Çimərliklərdə xalqın cibini necə soyurlar
Küləkli havada çimənlər, dənizdə “qanun” yazanlar-çimərliklərdən reportaj
Çimərlik mövsümünün başa çatmasına təxminən 10 gün qalıb. Mövsümün nə vaxta qədər davam etməsinin havanın temperaturundan asılı olduğunu söyləsələr də, görünən budur ki, əksər insanlar dənizə girmək eşqinə düşdüyü zaman havaya bir o qədər də fikir vermirlər. Əgər belə olmasaydı, küləkli havada, “qadağandır” lövhəsinin arxasında onlarla insan çimməzdi. Statistikaya görə, son bir ay ərzində ölkə çimərliklərində 11 nəfər boğulma təhlükəsi ilə üzləşib ki, onlardan da 7-si ölümlə nəticələnib…
Mövsümün son günlərində Novxanı və Mərdəkan çimərliklərində olduq. Öncədən qeyd edək ki, olduğumuz çimərliklərin hər ikisi pulludur və buradakı hər bir xidmət üçün də ayrıca ödəniş tələb olunur.
İlk olaraq üz tutduq Novxanıda yerləşən özəl çimərliklərin birinə. Burada dəniz sahilində ard-arda özəl çimərliklər salınıb. Bu çimərliklərin sahibləri quruda öz ərazilərini hasara aldıqları kimi, dənizin də içərisindən ip çəkərək, su sərhədlərini təyin ediblər. Çimərliyə gələnlər bu ipi keçib, digərinin “ərazisi”nə keçmirlər. Keçə də bilməzlər. Çünki bunun qarşısını almaq üçün də ayrıca nəzarətçilər var…
Havanın küləkli olmasına baxmayaraq, çimərliyin girişində avtomobil saxlamağa yer yox idi. İçəri girmək istəyən bahalı avtomobil sahibləri nə qədər çox pul təklif etsələr də, nəzarətçi acizanə görkəm alaraq yerin olmadığını bildirirdi.
Qapıdakı müzakirələrdən yaxa qurtardıqdan sonra içəri keçib, boş stolların birində əyləşdik. Dərhal ofisiant yaxınlaşaraq bildirdi ki, stol üçün 15 manat ödəməlisiniz. Öyrəndik ki, həftəiçi burada boş stolların qiyməti 10 manat, həftə sonu isə 15 manat olur. Müştərilərdən bəziləri narazı şəkildə bildirirdilər ki, elə bu stolların təzəsinin bazarda qiyməti 15 manatadır.
Ofisiant isə hər narazı şəxsə cavab verirdi ki, buranın qanunu belədir. İstəməyən, gəlməsin…
Məsələ bununla da bitmir. 15 manat xaricində nə sifariş versən, onu beş-altı qat baha qiymətə satırlar. Məsələn, çimərlikdə ən çox yeyilən bir boşqab qarpız, pendir və çörək burada 9 manata satılır. Mürəbbəli çayın qiyməti isə 6 manatadır. Əgər yemək yesən, o zaman bir şiş kabab 10 manatdır. Ancaq bir şərt də var ki, bunları almaq üçün gərək əvvəlcə 15 manat verib, boş stol götürəsən. Stol götürməsən adicə çay belə ala bilmərzsən. Həmçinin içəri qarpız və digər yeməkləri də keçirmək yasaqdır. Üzərində uzanmaq üçün işlədilən ləvazimata isə əlavə olaraq 3 manat ödəmək lazım gəlir. Bu qiymətlərə və şərtlərə baxmayaraq, yuxarıda da qeyd etdiyimiz kimi, çimərlikdə insan əlindən yer tapılmırdı. Burada turistlərə də rast gəlmək olur. Xidmətçilər bildirdilər ki, turistlərin əksəriyyəti ruslar, türklər və pakistanlılardır. Burada ərəblərə çox az halda rast gəlmək olur. Müşahidə etdik ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xidmət aparırlar və küləkli havada çimənlərə daha da ciddi nəzarət edirdilər. Bu baxımdan, sevgilisi ilə insanlardan uzaqlaşıb dənizin içərilərinə doğru çəkilmək istəyənləri, dostları ilə üzgüçülük yarışı keçirənləri heç də mövcud mühit qane etmirdi. Nəticədə FHN əməkdaşları onlara, onlar da FHN əməkdaşlarına irad bildirirdilər. Onu da qeyd edək ki, çimərlikdən çıxıb, yuyunmaq üçün 1.5 manat pul ödəməlisən.
Novxanı çimərliyindən ayrıldıqdan sonra yol aldıq məşhur “Qızıl qum” çimərliyinə. Müşahidə etdik ki, buradakı vəziyyət Novxanıdan çox fərqlidir. Fərqlilik elə girişdəcə hiss olunur. Belə ki, çimərliyin ərazisində heç kim dayanacaq nəzarətçisinə yer üçün yüksək məbləğ təklif etmirdi. Əksinə, dayanacaqda bir nəfər yeniyetmə dayanıb, tez-tez “yerlərə endirimlər” deyib qışqıraraq, müştəri yığırdı. Elə stolun da pulunu hələ içəri keçmədən öncə oradaca alırlar. Belə ki, burada taxtadan düzəldilmiş oturmaq üçün yerlər həftə içi 5 manat, həftəsonu isə 7 manatadır. Əgər geyinib-soyunma yerindən (taxtadan düzəldilmiş kiçik və natəmiz yer) istifadə edirsənsə, dayanacaqda qışqıraraq müştəri çağıran uşaq dərhal səni haqlayıb, 20 qəpiyini alır. Hər iki çimərlikdə aldıqlarımızın müqabilində bizə qəbz vermədilər.
Müşahidə etdik ki, burada Novxanıdan fərqli olaraq hər kəs özü üçün qarpız, pendir və digər bu kimi qidalarla gəlir. Hətta samovar gətirib, çay qoyanlar da var idi. Çox az adam yaxınlıqda yerləşən kafedən nə isə sifariş verirdi. Hava küləkli olsa da burada təhlükəsizlik tədbirləri çox aşağı idi. İnsanlar da hündür dalğalara məhəl qoymayıb, əksinə, dalğanın üstünə atılırdılar. Qadınlar adi gündəlik geyimdə suya girir, uşaqların əksəriyyəti isə paltarsız çimirdilər. Yüksək dalğa olmasına baxmayaraq, valideynlər uşaqlara demək olar ki, nəzarət etmirdi.
Söhbət etdiyimiz Mərdəkan sakini Əflatun İmanov bildirdi ki, hər həftə nəvələri ilə bu çimərliyə gəlir:
“İndi nəvələrim harada çimirsə, mən də orada çimirəm. Qocalıq üzməyə imkan vermədiyi üçün dərinə getmirəm. Ona görə də biz tərəfdə deyirlər ki, nəvə ilə babanı fərqləndirən bircə onların yaşıdır (gülür). Mənim öz uşaqlığım da buralarda keçib. Əvvəllər dənizdə kim istəsə, pulsuz-parasız gəlib çimərdi. İndi içəri keçmək üçün 7 manat alırlar. Bir şey var ki, camaat əvvəl buranı zibilləyirdi. Dənizdə çiməndə day üstümüzə yapışmayan şey qalmırdı. Hər kəs yediyini dənizə atırdı. İndi isə o baxımdan yaxşıdır ki, təmizlikdir”.
“Niyə küləkli havada uşaqları suya buraxırsınız”, deyə verdiyimiz suala isə ağsaqqal əlini yelləyib, “heç nə olmaz” deyib suya girdi.
Əli RAİS,
Fotolar müəllifindir







Short URL: http://www.cumhuriyyet.net/?p=98402