Sülh danışıqları hansı plan ətrafında aparılır?

03.06.2019 - 08:43

Rusiyalı politoloqun Qarabağ bəyanatı Bakıda şübhə ilə qarşılandı

“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Kazan psinsipləri əsasında aparılır”. Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov ötən həftə “Azərbaycan Avropa məkanında” adlı konfransda deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə dəfələrlə qətnamə qəbul edib. S.Markov əlavə edib ki, indiyədək heç bir ölkə Dağlıq Qarabağı ayrıca müstəqil dövlət kimi tanımayıb: “Dağlıq Qarabağ münaqişəsi dondurulub, çünki burada nə silahlı qüvvələr hərəkət edir, nə də sülhməramlı qüvvələr yerləşdirilib. Amma bunu dondurulmuş da hesab etmək olmur, çünki burada hadisələr baş verir. 2016-cı ilin aprelində həqiqətən müharibə baş verdi, təmas xəttində uzun müddət olmasa da, 4 gün ərzində yüzlərlə əsgər və mülki əhali həyatını itirdi. Lakin sonradan Moska Azərbaycan və Ermənistan rəhbərliyinə bir necə dəfə zəng etdi ki, müharibə dayandırılsın”.

İnstitut direktorunun sözlərinə görə, Ermənistan yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı 7 rayonu da nəzarətə götürüb: “Bu rayonlarda etnik təmizləmə həyata keçirilib, əhali oradan köçürülüb. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb, danışıqların aparılması üçün müəyyən addımlar atılıb, Rusiyanın təşəbbüsü ilə Kazan prinsipləri qəbul edilib. Özündə kompromis prinsipləri nəzərdə tutan Kazan prinsipinə görə, Ermənistan Azərbaycana işğal olunmuş 7 ətraf rayonu geri qaytarır. Azərbaycan Ermənistan və Dağlıq Qarabağ ətrafından iqtisadi blokadanı aradan qaldırır, daha sonra Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verir, orada hərbçilər çıxarılır. Hazırda Kazan psinsipləri ətrafında danışıqlar aparılır”.

Sergey Markovun danışıqların Kazan prinsipləri ətarfında aparıldığını açıqlamasının arxasında ciddi məlumatın dayandığı, yoxsa ehtimal olaraq səslənən fikir olduğu maraq doğurub.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürülə biləcəyi qeyd olunmuşdu: “Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. Kazan prinsipləri adlı sənəddə nəzərdə tutulurdu ki, erməni qoşunları Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun beşindən çıxmalıdır. Bunun ardınca bölgədə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə oluna bilər. Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır. Dağlıq Qarabağa keçici status verilməsi və referendum kimi məsələlər də həmin prinsilərdə əksini tapırdı. Sənəddə qeyd ounurdu ki, Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə daha bir müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir. Kazan prinsiplərində faktiki olaraq Laçın və Kəlbəcər rayonlarının birinci mərhələdə azad olunması məsələsi qoyulmurdu. Ermənilər ən çox Laçın və Kəlbəcər rayonları üzərində israr edirlər. Sonradan Kazan prinsiplərinin adını dəyişdirib gah ”Medvedev planı”, gah “Lavrov planı” qoydular. Ancaq mahiyyət dəyişmədi”.

Politoloq vurğuladı ki, Sergey Markovun nəyə əsaslanıb o cür açıqlama verməsi maraq doğurur: “Çünki faktiki olaraq xeyli vaxtdır Qarabağ danışıqları sanki dalana dirənib. Hazırda ermənilərdə əhval-ruhiyyə çox radikaldır. Onların mövqeyi danışıqlar prosesini demək olar ki, dayandırıb. Ermənilər artıq nəinki ”Kazan prinsipləri” əsasında beş rayonun qaytarılmasına qarşıdırlar, hətta bir qarış da olsun ərazinin geri qaytarılmasına razı olmadıqlarını nümayiş etdirirlər. Belə bir vəziyyət ortada olduğu bir zamanda Markovun danışıqların Kazan prinsipləri əsasında aparıldığını deməsi suallar yaradır və inandırıcı görünmür. Bu saat danışıqlar prosesində ortaya qoyulmuş start nöqtəsi sayıla biləcək elə bir ciddi şey yoxdur. Danışıqlar dalana dirənmiş kimi görünür. Ermənistan hakimiyyəti kompromisə zərrə qədər də yer qoymur ki, hətta danışıqlar olsa belə, hansısa həll planı masaya qoyulub müzakirə edilsin. Qarşıda Nyu-Yorkda Azərbaycan və Ermənistan tərəfinin görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüş keçirilsə də Ermənistanın indiki əhval-ruhiyyəsi ortada olduğu bir vaxtda danışıqlarda irəliyə doğru hansas addımın atılacağını gözləmək mümkün deyil”.

Politoloq onu da dedi ki, danışıqlar dalana dirəndikcə, təmas xəttində atəşkəs pozulması hallarının artması, vəziyyətin müharibəni alovlandırmasına qədər gərginləşməsi ehtimalı artır: “Son zamanlar isə Ermənistanın baş naziri Nikol Paşinyanın təmas xəttinə tam nəzarət edə bilmədiyi, cəbhə xəttinə Paşinyandan çox Dağlıq Qarabağdakı rejimin və Ermənistandakı Qarabağ klanının liderlərinin daha çox nəzarət etdiyi mənzərəsi yaranıb. Bu cür vəziyyətin meydana çıxması da müharibənin başlanması ehtimalını artırır”.

Etibar SEYİDAĞA, “Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128779

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930