Koronavirus: İran bu xəstəliyə qarşı hansı addımlar atır?

04.03.2020 - 18:04

İranda koronavirus xəstəliyi hallarının sayı artır və hökumətin necə reaksiya verməsindən narahatlıq var.

BBC News Farsca-dan olan həmkarlarımızın köməyi ilə İranda bu səpkidə baş verənləri anlamağa çalışdıq.

Yoluxanlar nə qədərdir?

Çindən sonra bu virusdan ən çox ölüm halları İranda qeydə alınıb və xəstəlik hallarının sayı artmaqdadır, lakin gerçək rəqəmlərin daha yüksək olacağı gözlənilir.

Dünya Səhiyyə Təşkilatı (ÜST) heyəti vəziyyəti qiymətləndirmək və yardım tədbirlərini təmin etmək üçün bazar ertəsi günü İrana gedib.

Karantin məhdudiyyətləri tətbiq olundumu?

Epidemiyanın mərkəzində olan müqəddəs Qum şəhərində dini ziyarətgahlar hələ də açıqdır.

Ən çox ehtiram göstərilən Həzrəti Məsumə ziyarətgahına hər il dünyanın hər yerindən milyonlarla şiə müsəlman zəvvar gəlir.

Artıq bu məbəd kompleksinə girişə bəzi məhdudiyyətlər qoyulub. İnsanlara əl təmizliyi üçün gellər, sağlamlıq məlumatları və üz maskaları verildikdən sonra ziyarətə icazə verilir. İnsanlara lazımsız yığıncaqlardan çəkinmələri tövsiyə edilib və Quma gəlməmək xahiş olunub, ancaq şəhərdə dini komplekslərin birbaşa bağlanması halları olmayıb.

Həzrəti Məsumə türbəsinin mühafizəçisi deyib ki, insanlar bu məbədə müalicə və bərpa mənbəyi kimi baxır, odur ki, bu kompleksin qapanması mümkün deyil.

“Məbədin bağlanması ruhanilər üçün ciddi bir addım olardı və beynəlxalq təzyiq altına düşməyənədək onların belə qərar verəcəkləri ehtimalı azdır”, – BBC News Farscadan Rana Rahimpour deyir. Tehran polisi, şəhərdəki qəhvə dükanlarında və çayxanalarda qəlyanlardan istifadə edilməsini qadağan edib. Həmin qəlyanlar çox vaxt qrup şəklində çəkilir və insandan insana ötürülür.

Virusun yayıldığı bölgələrdə məktəblər və universitetlər bağlanıb, Tehranda və bir sıra digər şəhərlərdə cümə namazı ləğv edilib. İdman matçları, sərgilər və film premyeraları da təxirə salınıb.

İran Prezidenti Həsən Ruhani bildirib ki, böyük və kiçik şəhərlərin bütün ərazisində karantin tətbiq etmək planları yoxdur.

İranda kifayət qədər tibbi avadanlıq varmı?

ÜST İranı səhiyyə işçiləri üçün diaqnostik avadanlıq və qoruyucu vasitələrlə təchiz edir.

Təşkilat 15000 səhiyyə işçisini dəstəkləmək üçün təxminən 7.5 ton tibbi ləvazimat və təxminən 100000 insanı müayinə edə biləcək 1000 müayinə dəsti göndərdiyini söyləyir.

ÜST ekspertlərindən ibarət bir qrup da İrana gəlib.

Səhiyyə rəsmiləri 300000 qrup üzvlərinin qapı-qapı gəzərək tibbi müayinə keçirəcəklərini açıqlayıb. Lakin bir çox iranlılar avadanlıq çatışmazlığından narahatdırlar.

Yerli müxbirlərin xəbər verdiyinə görə, iranlı bir tibb avadanlığı idxalçısı deyib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə tibbi analiz dəstlərini ala bilməyib.

“Bir çox beynəlxalq şirkətlər İranı koronavirusa qarşı analiz dəstləri ilə təmin etməyə hazırdır, lakin biz onlara pul göndərə bilmirik”, Ilna xəbər agentliyi İranın Tibbi Təchizatçılar Birliyi İdarə Heyətinin üzvü Ramin Fallahın dediklərini iqtibas edib.

ABŞ, İrana qarşı tətbiq etdiyi sanksiyalarının İranın tibbi ləvazimatlar idxal etmək imkanlarını məhdudlaşdırdığını rədd edərək humanitar mallar üçün istisnaların edildiyini xatırladıb.

Dövlət katibi Mike Pompeo deyib ki, ABŞ İrana virusun öhdəsindən gəlmək üçün humanitar yardım təklif edəcək.

Lakin İran deyir ki, şirkətlər ABŞ qaydalarını pozmaq və sanksiyalar riski altına düşmək istəməyən banklarla ödənişlər həyata keçirməkdə çətinlik çəkirlər.

Üz maskaları ilə bağlı vəziyyət necədir?

Virusun sürətlə yayıldığı digər ölkələrdə olduğu kimi, iranlılar da tibb maskaları, dezinfeksiyaedici gel və spreylər almaq üçün apteklərdə növbəyə düzülürlər.

Tapılanda bu məhsulların qiyməti adi vaxtlarda olduğundan 10 qat fərqlənir. Sosial mediadakı bəzi istifadəçilərin qeyd etdiyinə görə, maska çatışmazlığının səbəbi bir neçə həftə əvvəl milyonlarla maskanın İran tərəfindən Çinə ianə kimi verilməsi olub.

İRNA xəbər agentliyinin məlumatına görə, İran Çinə “iki ölkə arasındakı uzunmüddətli və ənənəvi dostluğun əlaməti olaraq” üç milyon maska bağışlamışdı.

Yerli mənbələr də hesab edir ki, Çin şirkətlərinin İrandan böyük miqdarda maskaları alması daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarır.

İran hökuməti üç ay müddətinə tibbi maskaların ixracını qadağan etdiyini və fabriklərə istehsalın artırılmasına dair əmr verdiyini bildirib.

“Şayiə yaymağa” görə həbslər

AFP xəbər agentliyinə görə, İran polisi internetdə koronavirus barədə şayiə yaymaqda ittiham olunan 24 nəfəri həbs edib.

Daha 118 nəfər internet istifadəçisinə “şifahi xəbərdarlıq edilib və onlar sərbəst buraxılıb”, İranın kiberpolis qüvvəsinin rəhbəri Vahid Məcid deyib.

İnsanlar ölkəni tərk edirlərmi?

İran xarici səfərləri qadağan etməyib, lakin Türkiyə, Pakistan və İraq və Azərbaycan da daxil, qonşu ölkələr sərhədlərini bağlayıb.

Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İrandan uçuşları dayandırıb.

Bu ölkələr qeyri-neft ixracı üçün vacib istiqamətlərdir və bunun nəticəsində İran iqtisadiyyatına zərər dəyə bilər.

İran hökuməti Çinə uçuşların fevralın 2-də dayandırıldığını bildirib. Lakin uçuş qeydlərindən irəli gələn nəticələrə əsasən, İran və Çin arasında o vaxtdan bəri ən azı doqquz uçuş reysi həyata keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143511

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930