Trampa yaxın bank ABŞ-da cərimələndi – Rusiyaya qarşı sanksiyaları pozub
ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi Deutsche Bank Trust Company Americas (DBTCA) bankını Krımın ilhaqına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə cərimələyib.
Musavat.com-un xəbərinə görə, idarənin saytında yerləşdirilən məlumatdan aydın olur ki, bank 583 min dollar cərimə ödəyəcək.
İdarə bildirir ki, 2015-ci ilin 30 iyulunda IPP Oil Products (Cyprus) Limited. şirkəti sanksiya siyahısına daxil edilib. Bundan bir həftə sonra Deutsche Bankın törəməsi ona 29 milyon dollarlıq köçürmə həyata keçirib. Həmin il bank sanksiya siyahısında olan “Krayinvestbank”a 276,7 min dollar tranzaksiya reallaşdırıb. Hər iki halda alman bankı SWIFT beynəlxalq sisteminə zəruri informasiyanı daxil etməyib, bank identifikasiya nömrəsi tətbiq etməyib və beləliklə, ABŞ Maliyyə Nazirliyinin dollarla əməliyyatlara tətbiq etdiyi baryerlərdən yan keçib.
Qeyd edək ki, bu ilin yanvarında məlum olub ki, DBTCA Donald Tramp prezident olana qədər onun şirkətlərini səxavətlə kreditləşdirib. Bundan əlavə, kreditləşmənin pik dövrü “Qazprombank”ın 2013-cü ildə DBTCA-nın hesabına 511 milyon dollar köçürməsi vaxtı ilə üst-üstə düşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=153942