Allahların və hökmdarların daşlara çevrildiyi sirli məkan

21.02.2017 - 02:56

Tanrıların, hökmdarların və digər varlıqların nəhəng heykəlləri Türkiyənin cənub-şərqində UNESCO irsinə daxil edilmiş, lakin o qədər də məşhur olmayan bir məkanda gözlərini ziyarətçilərə zilləyir.

Tanrıların, hökmdarların və digər məxluqların nəhəng heykəlləri UNESCO Dünya İrisnə daxil edilmiş bu məzarlığa gələn ziyarətçilərə gözlərini zilləyir. Eramızdan əvvəl 1-ci əsr ərzində kral I Antioks Kommagen adlı kiçik bir krallığı idarə etmişdir (ərazi bugünki Türkiyənin Adıyaman əyalətinə uyğundur). Təxminən e.ə. 34-cü ildə o vəfat edəndə Nemrud dağının Fərat çayının yuxarı hissəsinə baxan küləkli zirvəsində nəhəng daşlardan ibarət təpəcikdə dəfn edilmişdir.

 

Tanrıların arasında rahatlıq

Ölümündən öncə yazdığı yazılara əsasən, Antioks hündür, təcrid olunmuş və müqəddəs bir yerdə dəfn edilmək istədiyini bildirmişdi. Göründüyü kimi, o buna müvəffəq olmuşdu: o, bu Olimpiya yüksəkliyində öz panteonunu ucaltmış və tanrıların arasında “məskunlaşmağa” nail olmuşdu. İndi qərb terrasını bəzəyən nəhəng daş heykəllərdən qalan yalnız başlar və çınqıllardır.

Heyrətamiz mənzərələr

Nemrud dağının bir tərəfindən zirvəyə uzun, küləkli bir yol gedir. Bir neçə sancaqvari döngələrə baxmayaraq, yol qayalı dağlarla əhatələnən qeyri-adi mənzərələrə aparıb çıxarır. Nemrud Toros Dağ silsiləsinin cənub-şərq hissəsinə yaxındır və qonaqlar qonşu Adıyaman və Malatya şəhərlərindən bu dağıntılara asanlıqla gəlib çıxa bilərlər.

Şərqdən və qərbdən ikonalar

Nemrud dağının şərq terrası arxeoloqlara I Antioksun Hiyerotesyonu (Antioks tərəfindən Nemrud dağının ən yüksək təpəsində ucaldılmış heykəllərin hamısına və bunların düzülüş şəklinə verilen addır-K.M.) kimi məlumdur, əsasən allahların başları qarşısına qoyulmaqla bütöv bədənləri ilə səciyyəvidir.

Allahlar panteonu mədəni və dini ikonaların vəhdətinə görə tarixçilərin xüsusi marağındadır. Görünür, bu heykəllər Kommagen krallığının sərhəddindəki mədəniyyətlərin sintezi kimi çıxış etmişdir: İran və Zərdüştlüyün yaradıcı allahı və baş ilahı Ahura Məzda kimi Zərdüşt dini təsvirləri Zevs kimi yunan qarşılığı ilə birləşdirilib.

İki imperiya arasında tutulmuş

Baxmayaraq ki, bugün Antioksun başı onun heykəlinin qarşısında durur, o yenə də yanında yerləşən qartalla və krallığı Kommagenin baş ilahı ilə yaxşı mənada nəzərə çarpır.

I Antioks Kommagen krallığına e.ə. 69-cu ildən etibarən atasının varisi kimi hökmdarlıq etmişdir. Böyük Aleksandrın imperiyasının parçalanmasından sonra meydana çıxan bir neçə krallıqdan biri kimi Kommagen cənub-şərqi Anadolunun kiçik bir hissəsini tutdu və qərbdə Roma, şərqdə isə Parfiya olmaqla iki daha böyük imperiyanın arasında sıxışıb qaldı.

Çınqıllar məzarlığı

50 metr hündürlüyündə kiçik, formasız daşlar qalağı, əslində, Antioks üçün piramida şəklində tikilmiş(tumulus kimi bilinən) bir məzardır. Kommagen kralı kimi o, uzun hökmdarlar xəttinin, həm Ellinist Selevkilər İmperiyasının(ana tərəfdən), həm də İran Əhəmənilərin (ata tərəfdən) davamçısı olmuşdur.

Açıq dəfn yeri

B.e. 72-ci ilində, Antioksun ölümündən 106 il sonra Romalılar Kommagen krallığını ilhaq etdilər. Lakin onun Nemruddakı abidəsi 1881-ci ilədək – alman topoqrafları təsadüfən rastlamayana qədər tapılmamış qaldı. Arxeoloqların Antioksun dəfn yerinin daş sərdabənin altında olduğuna inandıqları halda, əsl məzar açılmamış qaldı. Hətta son radar axtarışı cəhdlərilə belə tədqiqatçılar kövrək olan piramida tumulusunu (bir məzardan və ya məzarlıqdan ibarət, torpaq yığılaraq düzəldilmiş təpəciklərə verilən addır, ən çox Anadolu, Trakya, Orta Asiya, Rusiya və Meksikada rast gəlinir- K.M.) dağıtmamaq üçün çox ehtiyat edirlər.

Antioksun şərəfinə

Məzarın şərq terrasına yaxın aslan heykəli qara daş lövhənin keşiyini çəkir. Bayram günlərində bu platformada ritual icraçıları bir neçə metr aralıdan əzəmətli taxtlarından onlara baxan tanrıların şərəfinə ayin üçün tonqallar yandırırdılar.

Əlbəttə ki, bu allahlara edilən qurbanlar həm də Antioksun şərəfinə idi – Kommagen kralı ağıllıca öz heykəlini Zevsin oxşarlarının yanına “yerləşdirmişdi” ki, sitayişçilər ona da ibadət etsinlər.

Fəratın mənbəyi

Adıyamanda başlayan, türk şəhəri Qaziantepin cənubundan axaraq Suriyadan keçib və nəhayət İran Körfəzinə tökülən Fərat çayının başlanğıcını iti gözlü alpinistlər seçə bilərlər. Nemrud, həmçinin, aktiv Şərqi Anadolu fay xəttinə yaxındır: hazırda UNESCO bir gün zəlzələnin məzarlığa və ya artıq kövrəkləşmiş heykəllərə zərər verə biləcəyindən ehtiyat edərək ərazini nəzarətdə saxlayır.

Gözlər səmaya

Nemrud dağı  dəniz səviyyəsindən 2134 metr yüksəklikdə yerləşir və son elmi tədqiqatlar heykəllərin ay təqvimindəki hadisələrlə istiqamətlənməsinin mümkünlüyünü axtarır. Astronomik əhəmiyyəti bir tərəfə, zirvə həm ziyarətçilərə, həm də keşik çəkən heykəllərə möhtəşəm görüntülərə şahidlik etmək imkanı verir.

 

Tərcümə etdi: Könül Mahmud

24saat.org BBC-yə istinadən

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88787

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930