Gözləri çıxarılmış, dişləri çəkilmiş, qolları sındırılmışdı… Döyüşçünün Xocalıda gördükləri

25.02.2017 - 12:41

Yandırılmış, dağıdılmış evlər, gülləbaran edilmiş, işgəncə verilmiş yüzlərlə uşaq, qadın, qoca…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri təsvir etməyə qələmin də gücü çatmır. Hətta faşistlər bu cür vəhşilik etməmişdilər. Xocalını günlərlə mühasirədə saxlayandan sonra 366-cı alayın köməyi ilə şəhərə hücuma keçən erməni quldurlarının əliyalın insanlara qarşı törətdikləri qəddarlıq barədə eşidəndə 24 ildən sonra belə adamın qanı donur…

Elə II qrup müharibə əlili, keçmiş Qarabağ döyüşçüsü, “Cəbi” ləqəbli prezident təqaüdçüsü Cəbrayıl Cəbiyevin Publika.az-a müsahibəsində dilə gətirdiyi faktlar kimi…

“Xocalılıları aldatmışdılar…”

Ağdamın özünümüdafiə qüvvələrinin döyüşçüsü Cəbrayıl Cəbiyev həmin günlərdə rayonun Şelli kəndi ilə Qaraqaya arasındakı məsafəni düşmən hücumundan qoruyurmuş: “Mən Fred Asifin (Milli qəhrəman Asif Məhərrəmov –red.) komandir olduğu batalyonda döyüşürdüm. Biz müdafiədə dayanmışdıq. İndiki kimi yadımdadır, Xocalının icra başçısı tez-tez Ağdama gələrək sakinlərdən yardım istəyir, kibritdən tutmuş, paltara, ərzağa qədər yığıb aparırdı. Son günlər Xocalı ilə ancaq vertolyotla əlaqə saxlamaq mümkün idi. Yollar bağlanmışdı. Fevralın sonlarında Xocalı ilə rabitə də pis idi. Ayın 25-də axşam saat 7-də postdan qayıtmışdıq. Buna görə həmin gecə posta çıxmayıb dincəldik. Nədənsə narahat idim, yata bilmirdim. Axşam güclü artilleriya səsləri eşitdik. Əvvəlcə aramsız top səsləri gəlirdi. Amma bilmirdik ki, atan kimlərdir. Çünki səslər Ağdam istiqamətindən də gəlirdi, Füzuli istiqamətindən də. Postlarda dayananlar arasında xeyli mülki adam vardı. Onların da silahları ancaq beşatılan idi. Fevralın 26-da səhər saat 6-da eşitdik ki, Xocalıda qırğın olub. Ağdam sakinləri küçələrə çıxdı. Hər kəs qırğın xəbərindən şoka düşdü. Bir nəfər faciədən elə təsirlənmişdi ki, avtomobilini divara çırpmışdı”.

Həmsöhətimiz deyir ki, ermənilər daha çox insan qırmaq üçün hiyləyə əl atıblar: “Hücum zamanı mülki şəxsləri, sakinləri girov götürmək, güllələmək üçün azərbaycanca danışır, kolluqlarda gizlənmiş mülki sakinləri azərbaycanca çağırırmışlar…

Xilas olmuş qadınlar danışırdılar ki, xocalılılar Qarqar çayının sahili ilə qaçanda, uzaqdan onları “ay qız, burdan gəlin, üzüaşağı hara gedirsiniz?” deyə çağırıblar. Qadınlar səs gələn tərəfə gedəndə onları çağıranların ermənilər olduğunu görüblər. Düşmən pusquda dayanaraq neçə-neçə əliyalın qadını, qocanı, uşağı belə məhv etmişdi.

Buna görə də ayın 27-də ayrı-ayrı yerlərdə tapdığımız yaralıların bəziləri bizi əvvəlcə erməni bilib qorxurdu”.

“Qadınların, uşaqların naləsi qulaq batırırdı…”

Döyüşçü deyir ki, Xocalının sağ qalmış sakinlərini xilas etmək üçün keçirilən xüsusi əməliyyat fevralın 27-də başlayıb: “Əks təqdirdə, şəhidlərin sayı bir qədər də artacaq, ordan çox az adam sağ çıxacaqdı. 6 erməni vurduq. Düşmən isə Nəbi adlı əsgərimizi şəhid etdi. Rəhmətlik “Qatır Məmməd”in (Yaqub Rzayev -müəll.) komandiri olduğu hərbi birləşmə 19-cu postdan hücuma keçib erməniləri geri çəkilməyə məcbur etdi. Onun döyüşçüləri “Rus postu”na çatanda gördük ki, ermənilər silahlarını götürüb qaçırlar.

Bizim batalyon da hücuma başladı. İrəlilədik, meyitlərin olduğu ərazi arxada qaldı. Orda-burda gizlənmiş qadınların, uşaqların, qocaların naləsi, qışqırığı qulaq batırırdı…

Allahverdi Bağırov ermənilərlə rabitəyə girdi, onlarla Xocalı şəhidlərinin cəsədlərinin daşınması məsələsini razılaşdırdı. Bundan sonra bəzi yerlərdə döyüş dayandırıldı. Vertolyotlarla meyitləri daşımağa başladılar. Ermənilər bəzi yerlərdə döyüşçülərimizə yaralıları və meyitləri daşımağa şərait yaratdılar. Jurnalist Çingiz Mustafayev meyitlərin olduğu ərazidə çəkilişlərə başladı.

Amma bəzi yerlərdə düşmənin müqaviməti ilə qarşılaşdıq. Atışma başladı. Altı düşmən döyüşçüsünü öldürüb, bir neçəsini yaralamasaydıq, cəsədləri çıxara bilməyəcəkdik. Həmin atışmada bizim də bir döyüşçümüz yaralandı”.

Cəbrayıl deyir ki, Xocalı alova bürünmüş, evlər yandırılmışdı. Bir qədər irəli gedəndə görüblər ki, Aqil Quliyevin (ölümündən sonra Milli qəhrəman adına layiq görülüb –red.) əsgərləri onun cəsədini aparırlar: “İlk öncə fermanın yaxınlığında kolların arasında gizlənmiş qadını və 5 yaşlı qızını xilas etdik. Bir qədər irəliləyib yaşlı kişini və Müşfiq adlı gənc oğlanı xilas etdik.

Nar ağaclarının bitdiyi ərazidə ayağından yaralanmış kişi tapdıq. Çoxlu qan itirmişdi, yarasını sarıdıq. İki əsgərimiz onu adyala büküb Ağdama apardı. Bir qədər də irəlilədik, daha iki qadını və iki gənci xilas etdik. Mənə xüsusi ampulalar verilmişdi. Onları ayaqları, əlləri donmuş insanlara vuranda donvurmanın giziltisi, ağrısı kəsirdi.

Ayağından yaralanmış uşaq vardı. Yarasına dərman vuranda elə sızıldayırdı ki…”

“Bütün dişlərini çıxarmışdılar…”

O qanlı-qadalı günlərin şahidlərinin sözlərinə görə, Xocalıda yaralanmış sakinlərdən birinin ayağını isti suya salıblar ki, donu açılsın: “Dəmir vannaya tez-tez qaynar su tökür, ayaqlarını ovuşdururdular…

Yaralıların sayı o qədər idi ki, Ağdam xəstəxanasında boş palata qalmamışdı. Buna görə də dəmiryol stansiyasına vaqonlarla hospital göndərilmişdi. Körpələrin, əlləri, ayaqları donmuş uşaqların, qadınların, qocaların sayı-hesabı bilinmirdi…

Meyitləri daşımağa başladıq. Əvvəlcə mülki insanların – bir kişinin, qadının, sonra da gənc oğlanın cəsədini tapdıq. Ermənilər qadının bütün qızıl dişlərini çıxarmışdılar. Ağzı, sifəti qana bulaşmışdı. Öldürdükləri adamların üst-başını axtarmışdılar, qadınların paltarlarının yaxalarını cırmışdılar…

Xocalı sakinlərinin cəsədləri çöllərə səpələnmişdi. Meyitlər yük maşınlarında daşınırdı. Bir qismi düşmən gülləsinə tuş gəlmişdi. Amma donub ölənlər də çox idi”.

C.Cəbiyev deyir, elə mənzərələr görüb ki, hələ unuda bilmir və heç vaxt da unutmayacaq: “Bir uşağın meyiti hələ də gözümün qabağındadır. Əlləri o qədər üşümüşdü ki, barmaqlarını ağzına soxmuşdu. Güllə yarasından yox, elə ağlaya-ağlaya da donub ölmüşdü…

Qadınlardan biri azyaşlı körpəsi ağlayıb erməniləri duyuq salmasın deyə, əlləri ilə uşağın ağzını yummuşdu. Beləcə də ölmüşdü…

Bu cür qandonduran hadisələr çox olmuşdu…

… Bir ərazidə ermənilərlə məsafəmiz təxminən 30-35 metr olardı. Biz aşağıda, onlarsa yuxarı mövqedə idilər. Başımızı qaldıran kimi atırdılar. Kolluqda Xocalı sakininin cəsədi qalmışdı. Kəndiri onun meyitinə ilişdirib yavaş-yavaş özümüzə sarı dartdıq. Güllə altında zorla çıxardıq.

Daha sonra 4 yaşlı uşağı və anasını təhlükəli ərazidən uzaqlaşdırdıq. Əsgərlərimizdən biri körpənin barmaqlarını ovcuna alıb ovuşdurdu, sonra ağzına salıb qızdırdı ki, donmasın. Uşaq o əsgərin sayəsində sağ qaldı.

Mən isə qoca bir kişinin cəsədini çiynimə aldım. Az əvvəl dünyasını dəyişmişdi. Qanı çiynimə axırdı…

O qədər yaralı, meyit daşımışdıq ki, pal-paltarımız qana bulaşmışdı… Ancaq 17 gün sonra hamamda yuyunmaq imkanım oldu. Paltarımı soyunanda gözlərimə inanmadım. Bədənimin çiyindən aşağı hissəsi qurumuş qan idi. Xocalıda gördüklərimdən elə dəhşətə gəlmişdim ki, bunun fərqində olmamışam…”

O qızı tapın…

Müsahibim ölənlərin cəsədlərini Allahverdi Bağırovun Azərbaycan Xalq Cəbhəsinin Ağdam Rayon Şöbəsinin binası qarşısında qəbul edib qeydiyyata aldığını xatırlayır: “Bundan sonra meyitləri yumaq üçün məscidlərə aparırdılar. Ağdam sakinləri – qadınlar, 16 yaşından yuxarı qızlar, hətta hamilə qadınlar məscidlərdə şəhidlərin cəsədlərini yuyub kəfənləyirdilər.

Ağdam sakinləri yaralıların bir qismini evlərinə apardı. Üç övladı olan ananın fəryadı hamımızı sarsıtmışdı. Onun qızlarından ikisinin taleyi məlum deyildi. Ağdamlılar qadına nə qədər evlərinə getməyi təklif etsələr də, o qəbul etmədi. Soyuq, qarlı havada çöldə dayanaraq övladlarından xəbər gözləyirdi…

Hospital kimi istifadə edilən vaqonlardan birinin qapısı ağzında kiçik qız dayanmışdı. Başına şal bağlamışdılar. Barmaqlarının ucu soyuqdan qıpqırmızı olmuşdu. Əllərinin donu təzə açılırdı deyə, barmaqlarından su axırdı. Yaxınlaşdım, əlimdəki dərmanları göstərib dedim ki, “ana, görürsən, sənə dərman gətirmişəm. Tezliklə sağalacaqsan, narahat olma…”. Həmin uşağı sonra heç yerdə görmədim. Onu bu günə qədər hər yerdə axtarıram. Ümid edirəm ki, bəlkə nə vaxtsa tapdım…”.

Cəbrayıl Cəbiyev deyir ki, o ağır günlərin bir anını belə ömrü boyu unutmayacaq: “Xüsusən bəzi məqamlar yaddaşıma əbədi həkk olundu. Bir dəmiryolçu vardı. Neçə gün idi, Xocalıda itkin düşmüş 33 yaşlı bacısını axtarırdı. Bir gün bir qadının meyitini gətirdik. Çağırdıq ki, “gəl bax, bəlkə, bu, bacının cəsədidir”. O, qadının meyitini görəndə elə nalə çəkdi ki!.. Onun bacısına dediyi ağılar indi də qulaqlarımı batırır, tüklərim biz-biz olur.

Ermənilər mülki sakinlərin başına oyun açmış, dəhşətli işgəncələr vermişdilər. Bir Xocalı sakininin ayaqları elə hala düşmüşdü ki, həkimlər kəsməli oldular. Qadınların döşlərini, kişilərin qulaq-burunlarını kəsmişdilər. Gördüyüm bir gəncə 3 bıçaq vurmuşdular, işgəncələrlə sındırılmış qolunun sümüyü sallanırdı…

Ayağı sındırılmış qadın vardı. Sağ qalmış şahidlər dedilər ki, ermənilərin qızının başına oyun açmaq istədiklərini görəndə, əliyalın onlara hücum çəkmişdi. Buna görə əvvəlcə ayağını sındırmışdılar, sonra da güllələmişdilər.

Bir oğlanın barmaqlarını qapının arasına qoyub sındırmış, sonra öldürmüşdülər.

Qəbiristanlığın yanında meyitini tapdığım kişini də işgəncə ilə öldürmüşdülər…

Sağ qurtulanlardan bir neçəsi deyirdi ki, ermənilər 4 qadını avtomatın qundağı ilə döyə-döyə “sizə 7 ay əvvəl demədik, Xocalını tərk edin?!” söyləyirmişlər…”.

Qarabağ döyüşçüsü sonda onu da vurğuladı ki, bütün bunlara baxmayaraq, az olsa da, erməni cəlladlarının bəziləri qısa müddət ərzində cəzalarını alıblar: “Faciənin baş verdiyi ərazidən, ümumilikdə, 233 Xocalı sakininin meyitini çıxardıq. Cəsədlərin daşınması, yaralıların xilası məqsədilə sonuncu əməliyyatı martın 6-da keçirib, daha bir neçə meyit gətirdik. Həmin gün birinci dəfə 3, ikinci dəfə 2 meyit tapdıq.

Xocalı soyqırımının törədilməsində iştirak etmiş, kolluqlarda, çay yataqlarında gizlənmiş bir neçə erməni döyüşçüsünü tapıb güllələdik. Az da olsa, bir neçə nəfəri əsir götürdük. Elə təkcə mənim iştirak etdiyim atışmada 6 erməni məhv edildi. Sonrakı günlərdə daha 13 düşmən öldürdük. Ermənilər onların meyitlərini sürüyüb aparırdılar.

Faciədən bir neçə gün sonra 9 erməni qadınını girov, 3 əsgəri əsir götürdük. Əsgərlərdən biri zənci idi, yaralanmışdı, az sonra öldü.

İki erməni döyüşçünü isə Allahverdi Bağırov 5 Xocalı sakininə, 1 döyüşçüyə dəyişdi…”

Anar Tağıyev

QEYD: Müsahibə ötən il Xocalı faciəsinin ildönümü ərəfəsində alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930