Milislərin qəddarlığı, Çimkənd qiyamı, Brejnevin təlaşı – “Kalaşnikov”lu Marina qiyamçıları necə geri oturtdu…

17.07.2019 - 14:39

Hadisə ilə bağlı Kremlə məlumat veriləndə Leonid İliç Brejnev təcili olaraq SSRİ daxili işlər naziri Nikolay Şelokovu kabinetinə çağırtdırıb və göstərişlərini verib:

– Sovet orqanlarının fəaliyyətini bərpa etmək üçün bütün mümkün vasitələrdən istifadə edin və özünüz də dərhal Çimkəndə yollanın. Qazaxıstanın birinci katibi Dinmühəmməd Kunayev Alma-Atada sizi gözləyir. Andrey Kirilenko da (Mərkəzi Komitənin katibi) sizinlə gedəcək. Vəziyytlə bağlı mütəmadi olaraq məni məlumatlandırın.

1967-ci ilin iyun ayında Çimkənddə baş verən hadisə Kremldə böyük narahatlıq yaradıb. Baş katib Leonid İliç hadisələrə şəxsən özü nəzarət edib.

Nə baş verirdi? Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Çimkənd niyə Kremlin diqqət mərkəzində dayanmışdı?
Həmin dövrdə 100 mindən artıq əhalisi olan Çimkənd vilayət mərkəzi olmaqla yanaşı, həm də başqa bir adla da tanınıb: “SSRİ-ninTexası…”

Sovet rejiminin sərt qaydalarına baxmayaraq, bu şəhərin qeyri-rəsmi öz qanunları da olub. Şəhərdə həbsxnalardan geri dönənlərin daha çox məskunlaşması ilə Çimkənd öz qanunları ilə idarə olunub.

Məhz kriminogen vəziyyətin mürəkkəb olduğu bu şəhərdə 1967-ci ilin iyun ayının 13-də baş verən hadisə vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, həmin gün səhər saatlarında şəhərdə fəaliyyət göstərən 1 saylı avtobus parkına sürücülərdən birinin həyat yoldaşı gələrək ərinin milislər tərəfindən öldrüldüyünü söyləyib. Şahidlərin söylədiklərinə görə, həmin sürücü sərxoş vəziyyətdə gecə milislər tərəfindən saxlanılıb, şöbədə onu möhkəm döyüblər, sonra isə ayıltma məntəqəsinə göndəriblər. Aldığı zədələrdən sürücü ayıltma məntəqəsində vəfat edib.

Bunu eşidən sürücülər məsələni araşdırmaq üçün şəhər daxili işlər idarəsinə üz tutublar. Yolboyu taksi parkının və avtomobil trestinin sürücüləri də onlara qoşulub. Böyük bir dəstə milis idarəsinə çatanda bir çox şəhər sakinləri də onlara dəstək veriblər.

İdarənin qarşısında milis zabitləri onlara dağılışmağı, qanunlara riayət etmələrini tövsiyə edib. Təbii ki, narazı kütlə bununla razılaşmayıb və silahlarına güvənən milis işçilərinin tələblərini yerinə yetirməyiblər. Növbətçi hissənin əməkdaşları fiziki güclə onları dağıtmaq istəyəndə, sürücülər və onlara qoşulanlar binaya daxil olublar. Milislər silahlarını işə salsalar da, narazı kütlənin qarşısında tab gətirə bilməyiblər və idarənin binasını tərk etmək məçburiyyətində qalıblar.

Milis idarəsini ələ keçirdikdən sonra qiyamçılar yaxınlıqdakı həbsxanaya üz tutublar. Qəfil gələn qonaqların təsir və təzyiqinin qarşısında dayana bilməyən həbsxana əməkdaşları qısa müqavimət göstərdikdən sonra xidməti yerlərini qoyub qaçmağa başlayıblar. Narazı kütlə həbsxanada olan dustaqları kameralardan buraxmağa qərar veriblər. Ancaq içəri keçəndə uzun dəhlizin baş tərəfində özünə mövqe seçən qadın nəzarətçinin tələbləri ilə üzləşiblər. Marina adlı həmin zabit əlində “Kalaşnikov” avtomatı ilə qiyamçılara həbsxananı tərk etmək əmrini verib. Əmrin icra olunmadığını görən Marina avtomatdan göyə atəş açmağa başlayıb. Qiyamçılar həbsxanadan çıxıblar.

Yolboyi maşınları yandıran, formada gördükləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına ağır bədən xəsarəti yetirən qiyamçılar partiya komitəsinin inzibati binasına doğri istiqamət alıblar. Amma növbəti hədəflərinə yetişəndə onları çoxsaylı tanklar və zirehli texnikalar qarşılayıb. Bir neçə dəqiqəlik silahlı mübarizədən sonra qiyamçılar zərərsizləşdiriblər.
Bu səhnəni şəhər partiya komitəsinin inzibati binasının üçüncü mərtəbəsindən Qazaxstanın birinci katibi Kunayev, SSRİ daxili işlər naziri Şelokov, Mərkəzi Komitənin katibi Kirilenko da seyr ediblər.

Gecə ikən həbslər başlanıb.

Üç gün ərzində dəfn mərasimləri zamanı daxili qoşunlar şəhəri nəzarətdə saxlayıb.

Qiyamla bağlı 300 nəfər istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə 56 nəfər müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə çəzasına məhkum edilib.

Siyasi Büro da öz cəzalarını əsirgəməyib. Şəhərin birinci katibi və daxili işlər idarəsinin rəisi vəzifələrindən uzaqlaşdırılıb.
SSRİ daxili işlər naziri Nikolay Şelokov Çimkənddə keçirdiyi uğurlu əməliyyata görə şəxsi işinə yazılmaqla baş katib Leonid İliç Brejnev tərəfindən partiya mükafatına layiq görülüb.

Uzun illər Çimkənd qiyamı ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra müsahibələrinin birində həmin hadisələr haqqında danışarkən, qiyamda 8 nəfərin öldüyünü, 65 nəfərin isə müxtəlif dərəcədə bədən xasarəti aldığını açıqlayıb.

Beləliklə, televiziya ekranlarından ideal görünən sovet cəmiyyətinin növbəti qanlı səhifəsi uzun illər gizli saxlanılsa da, Çimkənd qiyamı kimi tarixə düşüb.

P.S. Hazırda həmin şəhərin adı Şımkəntdir və Qazaxıstanın kriminal paytaxtı hesab olunur.(Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129658

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930