Gürcüstanda antirus ritorika güclənir – Kikabidzedən Putinə sərt mesaj…
Tiflisdə aksiyalar nazirin istefasına qədər davam edəcək; “Georgiyevsk lenti” taxan rus ailəyə hücum olub, hakim partiyanın deputatı isə mandatından imtina etdi
Gürcüstanda siyasi gərginlik səngimək bilmir. Tiflisdə parlament binası önündə aksiyalar davam edir. Təşkilatçılar aksiyanın iyulun 3-də saat 19:00-da bərpa olunacağını bildiriblər.
Nümayişçilər daxili işlər naziri Giorgi Qaxaria istefa verənə qədər hər gün aksiya keçirəcəklərini qeyd ediblər. Bu etirazların mayası rus deputat Sergey Qavrilovun gürcü parlamentində spikerin yerində oturması olub.
Ölkədə antirus ritorikası o dərəcədə güclənib ki, iyulun 2-də Gürcüstanda Rusiyadan olan ailənin avtomobilinə hücumun videosu yayılıb.
Ailənin avtomobilinin saxlanılmasına səbəb onun üzərində olan “Georgiyevsk lenti” olub. Gürcü gənclər ruslardan ya lenti avtomobildən çıxartmağı, ya da lenti onlara vermələrini tələb edib. Əvvəlcə lenti verməyə etiraz edən sürücü sonradan bu fikrindən imtina edib.
Bu arada isə hakim “Gürcü Arzusu” Partiyasının deputatı Zakaria Kutsnaşvili mandatından imtina edib. “Yeni Müsavat” xəbər verir ki, o, parlament sədri Arçil Talakvadzeyə müraciət edib.
Z.Kutsnaşvili Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar qaydada seçilmiş deputatdır. O, Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub.
Deputat Gürcüstanda böyük etirazlara səbəb olan PPA-nın Tiflisdə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub.
“Rusiya və Gürcüstan son zamanlar yaranan vəziyyətdən çıxış yolu tapmalıdır”.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Cenevrədə Cənubi Qafqazda təhlükəsizlik və stabillik üzrə danışıqlardan öncə bildirib.
“İyunun 20-21-dən sonra yaranan əlverişsiz vəziyyətdən çıxış yolu tapmaq məqsədilə biz bir-birimizi daha yaxşı anlamağa çalışacağıq.
Bu vəziyyət bizim münasibətlərimiz üçün arzuolunmazdır”, – deyə Q.Karasin qeyd edib.
O əlavə edib ki, Gürcüstanda yaxın zamanda keçiriləcək seçkilərin anti-Rusiya gərginliyi fonunda baş tutmasını istəmir:
“Nümayişlər, Rusiya əleyhinə bəyanatlar və şüarlar hər şeyi dağıtdı. İndi bizə müəyyən vaxt lazımdır. Biz daha yaxşı zamanı gözləməliyik”.
Əfsanəvi müğənni Vaxtanq Kikabidze deyib ki, Rusiyanı Gürcüstanın NATO-ya inteqrasiyası qıcıqlandırır: “Gənclər artıq dünyaya fərqli baxırlar. Kremldə olanlar köhnə düşüncəli adamlardır.
Artıq dünyanın fərqli istiqamətə hərəkəti başlayıb. Bizim NATO və Qərbi istəməyimiz, demokratik ölkə olmağımız Rusiyanı qıcıqlandırır”.
O, Kremlin siyasətinin bir gün onun özünə qarşı çevriləcəyini deyib: “Bilirəm ki, Rusiyada çoxları Putinin siyasətini xoşlayır.
Onlar hesab edirlər ki, Putin Rusiya üçün ərazilər ələ keçirir. Yaxşı günlərin birində bu, pis yönə çevriləcək. Rusiyada insanlar onları işğalçı adlandırdığımız zaman inciyirlər. Sənin torpağını ələ keçirəni başqa necə adlandırmaq olar? Vladimir Putin yatıb, Gürcüstan SSRİ-ni yaradacağını görür”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Short URL: http://www.cumhuriyyet.net/?p=129127