“İstərdim ki, Nəsib bəyin, Şəfiqə xanımın həyatı film, ya da serial kimi çəkilsin” -Məryəm Aybikə Sinanla özəl MÜSAHİBƏ

08.09.2020 - 15:34

Müsahibimiz bu günlərdə qardaş Türkiyənin “Ötükən” nəşriyyatında “Şəfi” adlı romanı işıq üzü görmüş yazıçı – jurnalist Məryəm Aybikə Sinandır.

Qeyd edək ki, roman, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş nazir kimi çalışan Nəsib bəy Yusifbəyli ilə Türk dünyasının böyük düşüncə insanı İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım Qaspıralının həyatından bəhs edir.

-Məryəm Aybike Sinan azərbaycanlı oxuculara bir az özündən bəhs edə bilərmi?

-İxtisasca türkoloqam. Esse, hekayə və roman janrlarında nəşr olunan 14 kitabım var. Türkiyənin ən mötəbər media qurumlarından biri olan “Türkiyə” qəzetində mədəniyyət və incəsənət, Türk dünyası ilə bağlı yazılar yazıram. Kağan və Bengisu adında iki övladım var.

-Yeni kitabınızda Şəfiqə Qaspıralıdan bəhs edirsiniz. Şəfiqə Qaspıralı sıradan bir qəhrəman deyil. Rusiyada ilk müsəlman qadın dərgisi olan “Aləmi- Nisvan”ın baş redaktoru və təsisçisi, eyni zamanda Türk dünyasının önəmli fikir adamı, bəlkə də Türkçülüyün düşüncə liderlərindən biri sayılan İsmayıl bəy Qaspıralının da qızıdır. Niyə belə bir qəhrəman seçmisiniz? Və bu qəhrəmanla Türk qadınına hansı mesajları verməyi hədəfləmisiniz?

-Şəfiqə Qaspıralı Türk qadınının İslamiyyətdən əvvəl Tomris ilə başlayan, İslamiyyətdən sonra Hindistan Delhi Türk Sultanlığında ilk müsəlman qadın hökmdar kimi davam edən Raziyyə Bəyim Sultan ilə davam edən, Qazan xanlığında Süyün Bikə ilə taclanan güclü qadın imicinin XIX əsrdəki ən modern, ən qərbyönümlü, ən güclü təmsilçisi olmaq şərəfinə nail olub. Türk qadınına seçmək və seçilmək hüququ, öncə Krım Xalq Cümhuriyyətində verilib. Milli Məclisdə Şəfiqə xanım ilə bərabər beş qadın millət vəkili təmsil olunub ki, bu da Türk tarixi üçün çox önəmli bir inkişaf prosesidir. Həmin hadisə deyərdim ki, cədidçilik ruhunun meyvə verməyə başladığı bir dönüş nöqtəsidir. Şəfiqə xanım idealist bir türk qadınıdır. Bir dava insanıdır.

2d527a1ac1d0.jpg (63 KB)

Bu romanı qələmə almağıma vasitəçi olan bir xanım əfəndidən bəhs etməsəm, bəzi şeylər əksik qalacaq. Azərbaycan millət vəkili, bütün Türk Dünyasında gerçəkdən də Türk qadınlarına öncülük edən, təcrübəsi ilə, mədəniyyəti ilə, Türk millətinə olan sevdası ilə, hər mənada bu günün Şəfiqə xanımı olan sevimli dostum Qənirə Paşayevanın təklifi ilə bu romanı qələmə aldım. Buna görə də mənə cəsarət verən, Azərbaycana dəvət edən, bu roman üçün mənimlə şəhər-şəhər gəzən Qənirə xanıma bütün qəlbimlə təşəkkür edirəm.

-Romanın əsl qəhrəmanlarından olan Şəfiqə xanımın “Aləmi – Nisvan”dan sonrakı həyatı, heç şübhəsiz, bir müddət Azərbaycanla, Gəncə ilə bağlıdır. Gəncə ilə bağlı nə düşünürsüz? Bu şəhəri gördükdən sonra düşüncələrinizdə hansı dəyişiklik oldu?

-Əslində Gəncəni görmədən də sevmişdim. Nəsib Yusufbəyli kimi bir qəhrəmanı yetişdirən Gəncəni gedib görəndən sonra səmimi deyirəm ki, bu şəhərə aşiq oldum. Bir şəhərdən bu qədər tarix və şəxsiyyət ətri gələ bilərmi, bu qədər insanın ruhuna xitab edə bilərmi? Gəncə tarix, mədəniyyət, incəsənət və ədəbiyyat şəhəridir.

Bəli, Şəfiqə xanım bir müddət evliliyi boyunca Gəncədə yaşayıb. Ancaq Eynülhəyat adlı qadının ortaya çıxmasından sonra yenidən Krıma qayıdıb. Uzun illərdən sonra, Nəsib bəyin baş nazir işlədiyi dövrdə də bir müddət Bakıda yaşayıb. Yusufbəyli malikanəsinin təmir edilməsini Azərbaycan rəsmilərindən rica edirəm, çünki o malikanədə “Nəsib Yusifbəyli muzeyi” fəaliyyət göstərərsə, bu, millətin gələcəyi üçün olduqca faydalı olar.

Azərbaycan üçün həyatını fəda edən və bir məzarı belə olmayan bu böyük qəhrəmanın ən azından bir muzeyi fəaliyyət göstərərsə düşünürəm ki, bu, onun xatırlanması üçün faydalı olacaq.

-Türkiyədə və ümumən Türk dünyasında romanınızın digər qəhrəmanı Nəsib bəy Yusufbəyli çox da tanınmır. Sizdən bir şey soruşmaq istəyirəm: bu romanı yazanda hansı şəxsiyyətdən daha çox təsirləndiz? Nəsib bəy, yoxsa Şəfiqə xanım?

-Əslində Şəfiqə xanımı çox sevməyimə baxmayaraq, bu romanı mənə yazdıran amil Nəsibbəy Yusifbəylidir. Krımda başlayan həm könül, həm də vətən eşqini alıb Azərbaycana, Gəncəyə aparan və bu şəhərdə Türkçülük atəşini yandıran bu böyük qəhrəmanın şəxsiyyəti mənə çox böyük təsir etdi. Şəfiqə xanıma yazdığı məktublar Türkiyədə nəşr olundu və o məktublardan sonra onun necə fərqli bir şəxsiyyətə sahib olduğunu gördük. Nəsib bəy bir məfkurə insanı, bir eşq insanı, duyğu dolu, səmimi, ürəyi vətən və azadlıq eşqi ilə döyünən böyük bir mübarizə insanı idi. Onun Gəncədə qurduğu “Türk Ədəmi Mərkəziyyət Firqəsi” kimi adlanan partiyasının əvvəlində “Türk” kəlməsi var. “Türk” kəlməsini qoyub, qoyub İsmayıl bəy Qaspıralının kürəkəni olduğunu, onun rəhleyi – tədrisindən keçdiyini də bütün Türk dünyasına göstərdi. Nəsib bəy Azərbaycan tarixi üçün ən önəmli şəxsiyyətlərdən biridir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu Nəsib bəydir. Azərbaycanın qərb dövlətləri tərəfindən tanınması da onun səyləri nəticəsində reallaşıb.

87e8d18e362d (1).jpg (52 KB)

-Bunu niyə soruşdum: əslində Şəfiqə xanım da, Nəsib bəy də çox sərt şəxsiyyətə sahib olublar. Heç zaman düşüncələrindən vaz keçməyiblər. Bu səbəbdən də həyatları boyunca müxtəlif çətinliklər yaşayıblar. Əcəba Məryəm Aybike Sinan yazar kimi, həm də bir qadın yazar kimi hadisələrə feminal bir tərzdəmi yanaşdı, yoxsa, Nəsib bəylə Şəfiqə xanımı eyni kadrda verməyimi seçdi?

-Olaylara heç vaxt cinsiyyətçilik nöqteyi – nəzərindən baxmamışam, baxmaram da. Şəfiqə xanım da, Nəsib bəy də mənim üçün çox dəyərlidir. Hər ikisi bizim qəhrəmanlarımızdır. Romanı yazanda Nəsib bəyin unudulan, gözdən qaçan haqlarını onun özünə təslim etməyə çalışdım. Çünki Azərbaycanda olanda hiss etdim ki, Nəsib bəyi, xüsusən də, yeni nəsil yaxşı tanımır.

Bundan çox kədərləndim. Halbuki, bu möhtəşəm insanı hamı tanımalıdır. Azərbaycan tarixçisi olsaydım, ən başa Nəsib bəyin adını yazardım. Bu romanı yazanda da bir neçə dəfə yuxuda gördüyüm qəhrəmanımın mənə gülümsəyərək baxmasının özü belə mənə çox təsir etdi və çox gözəl bir iş gördüyümü anladım. Nəsib bəyin həyatı sadəcə roman kimi yazılmamalıdır, eyni zamanda kinofilm və serial kimi tamaşaçılara çatdırılmalıdır. Azərbaycan tarixində Nəsib bəy olmasaydı, “Cümhuriyyət” elan edilə bilərdimi? Bu sualı tarixçilər düşünməli, ona uyğun cavablar verməlidirlər. Çünki Nəsib bəy bir məfkurə insanıdır. Gəncə əhalisinin bütövlükdə dəstək verdiyi və millət vəkili seçdirdiyi halda sırf Azərbaycan üçün, ölkənin gələcəyi üçün Müsavat Partiyası ilə birləşməkdən çəkinməyib və əsla “mənəm-mənəm”lik etməyib. O, baş nazir kimi fəaliyyətə başlayanda dövlət bir model kimi ortada yox idi. Dövləti bir model kimi ortaya qoyan şəxs Nəsib bəy olub. İndiki Bakı Dövlət Universiteti də tarixi varlığını Nəsib bəyə borcludur. Nəticə olaraq deyə bilərəm ki, Şəfiqə xanım mənim həmcinsim ola bilər, ancaq Nəsib bəy mənim üçün ayrıca önəm kəsb edirdi. Ona görə də aralarında heç bir ayrıseçkilik etmədim.

-Önümüzdəki dönəmdə yazı boxçanızda “Şəfi”dən sonra nələr olacaq?

-Hazırda qardaş ölkə Qazaxıstanın məşhur şairi, düşüncə adamı Abay Kunanbay haqqqında roman yazıram. Məqsədim Türk gənclərini mədəni zənginliklərimizin Adriatikdən Çin Səddinə kimi uzandığına inanmaları, bu tarixi qardaşlıq münasibətlərini öyrənmələri baxımından məlumatlandırmaqdır. Can Azərbaycanımıza da salamlar olsun!

Oktay Hacımusalı,
Xüsusi olaraq Musavat.com üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153868

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930