Erməni mediasında Rusiya baş diplomatını ifşa, yoxsa ələ almaq cəhdi?

02.08.2020 - 13:24

Ermənistan mətbuatında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun əsil-nəcabətinin təftişinə həsr olunmuş maraqlı material dərc olunub.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Yazı müəllifi Nelli Danielyan Ermənistanın Lori vilayətinin Ardvi kəndindəki Ovannesa kilsəsinin həyətindəki qəbirlərdən bəhs edib və knyaz ailəsindən olan Kalantaryanlara xüsusi diqqət ayırıb. Müəllif Rusiya XİN başçısı Sergey Lavrovun erməni kökənli olması barədə əvvəllər mətbuatda bir neçə dəfə yazıldığını xatırladıb. “O özü bu şayiələri nəinki təkzib edir, hətta Ermənistana səfərlərinin birində bunu təsdiq edib”, – deyə, jurnalist yazır. Müəllif qeyd edib ki, S.Lavrov vaxtilə Tiflisdə məskunlaşmış Kalantaryanov nəslinin nümayəndələrindəndir və bu ailənin kökləri Ermənistanın Lori vilayətinə gedib çıxır.

Erməni yazar qeyd edir ki, XVIII-XIX əsrlərdə Lori Tiflislə mədəniyyət və təhsil baxımından sıx əlaqədə idi…

Bu yerdə erməni müəllifə zəruri xatırlatma edək: Əvvəla, Ermənistan adlandırılan bu ərazilər, həmçinin Loru (Lori yox) mahalı qədim Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi ərzilərindən olan Loru Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olub. Borçalı vilayəti Çar Rusiyası tərəfindən işğal edildikdən sonra 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı quberniyası yaradılıb. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilib və bu zaman qəzanın ən böyük nahiyəsi Loru olub.

Tarixi mənbələrdə göstərilir ki, Loru Borçalının dağlıq bölgəsini təşkil etdiyindən ona Dağ Borçalı da deyirmişlər. 1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalının ərazilərini zəbt edirlər. 1919-cu ilin yanvarında Tiflisdə keçirilmiş Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası – Loru nahiyəsi neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti neytral zona olan Loruda nəzarəti öz üzərinə götürür. Ancaq 1921-ci ildə, Cənubi Qafqaz respublikalarının Rusiya tərəfindən işğalından sonra Gürcüstan və Ermənistan bolşevik hökumətləri üstündə dava etdikləri Azərbaycan torpaqlarının – Lorunun Ermənistana verilməsi barədə razılıq əldə edirlər…

Qayıdaq Lavrovla bağlı yazıya.

Erməni KİV yazır ki, o zaman Tiflisdə təhsil alan çox sayda gənc geri qayıtmayıb. Beləliklə, Kalantaryanov nəslinin nümayəndələrindən biri Tiflisdə məskunlaşıb, nəslin digər nümayəndələri isə Loruda qalıb və yaşayıb.

“Lori Kalantaryanları qədim knyaz ailələridir”, – erməni yazar əlavə edib.

İddia edib ki, Kalantaryanların ailə qəbiristanlığı Ardvi kəndindəki 8-ci əsrə aid olan kilsənin həyətindədir. Heç şübhəsiz, bununla erməni müəllif Azərbaycana məxsus olan tarixi ərazilərin “qədim erməni torpaqları” olduğuna hər kəsi inandırmaq istəyib, həmçinin hiyləgərliklə Rusiyanın baş diplomatını da bu ərazilərin – onun ata-babalarının yatdığı “qədim erməni torpaqları”nın təəssübünü çəkməyə, Ermənistanı daha ciddi və açıq şəkildə müdafiəyə sövq edir.

Kilsənin kahini də jurnalistə deyib ki, burada Bejanyarov və Kalantaryanovların qəbirləri var.

Əlavə edib ki, Rusiyanın hazırkı Xarici İşlər naziri Sergey Lavrov Kalantaryanov qəbiləsindəndir. Dediyinə görə, burada 3 qardaş basdırılıb – Melik, Yeqor və Kalantar Kalantaryanlar. 1902-ci ildə Melik kilsəni təmir etdirib, ətrafına hasar çəkdirib, armud ağacları əkdirib. Yazı müəllifi bildirib ki, Rusiya XİN başçısı S.Lavrov 21 mart 1950-ci ildə Tiflisdə doğulub. Halbuki Vikipedia mənbələrində S.Lavrovun həmin tarixdə SSRİ paytaxtı Moskvada anadan olduğu yazılır. Müəllif əlavə edir ki, Lavrovun atası Kalantaryan soyadlı Tiflis ermənisi olub. Sonralar o, anasının – Valeriya Borisovna Lavrovanın familiyasını götürüb.

Müəllif daha sonra xatırlatma edir: 17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvandakı Rusiya-Ermənistan (Slavyan) universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri ondan erməni mənşəli olmasının ona mane olub-olmaması haqda soruşub. Lavrov isə deyib ki, onda Tiflis kökləri var, çünki atası oradandır. Digər tərəfdən, erməni qanı daxilimdən axır, başqa heç nə. “Bu qan məni heç bir şeydə narahat etmir”, – Lavrov erməni qanı daşımasını etiraf edib.

Qeyd edək ki, 71 yaşına adlayan S.Lavrov-Kalantaryan 2004-cü ildən Rusiya XİN-ə rəhbərlik edir.

Hər halda, Ermənistan mətbuatında Rusiya baş diplomatının nəsil-nəcabətinin qəbrinin axtarılması elə-belə məsələ deyil…

Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151596

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31