Ombudsman BTC kəmərinin atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib

07.10.2020 - 15:12

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsman Aparatından Musavat.com-a bildirilib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş vermiş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, ticarət mərkəzlərinə və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Qeyd olunan müharibə cinayətlərini törətməklə kifayətlənməyən işğalçı Ermənistan region üçün ciddi ekoloji fəsadlar törədə biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməllərinə başlayıb.

Belə ki, işğalçı Ermənistan silahlı qüvvələri 06 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini və bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raket zərbələri ilə atəşə tutub. Raketlər Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 10 metrliyinə düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Bu isə mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə və təhdiddir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya dövlətləri üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malikdir.

Ermənistanın törətmiş olduğu növbəti müharibə cinayəti artıq yalnız Azərbaycan dövlətinə qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlik cinayət hadisəsi olmaqla, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyır.

Təcili olaraq bütün dünya dövlətlərinə çağırış edərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset bombalarla atəşə tutması ilə törədilən növbəti müharibə cinayətinə sərt şəkildə reaksiya verməyə, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək Ermənistanın cinayətkar əməllərinin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıram.

Qeyd olunub ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31