Bakıda hər gecə sərnişin dolu avtobusu ölümə aparan sürücülər – FOTO – VIDEO
Sərnişin: “Hər dəfə keçirdiyimiz stress bizə bəs edir”
Söhbət 202 saylı marşrut xəttindən gedir. Belə ki, sürücülər hər gün içi sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsinə sürürlər və yanacaq doldururlar. Bu isə insanların həyatı ilə risk etmək deməkdir.
Musavat.com xəbər verir ki, qanuna əsasən ictimai nəqliyyat sürücülərinin belə bir addım atması qadağandır. Bu durum uzun zamandır ki, davam edir. Hər gün Biləcəri qəsəbəsindən yola düşən və metronun “Nəriman Nərimanov” stansiyasına kimi hərəkət edən avtobuslar metronun “Azadlıq” stansiyasına yaxın yanacaqdoldurma məntəqəsinə daxil olurlar.
Hər dəfə də avtobusda 20-dən çox sərnişin olur. O anda baş verə biləcək partlayış bu qədər insanın ölümü ilə nəticələnə bilər. Sakinlər deyirlər ki, onlar hər dəfə sürücülərə buna görə etiraz edirlər, amma faydası yoxdur. Alternativ avtobus olmadığı üçün də məcbur qalıb bu xətdən istifadə edirlər: “Biz hər gün ölümlə savaşırıq. Sərnişin dolu avtobusu sürürlər yanacaqdoldurma məntəqəsinə. Bir nəfər orada səhv etsə, yanğın olsa, hamımız öləcəyik. Heç səhvə də ehtiyac yoxdur. Marşrut avtobusları onsuz da köhnədir. Yanacaq dolduran zaman hər şey ola bilər. Hər dəfə keçirdiyimiz stress bizə bəs edir”.
Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məsələyə münasibət bildirib.
Musavat.com saytına danışan agentliyin sözçüsü bildirib ki, sürücü dərhal işdən azad ediləcək: “Bu tipli hadisələr zamanı bizim tək bir qərarımız var. Sürücüyə heç bir güzəşt edilmir və dərhal işdən çıxarılır. Çünki yolverilməz addımdır. Sizin saytınız vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin sahiblərinə də müraciət edirik ki, daha məsuliyyətli olsunlar. Əgər onlar sərnişin dolu marşrut avtobuslarına xidmət göstərməsələr bu tipli hadisələr aradan qaldırılar. Biz dəfələrlə Bakıda fəaliyyət göstərən yanacaqdoldurma şirkətlərinə yazılı müraciət ünvanlamışıq ki, onlar belə hadisələrin yaşanmaması üçün sərnişin dolu avtobuslara xidmət göstərməsinlər. Amma görünən budur ki, məsələ öz həllini tapmır. Bu səbəbdən çox istərdik ki, qanunvericilikdə dəyişiklik edilsin. Analoji hadisələrdə sürücülərdən daha çox yanacaqdoldurma məntəqələri cərimə edilsin. Çünki biz bu gün belə bir sürücünü işdən azad edəcəyik, sabah digəri eyni addımı atacaq. Əgər onlara xidmət göstərilməsə sürücülər məcbur qalıb qanuna riayət edəcəklər. Amma buna baxmayaraq biz sizdə olan görüntülər əsasında daşıyıcı şirkətə müraciət edəcəyik və dərhal bununla bağlı tədbir görüləcək. O sürücü işdən azad ediləcək”.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=96434