İran ermənilərin Gəncəni bombalamasına niyə susur – deputatdan açıqlama
Fazil Mustafa: “Bu mövqeyi İranın özünə ciddi problemlər yaradacaq”
Azərbaycanın öz ərazilərini azad etmək üçün apardığı uğurlu hərbi əməliyyatlar işğalçı Ermənistanın quduzlaşaraq mülki əhalini hədəf almasına səbəb olub. İşğal etdiyi ərazilər əlindən çıxan xain qonşunun cəbhə xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinin mülki əhalisini atəşə tutması bütün dünyada qınaqla qarşılanıb. Dünyanın bütün nüfuzlu media orqanları, xəbər agentlikləri Gəncədə 10 mülki vətəndaşın ölməsi, 40 nəfərin yaralanmasına gətirən xain hücuma dair materiallar, fotolar, hadisə yerindən reportajlar yayırlar.
Hərbi əməliyyatlar başlanandan özünü neytral ölkə kimi göstərməyə çalışan İran mediasında Gəncədəki qətliamla bağlı demək olar ki, heç bir məlumat yayımlamır. Yalnız “The Tehran Times” qəzeti, özü də Gəncə şəhərinin adını çəkmədən, sadəcə, qeyd edib ki, İran Azərbaycan və Ermənistanda mülki əhalinin hədəfə alınmasını şiddətlə qınayır. Əvəzində isə cənub qonşumuz Ermənistana hərbi yardımların daşınması üçün öz quru və hava məkanından istifadəyə geninə-boluna şərait yaradır. Rusiya, Fransa və digər ölkələrdən silah-sursat dolu “humanitar” yüklü təyyarələr İranın hava məkanından keçməklə Ermənistana axışır. Və nə qədər paradoksal olsa da, müsəlman İrandan fərqli olaraq, xristian ölkəsi Gürcüstan hətta humanitar yük adıyla belə öz ərazisindən Ermənistana heç bir silahın daşınmasına imkan vermir…
İranın qatı şiə şəhəri sayılan, “İmam Hüseyn şəhəri” adlandırılan Gəncəyə edilən cinayətkar hücuma belə reaksiya verməməsi suallar yaradır: Rəsmi Tehran niyə bu mövqeni sərgiləyir? Dünyada müsəlmanların apardığı bütün müharibələrdə aktiv şəkildə iştirak edən İran niyə Azərbaycandakı dindaşlarına deyil, ermənilərə dəstək verir? İranın bu münasibətinə Azərbaycanın reaksiyası necə olmalıdır?
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa hesab edir ki, Gəncənin “İmam Hüseyn şəhəri” adlandırılmasının özü düzgün deyil: “Bu, savadsız insanların dediyi ifadədir. Gəncə bir türk şəhəridir, Azərbaycanın ilk paytaxtıdır. İranın Gəncəyə, dinc əhaliyə hücuma sərgilədiyi münasibətə gəlincə, biz məsələyə müsəlman anlayışı ilə baxırıq. İran indiyədək ermənilərə yardım göstərib. İndiki halda bu ölkənin, sadəcə, neytral qalması belə bizi qane edir. Çünki İran məscidlərdə saxlanılan donuzları içinə sinirən bir cəmiyyət kimi çıxış edir. Burada dağıdılan müsəlman abidələrinə, öldürülən insanlara münasibəti bizim üçün qaneedici deyil. Amma biz istəyirdik ki, İran qonşu ölkə kimi Azərbaycanın dostluğunu qazansın, bu ağır günlərdə Azərbaycanla dost olmasa da, neytral olsun. Lakin artıq İran neytrallığı da bir kənara buraxıb. Necə ki, Xudafərindən ermənilərə müxtəlif dəstək verən addımlar atırdı, indi də guya gələcəkdə sanksiyaların götürülməsinə dəstək verə biləcək Fransa və başqa ölkələrlə Azərbaycana qarşı əməkdaşlıq etdiyi bildirilir. Ümid edək ki, İran rəsmiləri bunu yolverilməz hesab edərək müəyyən addımlar atacaq, İran cəmiyyəti öz mövqeyini ortaya qoyacaq. Çünki orada da bizim qan qardaşlarımız var, onlar İranın bu siyasətini təbii ki, qəbul etmirlər. Bu mövqeyi İranın özünə ciddi problemlər yaradacaq. Hər hansı bir şəkildə ikiüzlü davranmaq olmaz, hər hansı bir prinsipi əsas götürmək lazımdır. İran bu məsələdə səmimi qonşuluq münasibətindən çıxış etməlidir. Ümid edək ki, İran bu siyasətini dəyişdirəcək”.
Partiya sədri qeyd edir ki, İran nəinki Gəncədə, Azərbaycanın digər ərazilərində də Ermənistanın dinc sakinləri öldürməsinə münasibət bildirməyib: “Yalnız bir söz deyirlər ki, Ermənistanda və Azərbaycanda dinc əhalinin hədəf alınmasından narahatdılar. İran Xarici İşlər Nazirliyinin rəsmisi deyir ki, hər iki tərəfi humanitar atəşkəsə əməl etməyə çağırırıq. Sən kimi nəyə çağırırsan? Humanitar atəşkəsə əməl etməyən Gəncəni vurandır. Bunu deyə bilmirsən? Bütün bunlar göstərir ki, İran əvvəlki siyasətini davam etdirir ki, bu da müsəlmanlığa aid bir davranış deyil. Gəncədəki cinayətə göstərilən münasibət isə ümumiyyətlə, insanlığa yaraşan münasibət deyil. Dünyanın harasında olursa-olsun, öldürülən kim olursa-olsun, bu cür hadisələrə insanlıq baxımından hamı etiraz etməlidir. İran isə susqunluq nümayiş etdirməkdədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=155955