Futbolumuzun tarixi günü – bu gün bütün Azərbaycan “Qarabağ”dır…

15.08.2017 - 10:05

Bilet satışı ilə bağlı iradlar var; “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri iddialara cavab verdi

Avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan çempionu “Qarabağ” yeni tarix yazmaq üçün yaşıl meydanlara çıxacaq. Çempionlar Liqasının pley-off mərhələsində Ağdam klubumuzun rəqibi Danimarkanın “Kopenhagen” klubudur.
Bu gün istənilən halda Azərbaycan futbolu indiyə qədər ki ən gözəl gününü yaşayacaq. “Qarabağ” ilk ölkə klubu olaraq mötəbər turnirin bu mərhələsində iştirak edəcək, ilk dəfə olaraq, ölkəmizdə Çempionlar Liqasının himnini səsləndirəcək. Artıq həyəcan pik həddə çatıb və bütün diqqətlər axşamkı oyuna yönəlib. Oyuna maraq isə ifadə edilməyəcək dərəcədə yüksəkdir. Biletlərin satışa çıxdığı ilk gündə 15 min biletin satılması hər şeyin sübutudur.
Oyundan bir gün öncədən biletlərin tükəndiyi barədə xəbərlər yayılıb. Məlumatın ardından biletlərin müxtəlif şəxslər tərəfindən alındığı, oyun öncəsi qanunsuz şəkildə azarkeşlərə satılacağı ilə bağlı sosial şəbəkələrdə müzakirələr açılıb. Xüsusilə, aşağı qiymətə olan biletlərin sürətlə satışının təsadüf olmadığı və məhz bu biletlərin qat-qat yüksək qiymətə satılacağı deyilir.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov səslənən iddialara “Yeni Müsavat”da münasibət bildirdi: “Bu dəqiqə o qədər ojetaj var ki, kimsə biletini alıb kənarda satırsa, bu klubun birbaşa müdaxilə edəcəyi iş deyil. Ölkənin hüquq mühafizə orqanları var. Bu onların səlahiyyətinə aid məsələdir. Qeyri-qanuni yollarla bilet satanların qarşısını o qurumlar ala bilərlər. Klub olaraq, kassadan kiməsə 2-3 biletdən artıq bilet satmamışıq. Biletlərin əksəriyyəti satılıb. İki sektor qalıb, 5 və 25-ci sektorlar. Oyundan üç saat öncə növbəli şəkildə həmin sektorların biletləri satışa çıxarılacaq ki, insanlar gəlib oradan bilet ala bilsinlər. Bu sektorlardakı biletlərin sayı isə təxminən minə yaxındır. Hazırlıqlar artıq bitmək üzrədir”.
“Qarabağ” rəsmisi oyunçuların hazırlıqlarından da danışdı: “Futbolçular normal şəkildə oyuna hazırlaşıblar. Heç bir problem yoxdur. Artıq yeni mərhələdə oyuna çıxırıq. Ümid edirik ki, nəticə bizim xeyrimizə olacaq”.
Qeyd edək ki, biletlər satılıb qurtardıqdan sonra “Qarabağ” – “Kopenhagen” oyununu stadionda ümumilikdə 30 min 700-dən çox tamaşaçı izləyəcək.
“Kopenhagen” Bakıya 20 nəfərlik heyətlə gəlib. Qol.az-ın məlumatına görə, onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen, 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyer Benqtsson, 15. Mikael Antonsson, 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27.

Mixael Lüftner

Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander, 11. Andriya Pavloviç, 28. Pyeros Sotiryu, 40. Karlo Holse
“Fikrimcə, ”Qarabağ”la oyunlarımız əla şou olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kopanhagen”in idman direktoru Yohan Lange Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun öncəsi Danimarka mətbuatına deyib.
Ağdam klubunun Topaz Premyer Liqanın ilk turunda “Neftçi”yə qarşı ilk oyununu stadiondan canlı izləyən klub rəsmisi bildirib: “Rəqib çox istedadlı komandadır. Topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik”.
“Qarabağ”ın isə rəqib qarşısına avqustun 11-də ölkə çempionatında “Neftçi” ilə oynadığı heyətlə çıxacağı gözlənilir. Kiçik dəyişikliklərin ola biləcəyi istisna edilmir. Artıq bu barədə günlər öncədən “Neftçi” ilə oyundan sonra mətbuat konfransında klubun baş məşqçisi Qurban Qurbanov məlumat verib: “Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdur. Bütün oyunlarımıza baxırlar. ”Neftçi” ilə görüş bizim üçün vacib idi. “Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq”.
Məlumat üçün bildirək ki, “Qarabağ” artıq 4-cü dəfədir ki, Avropa Liqasının qruplarında iştirakını təmin edib. Belə ki, Moldovanın “Şerif” komandası ilə iki oyunun nəticəsindən sonra ilk Azərbaycan klubu olaraq Çempionlar Liqasının qruplarının bir addımlığında dayanıb. Əgər “Kopenhagen”dən iki oyunun (cavab oyunu avqustun 23-dədir) nəticəsinə görə üstün olarsa, Çempionlar Liqasının qruplarına düşəcək. Əks nəticə olacağı təqdirdə isə, klubumuz Avropa Liqasının qruplarından mübarizəsini davam etdirəcək. Onu qeyd edək ki, Çempionlar Liqasının qruplarında iştirak etmək istənilən klub üçün maliyyə baxımından olduqca önəmlidir. Mötəbər turnirin təkcə qrupuna düşən komanda 12 milyon avro qazanır. Qruplardakı oyunlarda isə, heç-heçə 500 min avro, qələbə isə bir milyon avrodur. Məşhur xarici futbolçuların “Qarabağ” kimi klublara maraq göstərmələri, eləcə də futbolçular almaq baxımından da Çempionlar Liqasının qruplarında olmaq çox önəmlidir.
“Yeni Müsavat” olaraq, Qarabağ adını dünyada qürurla daşıyan klubumuza “Kopenhagen”lə oyunlarda uğurlar arzulayırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=98090

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930