Yas məslislərində molla yerinə robotlar – VİDEO
Ötən həftə Yaponiyanın paytaxtı Tokioda təşkil edilən texnologiya sərgisində robot kahinlər nümayiş edilib. Bütün dini ritualları mükəmməl icra edən robot artıq istifadəyə də verilib.
Bundan əvvəl isə Almaniyada kilsələrdən birində robot kahin fəaliyyətə başlayıb. Görüntülərdə robot kahin inanclı insanları evləndirir, Bibliyadan müəyyən məqamları oxuyuraraq hətta əllərini göyə açıb dua da edir. xristian ölkələrinə birmənalı qarşılanmayan bu hal, bəs görəsən Azərbaycanda tətbiq edilsə necə olar?
“Əslində dünya robotlaşmaya doğru gedir” deyən ilahiyyatçı Elşad Miri “A24.az”a açıqlamasında artıq Azərbaycanda robotlaşmanın mövcüd olduğunu, hətta yas məclislərində buna şahid ola biləcəyimizi vurğuladı: “Əvvəllər Qarri Kasparova rəqib ola biləcək kompüter çıxartdılar. Beynəlxalq dərəcəli qrossmeyster onunla oynadı və nəticədə kompüter Qarri Kasparova qalib gəldi. Sonra dedilər ki, şahmat oyunu elə bir oyundur ki, robotun yaddaşına bir neçə formatda nümunələr yazırsan və o sizntez edib bir şey çıxardır. Amma dediyiniz məsələnin başqa tərəfinə baxaq. Mən heç robotlar çıxmamışdan əvvəl yarızarafat, kinayəli bir şəkildə təklif edirdim ki, yas məclislərində robot otuzdursaq daha yaxşı olar. Yaxud da maqnitafon qoysaq və uzaqdan pultla idarə etsək daha gözəl olar. Çünki yas məclislərində mollalar hər dəfə içəri girəndə kiməsə salavat gətirir, Quran oxunur, standart sözlər danışılır. Ondansa robotlar daha gözəl səslə, avazla, təcvid qaydalarına uyğun olaraq salavat desin, arxasında da ağlamalı fon musiqisi ilə… Çıxanda da yenə pultu basaq və lazımi şəkildə duasını oxusun, salavatını gətirsin”.
İnsanla robotun fərqinə gəldikdə isə ilahiyyatçı texnologiyanın din mövzusunda da insanı geridə qoya biləcəyini bu şəkildə izah etdi:
“Bu günləri İranın özündə namaz qılan robot çıxartdılar. Həqiqətən də bizim hisslərimiz, duyğularımız, Allahla olan əlaqəmiz, ünsiyyətimiz yoxdursa, robotların elədikləri ilə bizim elədiklərimizin fərqi nədir? Ona görə də bu günləri əsas məsələ odur ki, sən dərk edirsən, başa düşürsən, ünsiyyət qurursan, Allahla danışdığını, kimin qarşısında olduğunu hiss edirsən, ondan sonrakı hərəkətlərində bunu əsas alırsan. Amma biz bunları etmədən sırf ritual olaraq ediriksə, əyilib-qalxırıqsa, bunun robotun elədiyindən fərqi nədir?! Robot bizdən də yaxşı edir: bütün qaydaları yerinə yetirir, vaxtlı-vaxtında da namazını qılır, təcvid qaydalarına uyğun olaraq oxuyur. Bu əslində kinayəli danışıqdır, amma bütün bu danışdıqlarımın İslamda heç bir yeri yoxdur. İslam insan üçün gəlibdir. Qıldığımız namazın, tutduğumuz orucun, kəsdiyimiz qurbanın mahiyyətini dərk etməliyik. Əsas budur…Robotlaşıb nəyisə eləmək doğru deyil”.
“Bəs, Azərbaycanda yas məclislərini robotlar idarə etsə, sizcə, insanlar tərəfindən sərt qarşılanmaz” sualını Elşad Miri bu gün məscidlərdə cümə xütbələri oxuyarkən üzü görünməyən, səsi mikrafondan eşidilərək amin dediyimiz imamların timsalında izah etdi:
“Bu gün edilən rituallarla robot arasında heç bir fərq yoxdur. Yəni onu demək istəyirəm ki, robotu bizim yas məclislərimizə gətirsək heç nə dəyişməyəcək. Çünki Azərbaycanda bu məclislər hər kəs tərəfindən eyni şəkildə icra edilir. Sadəcə islam dinində ilk olaraq qəbul edilməlidir ki, yas anlayışı yoxdur, ikincisi, molla anlayışı yoxdur, üçüncüsü dini kəbin anlayışı yoxdur və sair. Bütün bunları aşılayanda görürsən ki, heç birinə ehtiyac qalmır. Sadəcə Allahla insan arasında ünsiyyət vasitəsi olan ibadətlərdir ki, o ibadətləri də robot yox, insan özü Allahla öz arasında həll edir, vəssalam. Yəni bu günləri bir robotu götürüb imam əvəzi məsciddə cümə xütbəsini deməyə qoysanız, nə olacaq ki? Standart sözləri robota yazsanız, səndən, məndən də gözəl danışacaq. Natiqliyi, avazı, Quran oxumağı, ayələri, duaları yerində, eyni standart duanı edəcək, yerdən də hamı amin deyəcək, bu qədər sadə. Guya, bu günləri məscidin ən arxasında otururam, imamın nə danışdığını görmədən mikrafondan eşidirəm, amin deyədə mən də millətlə birlikdə amin deyirəm. Yəni nə dəyişir? Bəlkə duanı və ya xütbəni deyən robot imiş, heç xəbərimiz yoxdur?! Çox təəssüflər olsun ki, biz bu məsələdə insan amilini həqiqətən tam şəkildə görə bilmirik. Problem bundadır…”
Firuzə Alimova / A24.az
Short URL: http://www.cumhuriyyet.net/?p=98890