Rusiya 1 iyulda hansı Putini seçəcək?

24.06.2020 - 08:38

O, Rusiyanın 90-cı illərinin “qaynar qazanından” çıxmamışdı, heç 1993-cü ilin payızında Ali Sovetin o vaxtkı binasının müdafiəsində də iştirak etməmişdi, Moskvada da doğma biri deyildi…

Fövqəladə bir hadisə baş verməsə, 1 həftə sonra-iyulun 1-də Rusiya çoxdan gözlənilən konstitusiya dəyişiklikləri ilə bağlı referenduma gedəcək. 206 düzəlişi ehtiva edən dəyişikliklər paketi təkcə sosial və iqtisadi sahələri əhatə etmir. Ölkənin əsas qanununa ediləcək düzəlişlərə görə, ilk dəfə məsələn, nikah kişi və qadının birgə yaşayışı kimi yazılacaq. Allaha inanmaq əsas qanuna salınacaq, rus xalqı dövlətin sahibi və əsas mənbəyi kimi göstəriləcək və sair…

O cümlədən, konstitusiyaya önəmli siyasi dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Yəni Rusiyanın bütün təbəqələrinin, hətta mühafizəkarların da diqqətini cəlb edən düzəlişlərə etirazçı (daha doğrusu, bitərəf) mövqedə qalan kommunistləri də hakimiyyət fakt qarşısında qoymuşdu: referendumu “qırmızıların başçısı” Züqanovun beş-altı yüz nəfərlə bayram etdiyi Lenin ad gününə-22 aprelə təyin etmişdi. Amma bu ağıllı gedişə koronavirus pandemiyası əngəl oldu, Kreml referendumu ertələməyə qərar verdi.

1 iyul da kifayət qədər riskli tarixdir: ölkə koronavirus bəlasının ağırlığını çiynindən heç cür ata bilməyib, elə Moskvada da hələ bir çox karantin qadağaları qüvvədədir.

Həm yaxın bir həftədə, həm iyulun 1-dən sonra təkcə yaxın ölkələrdə deyil, bütün dünyada ən çox müzakirə ediləcək mövzu təbii ki, Rusiyada prezidentlik müddəti ilə bağlı düzəliş olacaq. Konstitusiyaya bu düzəliş gerçəkləşsə, bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək. Referendum üçün yetərsay tələbi yoxdur…

Bir başqa ölkənin prezidenti, onun siyasi gələcəyi haqda referenduma bu qədər diqqət etməyin səbəbi kimsəni şübhələndirməməli, narahat etməməlidir. Rusiya bizim təkcə qonşumuz deyil, ortaq tariximiz, keçmişimiz və gələcəyimizdir. Bu siyasəti son 20 ildə müəyyən edən şəxs isə prezident Vladimir Putindir.

Putin hakimiyyətə gələndən-baş nazir kimi prezident səlahiyyətlərini icra edəndən həm Rusiya, həm dünya çox dəyişib. Şərq təqvimi ilə Əjdaha ilində (1952-ci), sadə cəbhəçi (frontovik) ailəsində anadan olmuş, Leninqradın blokadasında qardaşlarından birini itrirmiş, ölkə xaricində dövlət təhlükəsizliyinə xidmət etmiş, sonra bitirdiyi Leninqrad Dövlət Universitetində rektorun xarici əlaqələrini kurasiya etmiş, 1996-cı ildə Moskvaya gəlmiş, 1998-ci ildə Federal Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunmuş, bir il sonra isə Rusiyanın baş naziri təsdiqlənmiş, 1999-cu ilin 31 dekabrında prezident səlahiyyətlərini icra etməyə başlamış və 2000-ci ilin mayında ilk dəfə Rusiya Federasiyasının prezidenti seçilmiş Putin…

Əlbəttə, bu qısa xatırlatmalarda “bir igidin ömrü var” və Putinin əsl yaşantıları, çətinlikləri, verdiyi qərarların məsuliyyətinin ağırlığı, həyəcanı yoxdur. Amma Putin heç şübhəsiz bunların hamısını və daha artığını bu illər ərzində yaşayıb… Bu səbəbdən onu Klint İstvudun baş rolda oynadığı, Ennio Marrikonenin o məşhur musiqisini yazdığı “Хороший, плохой, злой” filminin qəhrəmanlarına oxşatmaq da olar.

Rusiya 2000-ci ildə ağır iqtisadi krizisdə və ölkə daxilində ciddi müharibəyə cəlb edilmiş durumda idi. Putin bu çətinlikləri aşdı, xarabalıqlar üzərində yeni Rusiya inşa etdi. “Yeni Rusiyamı” deyə, təəccübləndinizmi? İndi hələ də əyalətlərində köhnə “xruşşovka”larını, qarıların ümidinə qalmış kəndlərini, rayon mərkəzinə araba ilə getməmək üçün evdə feldşerlərin uşaq dünyaya gətirən Rusiyanı demirəm. Rusiya o qədər böyük və spesifik ölkədir ki, onun “əl-ayağını” yığmaq üçün hər şəhərə bir prezident qoysan belə, çətinliklər olacaq. Bizdə Mirzə Cəlil, Sabir necə hələ də aktualdırsa, onlarda da Qoqol, Çexov hekayələrindəki antipodlar da, saf qəhrəmanlar da hələ var. Dünya durduqca da olacaq…

Amma indiki Rusiya əvvəlki də deyil, bütün rəngləri ilə Putinin əsəridir, onun əl işidir. Ruslar tarixi dövrləri adlarla əbədiləşdirməyi xoşlayırlar: Leninizim, Stalinizm, indi də Putinizm.

Hakimiyyətinin ilk illərində çoxları onu hətta yaxşı tanımırdı da. O, Rusiyanın 90-cı illərinin “qaynar qazanından” çıxmamışdı, fəal siyasətçi deyildi, heç 1993-cü ilin payızında Ali Sovetin o vaxtkı binasının müdafiəsində də iştirak etməmişdi. Putin təkcə leninqradlı olmağı ilə fərqlənmirdi, Rusiya siyasətinə də doğma biri deyildi. Çəlimsiz bədəni, son prezident Yeltsindən də boyca çox qısa olması (1 metr 76 sm) belə, demoqoq rus mujikinin Putinə inamsızlığı üçün əsas idi.

O Putin məhz filmin “Yaxşı” (xороший) qəhrəmanın parlametlərinə çox uyğun idi. Yola gəlməyə meylli, ortaq maraqlar tapmağa çalışan birisi kimi Putin Qərbin də diqqətini cəlb etmişdi. Yeltsin Rusiyanın iplərini boşaltmışdı, onun sərxoş demokrat obrazı Qərb yırtıcılarının ürəyincə idi. O səbəbdən Yeltsinin kürəyini guya dost kimi sıvazlayırdılar, onunla bolluca zarafat edirdilər. Putinin isə sambo döşəyində möhkəmlənmiş kürəyi onların sığallayacağı, hələ əl dayayacağı yer deyildi və tezliklə bu həqiqəti anladılar.

Putinin yanındakılar, ona dəstək verənlər, ona dəstək duranlar, onun yanında oturan alimlər, həkimlər, tanınmış aktyorlar, rejissorlar, sənət adamları da Rusiyanın dəyərləridir, çırt qozları deyil…

Putin Rusiyası gücləndikcə, onunla hesablaşmağa başladılar. İqtisadiyyatı dirçəldikcə, onun ordusunun da gücləndiyini, aqressivləşdiyini gördülər. Putin Rusiyanı “Yaxşı” (xороший) kimi o hala qədər gətirdi ki, artıq burdan o yana gərək “Pis” (плохой) olaydın.

Putin “Pis” rolunda da Qərbin istədiyi kimi oynadı. Bu, artıq əvvəlki ​Putin deyildi. Ölkə vətəndaş müharibəsini geridə qoymuş, regionların mərkəzi hakimiyyətlə bağlantıları güclənmiş, Kreml əvvəlki kimi yeganə söz sahibinə çevrilmişdi. Bu, aksiomdur: sən içəridə güclü hakimiyyət deyilsənsə, sənə ətrafdan da güclü lider kimi baxmayacaqlar. Tramp kimi məsələn…

Putin güclü hakimiyyət qurmaq üçün demokratiya və bu kimi dəyərləri bir sandığa yığıb Yeltsini az qala hakimiyyətdən aşırmağa yaxınlaşmış müxalifətçi kommunistlərin altına qoydu. İçində də yəqin ki, hər an “partlaya” biləcək faktlarla. Sonra o sandığa dövrünün digər müxalifətçilərini də bir-bir topladı, əlbəttə ki, gücü yetən qədər. Heç biri ölkədən qaçmadı, gedib haradasa anti-Putin hərəkatı-filan yaratmadılar da. Opponentləri “Putin və demokrtatiya bir-birini qəbul etməyən, yapışmayan dəyərlərdir” deyirlərsə, Rusiyanın ikisi arasında seçimdə Putinə önəm verdiklərini də deməlidirlər. “Putin bilir, düzünü bilir, Putin düz bildiyini edir” axı…

Putinlə bağlı sorğuların nə qədər ədalətli və obyektiv olduğunu demək çətindir, amma ona alternativ güc, siyasi lider yoxdursa, Putin 30 faiz reytinqlə də yenə hamını geridə qoyur, daha doğrusu, hamıdan öndədir…

Rusiyanın siyasi həyatını daima diqqətlə izləyənlər təsdiq edə bilər ki, Putinin siyasi kursuna qarşı çıxmağa, Putinin inşa etdiyi Rusiyanın kökünü qazımağa, ölkədə “U dönüşü” etməyə heç bir siyasi qüvvə, nüfuzlu siyasətçi yoxdur. Rusiya tarixin yönünü dəyişmiş inqilablar vətənidir, əqli və yaradıcı potensialı tükənməz bir ölkədir. Müxalifətçiliyi Navalnı kimi tənqidçi bloggerdən ibarət deyil, daha dərin adamları və ölkəsini düşünən ziyalıları var. “Putin ağıllı adamları sevmir, ölkədən bu səbəbdən beyin axını var”, deyirlər. Amma Putinin yanındakılar, ona dəstək verənlər, ona dəstək duranlar, onun yanında oturan alimlər, həkimlər, tanınmış aktyorlar, rejissorlar, sənət adamları da Rusiyanın dəyərləridir, çırt qozları deyil…Onlar səmimi olaraq Putinin hakimiyyətdə qalmasını istəyirlər, bunu əsaslandırırlar, arqumentləri də çiy deyil…

Putini bəyənməyən və ölkədən didərgin olanlar üçün isə o, birmənalı zalımdır (“злой”). Putinin xarakteri, sərt siyasi kursu, ötkəm danışığı, rəqibini qiymətləndirmək bacarığı və sair xüsusiyyətləri onu həm də dövrümüzün anti-qəhrəmanı edib. Krımın Rusiyaya ilhaqı qərarının müəllifi də, ora bütün kommunikasiyaları təcili inşa etdirib bu anneksiyanı möhkəmlədən də odur; Ukraynanın şərqində separatçılığın körüklənməsinin arxasında da Putin hakimiyyəti dayanır.

Bu günlərdə rusiyalı jurnalist Putunə sərt və tarixi məsuliyyət yaradacaq Krım qərarı haqda yenidən soruşdu. İnamla doğru qərar verdiyini dedi. Putin Rusiyanın taleyində dərin iz buraxmış və ölkəsinə olmazın çətinliklər yaradan(və gələcəkdə də yaradacaq) bu qərarı səmimi olaraq müdafiə edir. Haqqında söhbət açdığımız məşhur filmdəki qəhrəmanlar kimi əli daima tətikdə olsa da, inadından dönməyən bir Putin obrazı…

Bir həftə sonra rusiyalı seçicisi onun gələcək taleyi haqda qərar verəcək. Bizə də çox dəxli olan qərar…

 

Nazim SABİROĞLU,
Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148721

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031