Türkmənbaşının ölüm xəbərini yayanlara cəza tələb olunur
Türkmənistanda aktyor, müğənni və bloqerlər dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ölüm şayiələrinə inanmamağa səsləyən videomüraciət buraxıblar.
“Radio Azatlıx” bildirir ki, artistlərin sözlərinə əsasən, son zamanlar sosial şəbəkələrdə Prezidentin ölümü ilə bağlı mötəbər olmayan xəbərlər yayılıb.
“Xahiş edirəm ki, bu söz-söhbətlərə inanmayın, hamısı yalandır”, – aktyor Yaqşı Qoşunov bildirib.
O qeyd edib ki, Türkmənistan Prezidentinə şər atan böhtançılar lənətlənməli, sifətləri isə qızdırılmış dəmirlə yandırılmalıdır.
Oxşar videomüraciətlə müğənni Səlbi Tuvakqılıcova da çıxış edib. O bildirib ki, Prezidentin vətən xainlərindən müdafiə olunacağına ümid edir.
Daha bir müğənni Beqmurad Amanqulıyev isə şayiələrin paxıl insanlar tərəfindən yayıldığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın bəzi mətbuat orqanları Avrasiya Problemləri Monitorinqi Mərkəzinin rəhbəri Aslan Rubayevə istinadən Q.Berdiməhəmmədovun ölüm xəbərini yaymışdılar. Amma sonradan A.Rubayev özü həmin xəbəri təkzib etdi və Türkmənbaşıdan, eləcə də onun yaxınlarından üzr istədi.
Short URL: http://www.cumhuriyyet.net/?p=130587