şəhər hissəsi – bu ərazilərin hamısında bizim kanalizasiya şəbəkəmiz var və burada heç vaxt problem yaşanmır. Sadəcə, xırda tutulmalar ola bilər ki, onu da müraciət daxil olan kimi dərhal aradan qaldırırıq. Yəni infrastruktur olan yerlərdə heç bir problem yaranmır. Biz mütəmadi olaraq, elə bu yağışlardan sonra da monitorinqlər apardıq, xətləri yuduq, ötürücülük qabiliyyətini tam bərpa etdik.

– Bütün Bakıda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yaratmaq üçün nə qədər vəsait lazımdır?

-Onu mən deyə bilmərəm. Milyardlarla vəsait lazımdır. Bakıətrafı qəsəbələr, yeni yaşayış massivləri var. Bakının ətrafında – Sulutəpədə, Masazırda, Binəqədidə, Sabunçuda, Suraxanıda görün nə qədər ərazilər salınıb. Milyardlarla vəsait lazımdır ki, bu ərazilərdə kanalizasiya şəbəkəsi yaradılsın, kollektorlar tikilsin, daşıyıcı xətlər salınsın.

Sulutəpənin yağış dərdi

– İndiyədək bu sahəyə dövlət büdcəsindən və xarici maliyyə institutlarındannə qədər vəsait ayrılıb?

-Bakının kanalizasiya sisteminə xarici maliyyə institutlarından yalnız Fransa hökumətinin krediti cəlb olunub. Mən bildiyim qədər, 35 min avrodur. O da ancaq Hövsan tullantı təmizləyici qurğusuna. Bu kredit sayəsində həmin qurğunun məhsuldarlıq göstəricisi qaldırılıb. Bundan başqa, Bakı şəhərində kanalizasiya şəbəkəsinin yaradılması ilə bağlı xarici maliyyə institutlarının dəstəyi ilə ötən ildən Badamdarda işlərə başlamışıq. Xaricdən gələn maliyyə, əsasən, regionların kanalizasiya şəbəkələrinin yaradılmasına yönəldilir. Dövlət büdcəsindən nə qədər vəsait ayrıldığını da dəqiq deyə bilmərəm. Amma kifayət qədər vəsait ayrılıb və Bakıda kifayət qədər işlər görülüb. Bu gün bizim kanalizasiya şəbəkələrimiz tam gücü ilə işləyir. Yeni nasosxanalar yaradılıb, yenidənqurma işləri aparılıb.

– Belə çıxır ki, yenə intensiz yağış yağsa, haradakı kanalizasiya sistemi yoxdur orada evlər yenə su altında qalacaq?

-Bizim Bakıda kanalizasiya şəbəkəmiz tullantı sularına hesablanıb, yağış sularına yox. Yağış suları xətləri ayrıca bir layihə olmalıdır. Bunun üçün ayrıca kollektorlar çəkilməlidir, göllərə və ya Xəzər dənizinə birbaşa axıdılmalıdır. Bu gün biz məcburən yağış sularını – halbuki onların təmizlənməsinə ehtiyac yoxdur – məcburən Hövsanda təmizləyib, zərərsizləşdirib dənizə buraxırıq. Bunun özü də bizim istismar xərclərimizi kifayət qədər artırır. Haradakı bizim şəbəkəmiz var, intensiz yağış yağsa da, heç bir problem olmayacaq. Amma harada ki, bizim şəbəkə yoxdur, mən ora cavabdeh deyiləm, o yer barədə danışa bilmərəm. «AzərAvtoYol» deyir ki, bu gün Bakının küçə və prospektlərinin 15-16 faizində yağış drenaj sistemləri var və bunların da böyük əksəriyyəti bizim kanalizasiya sistemimizə qoşulub.

– Bəs siz bu məsələni hökumət qarşısında qaldırmısızmi?

– Biz niyə qaldırırıq ki?! Biz alt qurumlardan biriyik. «AzərSu» öz öhdəliyinə düşən işlərin öhdəsindən layiqincə gəlir.

– Bəs bu problemi hökumətin qarşısında kim qaldırmalıdır?

– Mən bilmirəm. Siz jurnalistsiz, siz araşdırın görün kim qaldırmalıdır.

– İqtisadçılar düşünürlər ki, bu sahəyə ayrılan vəsaitlərlə xeyli iş görüb problemi həll etmək olardı, əgər korrupsiya olmasaydı.

– Bizə büdcədən su və kanalizasiya xətlərinin yenidən qurulmasına vəsait ayrılır. Bunula bağlı işimizi görürük, hökumətə mütəmadi hesabatlar veririk. Biz kanalizasiya üçün ayrılan pulu yağış suları xətlərinin çəkilməsinə xərcləyə bilmərik ki! Pul hansı təyinat üzrə ayrılırsa, ora da xərclənir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80800

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728