Co Bayden ABŞ-ı yenidən Paris iqlim anlaşmasına geri qaytaracağını vəd edib
ABŞ-ın keçmiş vitse-prezidenti və Demokrat partiyasından 2020-ci il seçkilərində namizədliyini irəli sürən Co Bayden qalib gələcəyi təqdirdə ABŞ-ın yenidən İqlim üzrə Paris sazişinin iştirakçısına çevrirəcəyini vəd edib.
CNN-in məlumatına əsasən o, ABŞ-da elektromobillər üçün 500 min doldurucu məntəqə yaradılacağını söyləyib. Keçmiş vitse-prezidentin sözlərinə görə, bu 2030-cu ilə qədər ölkənin tam olaraq elektrik avtomobillərə keçməsinə şərait yaradacaq.
Co Bayden bu məqsədlə büdcədən planetdəki iqlim dəyişikliklərinin qarşısının alınması yönündəki elmi araşdırmalara 400 milyard dollar vəsait ayrıcağını da deyib. Demokrat namizədin fikrincə, ABŞ-da kömürün enerjinin əsas mənbəyi kimi istifadə olunmasının qarşısını almaqla, habelə frekinq metodu (Hidravlik parçalama üsulu və ya şist nefti çıxarma üsulu) ilə neftin çıxarılmasını qadağan etməklə bu yöndə çox şeyə nail olmaq mümkündür. “Biz bunu bitirəcəyik, həmin işləri həyata keçirən firmalara heç bir subsidiya verilməyəcək”,-deyə Co Bayden vurğulayıb.
Hazırda keçmiş vitse-prezident demokratlar içində Donald Trampla üzləşəcək ən şanslı namizəd sayılır. Son rəy sorğularına əsasən onun reytinqi 25%-35% cuvarındadır.
Paris İqlim sazişi isə 2015-ci ilin dekabrın 12-də Fransada imzalanıb. Sənədə görə, iştirakçı dövlətlər 2100-cü ildə planetimizdə orta temperaturun 2 dərəcə selsidən yuxarı qalxmasına yol verməmək üçün bir sıra tədbirlər görməlidirlər.
2018-ci ildə ABŞ prezidenti Donald Tramp müqavilənin ölkə iqtisadiyyatına zərər vurduğunu əsas göstərərək buradan çıxdıqlaırnı bəyan edib. (Musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=131270