Dubay şeyxi məhkəmədən sonra qisas ehtirası dolu şeir paylaşdı
Şahzadə Hayanın məhkəmədən niyə mühafizə tələb etdiyi ortaya çıxdı
Xəbər verildiyi kimi, Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktumun arvadı şahzadə Hayaya qarşı qaldırdığı iddianın ilk məhkəmə prosesində 45 yaşlı şahzadə “məcburi evlilik qoruması qərarı” tələb edib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Dubay əmiri ilk prosesin ardınca sosial media hesabında yeni bir şeir paylaşıb.
Şeyxin paylaşdığı “Əli həzrətlərinin qılıncları” başlıqlı şeirdə çətinliklərin öhdəsindən gəlmək, ən çətin məsələləri ən asan yolla həll etmək, hökmdarlıq mübarizəsi, kəskin bıçaqlar, parıldayan qılınc və intiqam almaq məcburiyyəti kimi ifadələr diqqət çəkib.
Şeyxin bu şeiri hansı səbəbdən indi paylaşdığı, ya da şeirin müəllifinin özü olub-olmadığı sual olaraq qalır. Amma şeyxin daha öncə də xəyanət mövzusunda yazdığı bir şeir diqqəti çəkmişdi. O, həmin şeirində xəyanətin ağrılı bir hiss olmasından, sevgisinə görə peşmanlığından və sair kimi xəyal qırıqlığını özündə əks etdirən misralar yazmışdı. Son şeirdəki intiqam ehtirası dolu ifadələr isə insanların ağlına şahzadə Hayanın son məhkəmə iclasında mühafizə tələbi irəli sürdüyünü gətirib. Yaxın ətrafı bildirir ki, şeyx öz hisslərini gizlətməyi sevmir və bunu daha çox sosial şəbəkə vasitəsilə paylaşır. Son şeir də intiqamın çarçısıdır. Ehtimala görə, bu, şeyx barəsində yayılan “xəyanətə uğramış kişi” söhbətlərinin təsdiqidir.
Məhkəmənin ikinci iclası – burada bütün detalların dinlənəcəyi gözlənilir – 11 noyabr tarixində keçiriləcək.
Musavat.com xatırladır ki, 70 yaşlı şeyx Məhəmməd 4 milyard dolları aşan şəxsi sərvəti ilə dünyanın ən varlı insanlarından biridir.
Məhkəmənin birinci iclasında əmir məhkəmədən detalların açıqlanmaması üçün gizlilik tələb edib. Ancaq hakim Endryu Makfarleyn tələbi “cəmiyyətin məlumatlanması, ictimaiyyətin mənfəətinin əksi üçün bəzi məlumatların açıq saxlanması” əsası ilə rədd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131095