Ərə getmək neçəyə başa gəlir? – Qızların cehiz dərdi
“Qız beşikdə, cehiz eşikdə” atalar sözü hər bir qız valideyninin şüarına çevrilib. Elə valideynlər var ki, bu məsələyə sözün əsl mənasında tam əməl edir. Hətta qız övladı doğulmamışdan öncə ona cehiz yığmağa başlayırlar. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay əvvəl bu məsələni çətinliklə də olsa həll edirlər.
Bu gün Azərbaycanda “qız köçürən” ailənin xərcləri oğlan evindən heç də geri qalmır. Bəzi ailələr hətta qızları yad evində “dili qısa” olmasın deyə illərlə ödəyəcəkləri kredit borclarını belə gözə almalı olurlar.
Bu yerdə bir qədər keçmişə nəzər salsaq daha yaxşı olar. Belə ki, 1880 -1890-ci illərdə bir gəlinin cehizi təxminən palaz, kilim, həsir, ağac taxt, nimdər, mütəkkə, yorğan-döşək, məfrəş, mis və saxsı qablar, taxta mətbəx əşyaları, pərdələr, möhür, təsbeh, lampa, güzgüdən ibarət olardı. Lakin bir müddət sonra zamanın tələblərindən asılı olaraq cehiz əşyalarının sayı və qədəri də artmağa başladı. Hətta o qədər artdı ki, insanlar bilmirlər övladlarının xoş gününə baxıb sevinsinlər, yoxsa düşdükləri borca baxıb ağlasınlar.
Daha sonra 1930-1940 cı illərdə gəlinlər köçdüyü evə yorğan-döşək, mütəkkə, balış, xalça, palaz, həsir, mis qablar, alüminium qaşıqlar, çəngəllər, nimçələr, saxsı qablar, ət taxtası, oxlov, sandıq, pərdələr, güzgü, şamdan, dəmir çarpayı da aparmağa başladılar. Beləcə get-gedə qab-qacaqların və əşyaların nəinki sayına, hətta materiallarında da qiymətə önəm verilməyə başladı. Bununla da ailələr arsında rəqabət şiddətli bir hal aldı ki, nəticədə cehiz üstündə dağılan ailələrin sayı rekord həddə çatdı . Ən əsası isə ilk gündən gənc cütlüyün münasibətləri korlanmağa başladı ki bu da, onların evlilik həyatına ciddi təsir edir.
Qız köçürməyə hazırlaşan ailə kalkulyatoru əlinə alıb hesablamağa başlasa ortaya dəhşətli rəqəmlər çıxır. A24.Az ölkəmizdə gənz qızın ailə qurması üçün lazım olan ortalama cehiz xərclərinin qiymətini sizə təqdim edir. Ölkəmizdə baş verən devalvasiyadan sonra mebellərin qiymətində də ciddi artımın müşahidə olunduğunu cədvəldə də görə biləcəksiniz.
Yataq dəsti- 2500-3000 manat
Yumşaq mebel dəsti- 1200-1800 manat
Qonaq otağı dəsti- 3000 -3500 manat
Stol-stul dəsti -1300-1600 manat
Xalça- 600 -900 manat
Mətbəx mebeli- 1500-2200 manat
Soyuducu – 900- 1400 manat
Qaz sobası- 600- 1000 manat
Yemək dəsti- 600 -1200 manat
Digər xırda əşyalar- 800- 1000 manat
Ortaya çıxan təxmini rəqəm 16 min manatdır. Bu isə, orta gəlirli bir ailənin ən az bir neçə illik gəliridir.
“İnsanları xoşbəxt edən əşyalar deyil düşüncələridir”. Bu fikirləri məsələyə münasibət bildirən psixoloq Xatirə Səfərova səsləndirib.
“Gənclər ailə qurarkən ehtiyaclarını deyil, daha çox ətrafdakıların fikirlərini nəzərə alırlar. Yəni “qaynana nə deyər?” və yaxud da “qohum əqraba nə deyər?” düşüncəsinə qapılırlar. Hətta mebel alanda belə ailələr mebellərin rahatlığına deyil, daha çox kənardan necə görünməsinə diqqət yetirirlər. Ölkəmizdə əksər ailələr düşünürlər ki, artıq qız universiteti bitirib və cehizləri hazırdırsa, bircə onun ərə getməyi qalır. Əsl ailə modeli ondan ibarətdir ki, şəxslər bir-birlərini daha dərindən tanısınlar, başa düşsünlər ki, onların həqiqətəndə psixoloji uyğunluqları var ya yox. Ekstrimal vəziyyətlərdən necə çıxacaqlar? İnsanlar bir-birləri ilə ailə qurarkən ruh əkizləri ilə bunu etməldirlər. Sanki gənclər uşaqlıqda oynadıqları “evcik-evcik” oyununu ailə qurarkən də tətbiq edirlər. Heç bir Avropa ökəsində bu cür söhbətlər ola bilməz. Bəlkə hansısa bir xanımın ailəsinin imkanı yoxdur?. Belə çıxır ki, həmin gənc qız ailə qurmamalıdır? Mən bu məsləyə çox primitiv yanaşıram. Bu mövzularda ümumi baxışlar cərəyan etməlidir. Burada kollektiv şüurun təsiri daha güclüdür. İnsanlar cehiz məsələlərində də “palaza bürün, elnən sürün” prinsipini həyata keçirir”.
Vəkil İradə Cavadova da ailələrdə yaşanan cehiz probleminin hüquqi tərəflərinə münasibət bildirib.
“Çox yaxşı olardı ki, ailə cehiz verirsə və yaxud da nəsə bağışlayırsa bu sənədləşdirilsin. Əvvəllər də regionlarımızda valideyinlər cehiz verərkən siyahı tuturdu və hər iki tərəf də bu siyahıya imza atırdı. Bütün hər şey imzalarla təstiqlənirdi. Həmin siyahı hər iki tərəfdə də qalırdı. Sənədləşdirmə mütləqdir ki, sabah hər hansı boşanma halları olduqda cehiz əşyalarının qaytarılması halları zamanı problemlər yaranmasın. Bağışlanan əşyalar geri qaytarılmır. Çox böyük israfçılıq halları artıb. Cehizləri ailələr göstəriş üçün verirlər. İki gənc ailə qurursa və valideynlərin imkanı varsa, onlara gələcək həyatları üçün köməklik göstərə bilərlər. Elə ailələr də var ki, onların bu cür cehizlər verməyə imkanı çatmı. Bu səbəblərdən dolayı da, hazırda boşanma halları həddən artıq çoxalıb”.
Aktrisa Firəngiz Mütəllimova da cehiz problemlərin üzündən ailələrin dağılmasının əleyhinə olduğunu bildirib.
“Cehizə görə ailələrin dağılmasının əleyhinəyəm. Hər şeyi Allah yoluna qoyur. Elə ailələr var ki, bir taxtla bir şkafla ailə olur, daha sonra Allah özü hər şey yetirir. Nikahdan sonra yaranan bağlılıq, bir-birini başa düşmək, sevgi hər şeydən vacibdir. Əlbəttə hər bir valideyn istəyir ki, övladına yaxşı cehiz versin. Amma insanlar bir-birinə güzəştə getməyi bacarmalıdır”.
Aynur ƏLƏKBƏROVA, A24.Az
Short URL: http://www.cumhuriyyet.net/?p=81337