ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizədlərin debatlarının ikinci turu başlanıb

01.08.2019 - 17:02

İyulun 31-də Miçiqan ştatının Detroyt şəhərində ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasının namizədləri arasında seçkiqabağı debatların ikinci turunun ikinci mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. Debatlar iki gün keçirilir. Debatların ikinci turunun ikinci mərhələsində 10 namizəd – Co Bayden, Kamala Harris, Kori Buker, Xulian Kastro, Kirsten Cillibrend, Tulsi Qabbard, Cey Aynsli, Maykl Bennet, Endrü Yanq və Bill de Blazio iştirak ediblər.

Debatların moderatorları CNN kanalının nümayəndələri olub. Aparıcılar debatlar üçün ayrılmış vaxtın çox hissəsini qarşıdakı illərdə ölkə iqtisadiyyatının inkişafı, minimum əməkhaqqının artırılması, tibbi sığorta və immiqrasiya sahələrində islahatlar mövzusunda diskussiyalara həsr ediblər. İqlim dəyişmələri problemi, pulsuz təhsil, əməyin ödənilməsində gender fərqləri və ABŞ-ın xarici siyasəti məsələləri də müzakirə edilib.

Debatların gedişində Demokratlar Partiyasının namizədləri Donald Trampın impiçmenti məsələsinə də toxunublar. Namizədlərin əksəriyyəti ABŞ Prezidenti barəsində belə tədbir görülməsinin zəruri olması fikri ilə razılaşıblar.

NBC News telekanalı namizədlərin Trampa və bir-birinə qarşı hücumlarının sayını hesablayıb. Telekanalın məlumatına görə, debatların gedişində Trampın və onun siyasətinin əleyhinə 47 dəfə, namizədlər tərəfindən bir-birinə qarşı yönəlmiş tənqidi çıxışların sayı isə 50-dən çox olub. Keçmiş vitse-prezident Bayden daha çox hücuma məruzə qalıb. Onu 29 dəfə tənqid ediblər. Lakin ən çox efir vaxtı verilən də Bayden olub.

Xatırladaq ki, debatların üçüncü turu bu il sentyabr ayında Hyustonda keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=131185

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728