Vaşinqtonun Minsk Qrupundakı həmsədrini tez-tez dəyişməsinin sirri

26.08.2017 - 09:36

Rusiya ilə Amerikanın yanaşmasında daha bir fərq

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişib. Gələn həftədən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri vəzifəsini Endrü Şofer icra edəcək. Bu barədə Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunda müvəqqəti həmsədri Riçard Hoqland bəyan edib.

Bundan əvvəl Endrü Şofer Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında çalışıb. ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland isə bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib. Ondan əvvəl isə Seyms Uorlik ABŞ-ın Minsk qrupunda həmsədri idi.

ABŞ-ın ATƏT Minsk Qrupundakı həmsədrini tez-tez dəyişməsi, Rusiyanın isə eyni şəxsi uzun illər həmsədr saxlaması maraq doğurmaya bilməz.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupu içərisində ən çox həmsədr dəyişikliyini ABŞ həyata keçirir. Bunun da səbəbləri var: “Dövlət Departamentinin həmsədrlikdəki diplomatlarını tez-tez dəyişməsi idarədəki struktur dəyişiklikləri ilə bağlıdır. Dövlət Departamenti içində də diplomatların yerləri tez-tez dəyişdirilir. İstənilən diplomat istənilən mövqedə peşəkarlıq nümayiş etdirməyi bacarmalıdır. Digər tərəfdən Dövlət Departamenti Cənubi Qafqazı diqqət mərkəzində saxlayır və bizim bölgədəki proseslərdə Rusiyadan geri qalmaq istəmir. Yeni həmsədr isə yeni baxış deməkdir. Dövlət Departamenti həmsədrlərin hazırladıqları hesabatlardan da yararlanır. ABŞ-ın son iki həmsədri Dağlıq Qarabağ münaqişəsiylə bağlı açıq-aşkar bir fikrin üzərində xüsusi dayanırlar: Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır! Sual olunur: Bu 25 ildə hansı rusiyalı rəsminin və ya diplomatın dilindən bu cür açıqlama eşitmişik, nə vaxt Rusiyanın Minsk Qrupundakı hansısa həmsədri dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır? Rusiyalı həmsədrlərlə amerikalı həmsədrlər bu mənada fərqlənirlər. Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Kreml faktiki İrəvan kimi düşünür, yəni torpaqların boşaldılması qarşılığında bölgənin yekun statusunu müəyyənləşdirəcək tarix sazişdə qeyd olunmalıdır. Azərbaycan heç zaman buna gedə bilməz, çünki bu Dağlıq Qarabağın müstəqilliyinə yol açar. Azərbaycan status müzakirələrindən imtina etmir, ancaq bu müzakirələr münaqişənin həllinin sonrakı mərhələsində mümkündür. Kremlin münaqişənin həllinə heç bir dəyişiklik olmadığına görə də amerikalılar kimi həmsədrlərini tez-tez dəyişməyə lüzum görmürlər”.

E.Şahinoğlu qeyd etdi ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endrü Şofer gələn həftədən işinin başına keçəcək. Lakin həmsədrin yenilənməsinin problemin həllinə təsiri olmayacaq: “Bu illərdə Minsk Qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirə bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Ancaq illərdir bu dəyişən həmsədrlərə baxdıqda mənə elə gəlir ki, münaqişənin həllinin uzanması onların heç vecinə də deyil, bunun karyeralarına mənfi təsir olmayacağı qənaətindədirlər.

Həmsədrlərin içində ən fəalı Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki ədalət naminə onu da deməliyik ki, bu iş onlarlıq deyil. Gərək başlarının üstlərində dayanan şəxslər onlara “münaqişəni həll edin, bu bizə lazımdır” deyə ki, bundan sonra onlar qollarını çırmalayıb işğala son qoyan planı Ermənistana qəbul etdirələr”.

Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, Vaşinqtonun həmsədrləri tez-tez dəyişməsinin əsas iki səbəbi var: “Birincisi, ABŞ Prezidentinin Administrasiyası qərarları təkbaşına vermir, konqresin fikri ilə də razılaşmalı olur. Ona görə də ABŞ tərəfindən uzunmüddətli bu işi icra edəcək adamın olması mümkün deyil. Rusiyada isə hakimiyyətdə Vladimir Putindir və onun təyin etdiyi adam onun ürəyi istədiyi qədər bu vəzifəni daşıya bilər”.

İkinci səbəbə gəlincə, Ə.Həsənov qeyd etdi ki, ABŞ-ın Qarabağ məsələsində mövqeyi tez-tez islahatlara uğraya bilir: “Onlar daimi olaraq yeni metodların axtarışındadır. Ona görə də ABŞ prezidentləri bu məsələyə də öz komandalarının prioritet işi kimi baxır və hər zaman bu vəzifəyə təsir etmək imkanı olan diplomatları təyin edir. Rusiya isə Qarabağ məsələsində yeni heç nə təklif etmədiyindən ora hansısa diplomatın təyin olunmasının heç bir əsası yoxdur. Nə zaman ki, yeni bir təklif ortaya çıxacaq əminəm ki, Putin ən güclü diplomatını bu vəzifəyə təyin edir”.

musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=98715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31