Azərbaycanlı gənclə milyarder qızının müəmmalı avtoqəzası: Luqano gölünə qərq olan eşqin sonu

30.11.2016 - 09:27
rr“Diana” adı daşıyıcılarından çalışın uzaqda gəzəsiniz. “Niyə” sualı versəniz, cavabınızı çox da yubatmaram. Səs ahəngimi, nəfəs ritmimi pozmadan adi məntiqin köməyi ilə sualınızı belə cavablandıraram: “Şahzadə Diana, sevgilisi Dodi əl-Fayedlə Parisdə avtomobil qəzasına düşdüyü vaxtdan bəri bu ad öz sahiblərinə uğur gətirmir, biləsiniz. Ölüm gətirir, qəza gətirir, vəssalam”.
Etiraz etsəniz, desəniz, bəs bu kor təsadüfdür, yenə də özümü sındırmadan sakitcə öz həmişəki məntiqimə qayıdacam – “Əvvəla, kor təsadüflər, çoxdan bəri həyatımızın əsas qanununa çevrilib. İkincisi…”
***
İkincisi, bu Diana əfsanəsi, 19 ildən sonra yenidən bittə-bittə təkrarlanıb. Ancaq bu dəfə Parisdə deyil, İsveçrə dağları ətəyində. 25 noyabr səhər saat 4 radələrində bu füsünkar ölkənin Tiçino kontonu ərazisində, Kastaqnola kəndinə çatmamış “Romeo və Djulyetta”, “Leyli və Məcnun” əfsanəsinə layiq bir faciə yaşanıb. “BMV” markalı bahalı lüks avtomobil,  yol qaydalarını kobudcasına pozaraq gəlib düşüb Luqano gölünün əlçatmaz dərinliyinə. Şahzadə Diana qəzası ilə həmin hadisə arasındakı ikinci oxşarlıq, bax,  burda üzə çıxır.
Image result for Azərbaycanlı gənclə rusiyalı milyarder qızı
Hər iki qəza “BMV” markalı lüks avtomobildə törədilib – bunu da yadda saxlayın. Üçüncü oxşar fakt, salondakıların elitar təbəqəyə məxsus olub, aralarında sevgi macərası yaşamaları faktıdır. Dünyanın əksər mass-media mərkəzləri nədənsə bu hadisəyə biganə qalmayıblar. Görünür, “Sarışın Diana, qara BMV, cilovsuz sevgi, başgicəlləndirici eşq” ardıcıllığı hələ də qulaqlarda qalıb cingildəyir. Bunun müasir təkrarı da, görünür, şüuraltımızda hansısa naməlum nöqtələri qıcıqlandırır deyə, dünya oxucu kütləsi acgözcəsinə bu mövzu üzərinə atılıb. 
Əvvəlcə mətbuatda həlak olanlar barədə ziddiyyətli məlumatlar yayılıb. Luqana gölü dərinliyindən suyu süzülə-süzülə çıxarılan qadın cəsədinin kimə məxsusluğu əvvəldən kimsədə şübhə yaratmayıb. Burda bütün məlumatlar eynidir – bəs gölün dərinliyindən çıxarılan sarışın su pərisi rus oliqarxı Platon Lebedevin nəvəsi Dianadır, vəssalam. İkinci cəsədin kimliyi isə mass-media dünyasındakı dedi-qoduları artırıb. Mübahisə sosial şəbəkələrə də sıçrayaraq milyonları öz ətrafındakı qızğın dartışmalara qatıb.
Image result for Azərbaycanlı gənclə isveç
Sonrakı cari xəbərlər, “Şərikli çörək” filmindəki məşhur “Şəhərin adı Cenevə, xanımın adı Cenevrevə. Baden-Badenin mavi gecələri. Fransız xalqı kef eləyir” misralarını yaddaşımızda oyadıb bütün facebooku qatır bir-birinə. Əvvəlcə sual yayılır ki, sükan arxasındakı yaraşıqlı oğlan bilirsinizmi kimdi? Damağındakı Havana siqarını sümürə-sümürə ölümə atılan bu dəcəl oğlanda görün bir kimi tanıyırlar? İndi sizə deyərəm kimi.
Rusiya Prezident Administrasiyası Hüquq şöbəsinin rəhbəri həmyerlimiz Sübhü Şıxlinskinin adı mətbuatda ilk dəfə, bax, bu faciə ilə əlaqədar çəkilib. Kimsə ortaya şayiə buraxıb ki, bəs mərhum oğlan guya onun qardaşı, yaxud bacısı oğludur.
Sonrakı məlumatlar başqa informasiya mənbələrində yoxlanılıb. Tutuşdurulub. Dəqiqləşdirilib. Bəlli olub ki, bəs bu “qara yumor” nümunəsidir. Kimsə, Şıxlinskilərlə öz haqq-hesabını sosial şəbəkələrdə bu cür namərdcəsinə çürütmək istəyib.
Axır, şükür, haqq-ədalət, nəhayət, qalib gəlir. Doğru-dürüst, yoxlanılmış məlumatlar mətbuata ötürülür. Nəhayət, İlahə Şıxlinskaya, “SPACE” radiosunun tanınmış aparıcısı, Sübhü Şıxlinskinin doğmaca bacısı, mətbuata təkzib məktubu göndərir ki, jurnalist xəbəri öz mənbəyindən alarkən gərək diqqətli olsun.
Bundan sonra Luqano gölü dərinliyindən çıxarılmış ikinci cəsədin kimə məxsusluğu axır kimsədə şübhə döğurmur. Sübhü Şıxlinskinin adı keçir arxa plana. Ortaya Azər Yaqubovun adı atılır. Azərbaycan KİV-nin məlumatına görə, Azər Yaqubov “Azərbaycan Hava Yolları” QSC-nin Moskvadakı federal nümayəndəliyinin sabiq rəhbəri Mahir Yaqubovun doğmaca oğluymuş. 
 
Image result for Azərbaycanlı gənclə isveç
Dövrü mətbuatda Azər barədə görün bir nə deyilir: “Azər son 9 ildə İsveçrədə yaşayıb. Oranın TASİS özəl elit məktəbində təhsil alıb və sonra ondan daha az prestijli olmayan Franklin kollecində oxuyub. Göründüyü kimi, gəncə ailəsi böyük gələcək hazırlayırmış. Azər Yaqubovun oxuduğu TASİS məktəbi İsveçrənin fransız hissəsi Luqanoda yerləşir. Məktəbin tələbə yataqxanası 17 əsrə aid Villa De Nobili sarayında yerləşir. Məktəbdə italyan və ingilis dilləri bölmələri var. Burada 4 yaşından 18 yaşına kimi 50 müxtəlif millətdən olan 650 uşaq təhsil alır. Valideynlər uşaqlarının təhsilinə 2016-2017-ci təhsil ili üçün 75 min İsveçrə frankı xərcləyir ki, bu da təxminən ABŞ dolları ilə ekvivalentdir. Yaqubovun instagramdakı səhifəsindəkı fotolar onu göstərir ki, Diana Lebedeva ilə yaxın münasibətdə olmayıblar. Birlikdə şəkilləri yoxdur. Ola bilsin onlar sadəcə yaxşı dost imişlər”.
***
Qəza Luqanaya gedən serpantin, yəni dolanbac yolun ən təhlükəli nöqtəsində törədilib. Lüks BMW X6, yol kənarındakı dəmir çəpərləri sındıraraq yüksək hündürlükdən şarappıltıynan Luqana gölünə yuvarlanıb. Günah iddialara inansaq, sükan arxasındakı Azər Yaqubovda imiş. 
***
Ancaq nəzərə alın – BMV X6 avtomobili, “ağıllı avtomobil” kimi tanınır maşın həvəskarları arasında. Təhlükəni özü qabaqcadan hiss edir o. Bilgisayar vasitəsilə sahibini qarşıdakı təhlükəli maneədən qabaqcadan xəbərdar edir. BMW X6 məhz bu xüsusiyyətlərinə görə məşhur kinorejissor Mark Polanskinin “Adsız müəllif” (The Ghost Writer) filminin bir növ baş qəhrəmanıdır. O, öz sürücüsünü – yazıçı Yuen Makqreqoru, səfər marşrutundakı mümkün maneələr barədə öncədən vaxtaşırı, dönə-dönə xəbərdar etməyi bir an belə unutmur.
İndi gəlin törədilmiş qəzanın pərdəarxasına fikir verək. 
“Ağıllı avtomobil”lərin bilgisayar yaddaşına dünyadakı bütün nəqliyyat yollarının, o cümlədən İsveçrə yollarının xəritəsi yüklənib. Mümkün maneəyə az qala, avtomobilin siqnal sistemi öz-özünə işə düşüb əyləci asfalta mıxlayır. BMW X6-da əlavə digər təhlükəsizlik sistemləri də mövcuddur, biləsiz. Bütün bunlar şəxsən məndə qəza barədə müxtəlif şəkk-şübhə doğurur, vallah.
Qısası, torbada qara pişik var. Çinlilər deyirlər qara pişiyi qara otaqda tapmaq müşkülünə qarışmasan, həqiqəti əldə edə bilməyəcəksən.
Məncə, Luqano gölündən çıxarılmış ağıllı BMW X6-nın bilgisayar yaddaşını öyrənmədən qəza barədə danışmaq qeyri-peşəkarların işidir.
Kənara çəkilin.
Çörəyi verin çörəkçinin ixtiyarına.
Görək bu dəfə onlar növbəti Şahzadə Diana ilə növbəti Dodi əl-Fayed haqda bizə hansı konspiroloji nağılları danışacaqlar.
 
Həmid HERİSÇİ, “Yeni Müsavat”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031