2017-ci ildə ölkə gündəminə damğa vuran həkim səhvləri və qurbanları – SİYAHI
İnsana ömür verən Allahdır deyirlər. İnsanı kiməsə etibar edəndə deyirlər ki, göydə Allaha, yerdə isə sənə tapşırıram. Bu sözün özündə çox kəskin və ağır məna yükü var. İnsanın həyatı kimdənsə asılı olur.
Xəstə olanda xəstəni sağaltmaq həkimin vəzifəsinə çevrilir. Bu həkimin peşəsinə nə dərəcədə vicdanlı yanaşıb-yanaşmamasından asılıdır. Doğrudur, həkim Allah deyil, amma insan ömrü bir növ onun əllərindən asılıdır.
Həkim müqəddəs və çətin peşədir. Yazını yazmaqda məqsədimiz həkimləri təhqir etmək deyil. Həkim peşəsini layiqlə, şərəflə işləyən, bu peşənin haqqını verənlər də çoxdur. Biz verməyənlərə toxunaq.
Həkim səhvi ucbatından yarımçıq qalan həyatlar, puç olmuş ümidlər, ömürlük çırağı sönən evlər…..
A24.Az 2017-ci ildə həkim səhvi ucbatından yarımçıq qalmış həyatların siyahısını təqdim edir:
Bunlar mediaya bəlli olanlardır.
Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə həkimlərin səhvi ucbatından həyatını itirdi.
Belə ki, Siyəzən sakini Mazan Əzimov martın 19-da soyuqdəymə əlamətləri və yüksək hərarəti olan 5 aylıq oğlu Cahidi rayondakı Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Uşağın hərarətini salmaq üçün həkimlər bağırsaqları yumaq qərarına gəliblər. Kortəbii aparılan müalicə nəticəsində onun bağırsağına normadan artıq su yeridilib. Nəticədə uşağın bağırsağı zədələnib və qanaxma baş verib. Uşaq dünyasını dəyişib.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasına sağ said sümüyünün sınığı xəsarəti ilə daxil olan Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Qoşqar oğlu Mehralıyev dünyasını dəyişib. 9 yaşlı uşağın ölümünə narkozdan sonra ürəyinin dayanması olub.
Tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva həkim səhlənkarlığının qurbanı olub.
Fatma əməliyyata girdikdən 2 gün sonra ciyərləri imtina edib.35 yaşlı Fatma uzun illərdir Musiqili Teatrın geyim sexində çalışıb. Fatmanın ölümünə səbəb həkim səhlənkarlığının səbəb olduğu iddia edildi.
Ucarda üzərində cərrahiyyə əməliyyatı olan şəxs Bakıda ölüb. Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasov boğaz nahiyəsində yaranmış problemlə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Müayinədən sonra həkimlər xəstəyə əməliyyat olunmasının vacib olduğunu bildiriblər. Boğazından əməliyyat olunan B. Abbasov əməliyyatdan sonra komaya düşüb. Xəstə təcili olaraq paytaxtın Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. 14 gün komada qalan 2 uşaq atası B. Abbasov xəstəxanada ölüb.
Şəki Texnologiya Texnikumunun 19 yaşlı tələbəsi Samir Kərimlinin vaxtsız ölümündə onu əməliyyat edən həkim günahlandırılır.
S.Kərimlinin gənc yaşında ölümünə ”Elmed” klinikasının travmatoloq-cərrahı İsmayıl İsayevin səhlənkarlığı səbəb olub. Samirdə 7 millimetrlik törəmə olduğu halda biopsiya olunmalı idi, amma əməliyyat ediblər. Biopsiyanın cavabında bədxassəli şiş çı çıxıb. Həkim xəstəni mikromanupulyasiya-qansızma əməliyyatı edib. Sonradan məlum olub ki, onkoloji xəstəliyi var. Xəstənin xərçəng olması əməliyyatdan sonra bilinib.
Bu yaxınlarda modelliklə məşğul olan Leyla adlı şəxs liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan iki gün sonra – 25 iyun tarixində isə gənc qız vəfat edib.
Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar irəli sürülüb. Qızın həkimin səhvi ucbatından öldüyü iddia edilib.
Günəş Əhmədova 2 uşaq anasıdır. 2010-cu ildə dizində ağrılar səbəbindən Buzovnada, Onkalogiyada və Travmatologiyada müayinə olunub.
2010-cu ildə Bakının ən məhşur yerlərində biri olan Travmatologiyada əməliyyat olunub. Şiş götürülərək yerinə sümük doldurulub. Daha sonra fasilələrlə 3 dəfə əməliyyat keçirib. Uzun müddətdən sonra xəstənin xərçəng olduğu aşkarlanıb. Günəş hazırda çarəsiz şəkildə ölümünü gözləyir. Onun bu hala düşməsində günah həkimlərdə olub. Yanlış diaqnoz və həkim məsuliyyətsizliyi xəstəni ölümcül hala salıb.
Kim bilir mediaya bəlli olmayan və xəbər tutmadığımız neçə belə hallar var.
İl başa çatmayıb. Ümid edək ki, bu hallar bir daha təkrarlanmayacaq və siyahı uzanmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=97787