Həmid Herisçi Bayram Kürdəxanılının evində gördüklərindən yazır
Ölüm, yoxsa qətl?: meyxanaçıların müəmmalı sonu…
Meyxanaçı Bayram Kürdəxanılı, bakılılar demiş, “dəmyə meyxana” demək işində çoxlarını kölgədə qoymuşdu. Uzun, nataraz kölgəsi hərdən şair-yazıçı tayfasını da təqib edirdi. Deyirdi, bəs “şair-yazıçı mənəm, siz deyilsiz”.
Azərbaycan yazıçı-şairləri çoxdan təhlükəli deyillər. Şair həyatının gərgin dramaturgiyasından, sadə dillə desək, şair taleyindən bizim ştatlı şairlər çoxdan-hələ 1937-ci ildən üzübəri əllərini üzüblər. Şair taleyini bizdə sonuncu dəfə Müşfuq yaşayıb, sonra Əliağa Vahid. Sonra bir nəfər də qələt edib bu talenin böyründən yel olub keçə bilməyib.
Şair taleyinə o vaxtdan bəri bizdə meyxanaçılar yiyələnib. Xalqla öz aralarındakı məsafəni xeyli qısaldıblar. İndi xalq, “şair” deyəndə gözü qarşısına yalnız meyxanaçıları gətirir. “Kulis” kimi ədəbi saytların təbliğ etdiyi imzaları əsla tanımır.
Sərbəst vəzndə, qafiyədə yazan şairləri indi nə dövlət maliyyələşdirir, nə də sadə xalq. Xalqın sevgi hədəfi, bəli, bu həqiqətdir-meyxanaçılardı.
İlk növbədə rəhmətlik Elçin Atakişiyev, Məşədi Baba Aydəmirov, Nizami Rəmzi, Kəbir Azəri və nəhayət iki gün əvvəl dünyasını dəyişmiş Bayram Kürdəxanılı kimi gözü xumarlı meyxanaçılar.
Rəhmətlik Mehdi Bayazid demişkən, “tale qırmancı” indi ancaq meyxanaçıların kürəklərini zolaqlayır.
“Zolaqlayır” da sözdü? Meyxaçıları son zamanlar sanki qara bir qüvvə təqib etməkdədir. İzahsız, səbəbsiz ölümlər ipə-sapa yatmır. Tabutlar, mafələr meyxanaçıların qapısı kandarında “sıraya düzülür”.
Səbəb nədi? Ətrafımdakı sükutdan qorxub məcbur qalıram sualıma özüm cavab verim: “Heç nə…Şair taleyi, vəssalam”.
AYB, AYO üzvləri çoxdan bəri bu təhlükəli taleni öz həyatlarından birdəfəlik siliblər..
***
Meyxanaçıların ölümü Azərbaycanda həmişə pıçapıç, söz-söhbət, qanadlı şayiələrlə müşayiət olunub. Siyahı uzundu. İlk onluq, Nizami Rəmzi ilə Kəbir Azərin, Elçin Atakişiyevin adları ilə açılır. Mətbuat adətən belə hallarda ictimaiyyətə xəsis məlumatlar ötürür. Mərhumların ünvanına qısa başsağlığı ilə kifayətlənir. Aşağadakı növbətçi məlumatlar kimi: “Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da Bakı şəhəri 28 May prospektində – dostu, meyxana ustası Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub”.
Elçin Atakişiyevin ölümü ilə bağlı bilgilər də yarımçıqdı. Qısadı. Çox da şübhəli, ziddiyyətlidi. Xüsusən, bax bu məlumatın sonu mənə çox şübhəli görünür: “11 fevral 1994-cü ildə yaxın dostu Məşədibaba Aydəmirovla arasında baş vermiş mübahisə zamanı, Məşədibaba tərəfindən bıçaqla yaralanmışdır, şəxsiyyəti müəyyənləşdirilə bilməyən şəxslər tərəfindan xəstəxanaya gec çatdırıldığı üçün çox qan itirərək həyatını itirmişdir”.
Kimdi həmin bu “şübhəli şəxslər”? Niyə barələrində kimsə indiyədək bir doğru-dürüst söz söyləmir?
Oxşar şübhələr, məşhur meyxana ustası Məşədibabanın ölümü ilə əlaqədar söylənsə də, nə xeyri? Qatillər göz önündəcə suya dönüb havaya buxarlanıblar. Ortada bir əfsanə gəzir bəs guya Məşədibaba intihar edib. Dövrü mətbuatımız belə vaxtlar adətən ağzına su alaraq susmağa üstünlük verir. Meyxana ustalarının müəmmalı ölüm səhnələrinə lazımi diqqət yetirmirlər.
Bax bu cür ötəri məlumatlarla kifayətlənirlər: “39 yaşlı Məşədibaba Aydəmirov yaşadığı evin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”.
Meyxanaçıların müəmmalı ölüm səhnələri indi də davam edir. Ölkə mətbuatının manşetlərinə çıxarılmış bu qısa, acı xəbərə demək olar heç kim laqeyd qalmayıb: “Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb. Musavat.com xəbər verir ki, ağır kəllə-beyin travması, müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər”.
Gördüyümüz kimi, əli dəryazlı Əzrail meyxanaçılarımızı daban-daban təqib edir. Siyahı uzanıb böyüyür. Mövzu, xalq kütlələrini silkələyib həyəcanlandırır. Bəlli olur ki…
Bəlli olur ki, Bayram Kürdəxanılının qatili bir tanınmış meyxanaçının qohumudur… Gecə saat 2-3 radələrində toydan evə dönən Bayramı məhz o, kor təsadüf nəticəsində vurub öz təkərləri altına salıb.
***
Bayramla şəxsən görüşmək qismətimdə deyilmiş. Acı xəbəri eşidincə daxili həyəcanım imkan vermədi evdə sakit oturub öz adi həyatımı yaşayım. Redaksiya əməkdaşlarımıza qoşularaq durub gəldim Bayramın doğma Kürdəxanı kəndinə. Rəhəmtliyin ekiztayı qardaşı Xəlfəlini elə qapıdaca bağrıma sıxdım.
Bəli, Bayramın özüylə görüşə gecikmişdim. Rəhəmtlik 55 yaşında olsa da, subaydı. Bu səbəbdən mafyəsinə qırmızı örtük salmışdılar.
Kimsə özündə bir güc tapmırdı ki, içəri keçib Bayramın yaşadığı otağın qapısını açsın. Yaxınları israrla xahiş etdilər bunu mən edim.
Neynək. Başımın bircə hərəkəti ilə razılığımı bildirdim. Keçdim içəri.
***
Sadə otaqda əşya-filan azdı. Cəmi ikiçə stul, alçaq masa. Küncdəki kitab taxçasına boylanınca ordan məni Bayramın 8 yaşındakı uşaqlıq fotosu “salamladı”.
Bu Bayramı bəlkə indiyədək kimsə tanımayıb. Biz Bayramın başqa şəkillərinə öyrəşmişik, bu cür şəkillərinə yox. Öyrənmişik səsi xırıltılı olsun, üz-gözündən yorğunluq yağıb tökülsün… Masa üstə arağ şüşələri görünsün… Külqabılar saralmış siqaret kötükləri ilə dolub-daşsın.
Ancaq bax bu cür saf, gözəl şəklinə öyrəşməmişik. Şəklə baxıb gözlərimə inanmıram bir an. İnanmıram nə vaxtsa Bayram bax bu cür aydın, parıltılı zahiri görkəmə malik olub. Bəli, o, məclis adamı idi. Əksər şeirlərini, qəzəl-meyxanalarını dəftər-kağız üzərinə deyil… yox… məhz salfet kağızların üstünə həkk edib.
Rəhmətliyin kitab rəfində belə salfet kağızları birdimi, ikidimi heç? Yüzlərlədir… Ancaq səbrim çatmır bu kağızları deşifrə etməyə. Bayramın qazsız alışqanı çox mənalı görünür gözümə. Qorxudan ona əl atmıram.
Kitabları arasındakı bir “M.Ə. Əskərov. Natiqlik sənətinin əsasları. Bakı 1975″ kitabına baxıram, bir Füzulinin məşhur beş cildliyinə. Görürəm əksər şairlərimizin kitabları burdadır. Ancaq… ancaq müəllifin imzası yoxdu heç biri üzərində. Bayram özü alıb bu kitabları. Sürüşkən şair tayfası ilə yaxın münasibətlərdən həmişə çəkinib.
Zivədə qalıb quruyan köynəklərin biri Bayrama məxsusdu. Onu kimsə cürət etmir zivədən yığışdırmağa.
Qadınlar ağlayır. Kişilər susur.
Qəndqabısında cəmi iki-üç dişdək qənd ağarır.
Qısası, meyxanaçıların müəmmalı ölümləri ara vermir Azərbaycanda.
Kimdi müqəssir? Qoy buna məhkəmə, bir də daxili insafımız cavab versin.
Bu həqiqəti sırğa edin qulağınızdan asın-şair, nəinki öz həyatı, həm də öz ölümü ilə ümumi boz kütlədən xeyli fərqlənməlidir.
Həmid HERİSÇİ
musavat.com











Short URL: http://www.cumhuriyyet.net/?p=98627