Ət sevən azərbaycanlıların menyusuna at əti: İnsan üçün təhlükəli olan ağrıkəsicilər bazarı?

14.01.2017 - 17:22

Azərbaycanda yenidən xəstə at əti satışına dair fakt aşkarlanıb. Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Hansı restoranın boşqabına?

Bu ölkəmizdə ilk hadisə deyil və yəqin ki, heç son da olmayacaq. Əhalinin ağır iqtisadi durumundan istifadə edən bəzi “işbazlar” daha az xərclə daha çox qazanmaq planlarını məharətlə icra edir. Xəstə at ətlərinin hansı məşhur restoranda boşqabda qarşımıza gətiriləcəyi, hansı toy məclisində bəh-bəhlə süfrəyə veriləcəyini demək çətindir. Bəlkə təkcə demək yox, həm də araşdırmaq asan deyil. Çünki bu müəssisələri mütləq halda “kiməsə” bağlı olduğuna görə araşdırmaların nəticələri ən yaxşı halda ictimaiyyətdən gizlədilə bilər. Sonuc isə dəyişməz: Növbəti dəfə daha başqa biri – əhaliyə atın, üstəlik də xəstə heyvanın ətini satmağın hər şey bir tərəf mənəvi məsuliyyətini dərk etməyən növbəti şəxs ortaya çıxacaq və bu dəfə də onun əməlləri araşdırılacaq.

Avropanı silkələyən qalmaqal

At əti qalmaqalı təkcə Azərbaycan üçün aktual deyil. Avropa da 2013-cü ildə bu qalmaqalla çalxalanmışdı. Avropanın ən inkişaf etmiş ölkələrində belə at ətindən gizli şəkildə istifadə ciddi araşdırmalardan sonra üzə çıxarılmış və böyük narazılıqla qarşılanmışdı. Həmin il Avropa İttifaqı hər 20 mal əti məhsulunun tərkibində bir at əti olduğu qənaətini bu ölkələrin icitmaiyyəti ilə bölüşmüşdü. Avropa İttifaqının nümayəndələri mal əti olduğu qeyd edilmiş 4000-dən çox yoxlanmış məhsulun 193-nün tərkibində əslində at əti olduğunu deyib. Əlavə 3000 ədəd məhsulun yoxlanışı zamanı 16 mal əti məhsulunun tərkibində atlar üçün istifadə edilən və insan üçün təhlükəli olan ağrıkəsici dərmanlar aşkar edilib.

Avropa Səhiyyə Komissarı olmuş Tonio Borq mal əti məhsullarının səhv birkalanmasını istehlakçılara qarşı “fırıldaqçılıq” adlandıraraq və mal əti əvəzinə at əti məhsulları satan şirkətlərin cərimə edilməsinə çağırmışdı. Yunanıstan, Polşa, Rumıniya kimi ölkələrə sıçrayan bu qalmaqal elə o zamanlardan etibarən at ətinin gizli satışının niyə bu qədər aktual olduğuna dair sualları gündəmə gətirmişdi. Mütəxəssislər səbəbi at ətinin nisbətən daha ucuz olması ilə izah edirdilər.

At ətinin satışı qadağan deyil, bir şərtlə ki…

Sosial şəbəkələrdə növbəti at əti qalmaqalı ilə bağlı yazılan şərhlərdən bəzilərində bu heyvanın ətinin yeməyə yararlı olduğuna dair fikirlər səsləndirilib. Fikirlərini əsaslandırmaq üçün isə Orta Asiyada at ətindən, südündən hazırlanan içkinin isə kifayət qədər bahalı və xeyirli olmasından kütləvi istifadə edirlər. Əslində Azərbaycanda da at ətinin satışı qadağan deyil, satışa çıxarıla bilər. Ancaq bu zaman bir məqam diqqətə alınmalıdır. Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə at ətinin başqa adlar altında satılması qadağandır.

Yəni, at ətinin, məsələn, mal əti adı altında satışı qanunsuz hesab olunur. Eyni vəziyyət dünyanın bir sıra ölkələrində də təkrarlanır. Məsələn, Amerikanın bəzi ştatlarında at ətinin satışı qadağan edilsə də, Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələrdə at ətinin öz adı ilə satılmasına heç bir qadağa yoxdur. Qadağa sadəcə bu ətin xüsusən, mal əti adı altında satışı və ya məhsul istehsalında istifadəsindədir. 2013-cü ildə Avropanı qarışdıran da məhz məhsulların üzərində tərkibində at ətinin olmasına dair qeydlərin olmaması olub. Yəni, insanlar at əti yeməkdən yox, at əti yediklərindən məlumatsız olduqlarından qəzəbləniblər.

At ətini necə tanıyaq?

Azərbaycana gəldikdə isə, nəzərə alanda ki, bizdə satışa əsasən xəstə heyvanların ətləri çıxarılıb, bu, ikiqat məsuliyyət deməkdir. Mütəxəssislər at ətini digər ətlərdən ayırmağın mümkünlüyünü bildirir. Amma təbii ki, bu, heç də hamı üçün keçərli deyil. At ətinin əsas xüsusiyyətləri digər heyvanların əti ilə nisbətdə daha möhkəm və sərt olmasıdır. At əti də eşşək əti kimi gec bişir, çeynəmə zamanı ağızda rezin kimi dartılır və əzilməsi çətin olur. Bu ətlərin üstündəki yağ təbəqəsi tünd sarı rəngdə olur, yağ hava ilə təmas etdikdə daha da tündləşir və rəngini dəyişir. Əgər ətin üzərindəki yağ təbəqəsi palıdı-qəhvəyi rəng alırsa, o zaman at əti olduğunu düşünməyə dəyər. Ət ətinin kalorili olduğu və immun sistemini gücləndirdiyi deyilir.

Ancaq öyrəşməyən orqanizmlər üçün xüsusilə, həzm prosesində problemlər yaratma ehtimalı var. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, alıcılar ət alarkən diqqətli olmalıdırlar:“At ətində qabırğaların enliliyi mal ətindən fərqlənir. At ətinin yağı qeyri-adi tam verir. Diqqətli istehlakçı bunu seçə bilər, amma heç də hamı at ətini digər ətlərədən fərqləndirə bilməz. Xüsusilə də çəkilmiş halda satılan ətlərdə, yəni, farşda bunu müəyyən etmək çətin olar. Ətin üzərinə mənşəyi yazılmalıdır və alıcı nə aldığından məlumatlı olmalıdır. Bu, istehlakçıların hüququdur. Amma bu hüquq pozulur. Çünki əksər hallarda hətta dişi heyvan əti erkək mal əti adı ilə satılır. Dişi heyvan ətinin satılmaması kimi bir qadağa da yoxdur, amma istehlakçı bununla bağlı məlumatlandırılmalıdır”.

70 min atdan moldovanlara pay

Azərbaycanda at ətinin açıq satışı normal qəbul edilməsə də, ixrac məhsulları arasında at əti də görə biləcəyik. Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən, 2017-ci ildə Azərbaycandan bu ölkəyə at əti ixrac edilməsi nəzərdə tutulub. At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkimin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldovaya göndərilməsi nəzərdə tutulur. Ekspertlərin məlumatına görə, Azərbaycanda cəmi 70 min baş at var və nəzərə alsaq ki, onların heç də hamısı zədəli deyil, deməli, at əti ixracı ölkəyə böyük qazanc gətirməyəcək. Amma onu da nəzərə alanda ki, at ətinin hər kilqoramı10 dollardan baha saıtlacaq, bu zaman sağlam heyvanların da xaricə satılma ehtimalı var. Müqavilənin şərtlərinə uyğun olaraq bir sıra regionlarda, o cümlədən, Gəncədə at kəsimi məntəqəsinin tikilməsi və soyuducularla təmini planlaşdırılır.

Axtalanmış heyvanların ətində daha yuksək enerji

Qida üzrə mütəxəssislərin sözlərinə görə, ətin qidalılıq dəyəri və dad keyfiyyəti, əsasən onun kimyəvi tərkibindən asılıdır. Ət çox mürəkkəb kimyəvi tərkibə malikdir. Adətən, ətin kimyəvi tərkibi dedikdə onun qidalılıq cəhətcə ən qiymətli sayılan hissəsinin- yumşaq ətinin (əzələ yağ və birləşdirici toxumaların təbii nisbətdə birləşməsi) kimyəvi tərkibi başa düşülür. Deməli, digər şərtlər eyni qaldıqda ətin kimyəvi tərkibi, birinci növbədə, onun tərkibindəki toxumaların miqdarından və nisbətindən asılıdır. Ətin kimyəvi tərkibinə insan orqanizmi üçün plastik material və enerji mənbəyi rolunu oynayan maddələr: su, mineral maddələr, zülal, lipidlər, karbohidratlar, azotlu və azotsuz ekstraktiv maddələr, vitaminlər, fermentlər və s. daxildir. Ətin tərkibində zülal 17%, yağ 20%, su 62%, kül 1% olduqda o yüksəkkeyfiyyətli sayılır.

Ətin kimyəvi tərkibi heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır. Heyvanlar yaşlaşdıqca onların ətində suyun və zülalın nisbi miqdarı azalır, yağın miqdarı isə artır. Cavan heyvanlardan alınan ət daha açıq rəngdə olur. Bu əzələdə mioqlobinin nisbətən az olması ilə izah edilir. Məsələn, buzovun əzələlərində mioqlobinin miqdarı 0,1% olduğu halda, yaşlı heyvan ətində onun miqdarı 0,4-1%, qoca heyvanların ətində isə 1,6-2% təşkil edir. Cavan heyvanların əti yaşlı heyvanlarınkına nisbətən daha zərif ətirə və dada malikdir, bu da ətdə müxtəlif miqdarda ekstraktiv maddələrin olması ilə izah edilir. Vitaminin miqdarına görə müxtəlif yaşlı heyvanlardan alınan ətlər bir – birindən az fərqlənir. Heyvanın cinsindən asılı olaraq ətin kimyəvi tərkibi az dəyişilir. Lakin axtalanmış heyvanların ətində su nisbətən az, yağ çox olduğundan yuksək enerjiyə malik olur.

Sevil Ağazadə

Cebhe.info

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930