Qərb mediasının II Qarabağ savaşı ilə bağlı yalanlarına qarşı necə mübarizə aparılır?- Xaricdə yaşayan soydaşlarımız danışdılar

21.11.2020 - 15:18

“Azərbaycan əleyhinə qərəzli yazılar yazan bəzi KİV-lərə müraciət göndərmişik və xahiş etmişik ki, təkzib verib, xalqımızdan üzr istəsinlər”

Azərbaycanın apardığı Vətən savaşında Ermənistanı müdafiə etmək üçün beynəlxalq aləmdə öz dəyər və prinsiplərindən imtina edən tərəflərdən biri də Qərb mediası oldu. Avropa dövlətlərindən bir çoxunun media qurumları müharibəni xristian-müsəlman savaşı kimi, Azərbaycan ordusunun mülki əhalini vurduğunu saxta faktlarla göstərməyə, Ermənistanın dinc əhaliyə qarşı terrorunu ört-basdır etməyə çalışdılar. Bu durum xaricdə yaşayan azərbaycanlıların da etirazına səbəb oldu və onlar öz imkanları daxilində proseslərə müdaxilə etməyə, təhrif olunan faktlarla bağlı düzəlişlər göndərməyə çalışdılar.

Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev Musavat.com-a açıqlamasında bildirdi ki, həqiqətən Qərb mediası, xüsusən Fransa, Almaniya mətbuatı ölkəmiz əleyhinə, ermənilərin xeyrinə təhrif dolu, həqiqətə uyğun olmayan yazılar tirajlamaqda davam edirlər:

“Müharibə dövründə Azərbaycan Prezidentinin xarici KİV-lərə verdiyi müsahibələr tutarlı olsa da bu, xaricdə Azərbaycan-Ermənistan münasibətləri haqqında fikir formalaşdırmağa kifayət etmir. Dünyanın ayrı-ayrı ölkələrində həmvətənlərimizin təşkil etdikləri etiraz aksiyaları çox əhəmiyyətli olsa da, iştirakçıların sayı az olduğundan bəzən əleyhimizə işləyə bilir. Baş verənləri hər gün izləyir və bir hüquqşünas kimi qarşısını almağa çalışırıq. Müharibənin 12-ci günü Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinə müraciət etdim. Bir sıra başqa təkliflərlə yanaşı Almaniya KİV-ləri ilə əməkdaşlıq haqqında təkliflərimi və KİV-lərə müraciətlərin edilməsi zəruriliyi haqqında fikirlərimi göndərdim.

Qeyd edim ki, Qərb ölkələrində məskunlaşmış soydaşlarımızın yaşadıqları ölkənin mətbuatına çıxışları zəifdir, onlar arasında kifayət qədər çevik birlik mövcud deyil. Azərbaycan qanunvericiliyi xaricdə yaşayanların təşkilatlanması işini Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə edib. Komitə xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının əlaqələndirilməsini təmin etməli, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birlikdə Azərbaycana dost münasibət bəsləyən digər ölkələrin diasporları ilə qarşılıqlı əlaqəni qurmalıdır. Lakin müharibə zamanı və müharibədən sonrakı vaxtlarda biz bunun şahidi olmadıq. Diaspora Komitəsi xaricdə yaşayanların təşkilatlanması ilə bağlı siyasətini dəyişməlidir.

Eyni zamanda səfirliklər vətəndaşları birliyə və əməkdaşlığa dəvət etməlidir. Ölkə başçısının hamını barışa, milli birliyə çağırdığı bir vaxtda Diaspora Komitəsi və səfirliklər də bu çağırışa dəstək verməli, xaricdə yaşayanlar arasında bölgüçülüyə yol verməməlidirlər. Bu sahədə də iş çox zəifdir və birlik çağırışları mövcud deyil”.

Ə.Əliyev vurğuladı ki, müharibə şəraitində xaricdə yaşayanlarla bağlı bir sıra tədbirlər təxirə salınmadan icra olunmalıdır: “Dünya bilməlidir ki, Azərbaycan tək müsəlmanların vətəni deyil. Ermənistanda ermənilərdən başqa heç bir xalqın yaşamamasına baxmayaraq, Azərbaycanda müsəlman olmayan ruslar, ukraynalılar, gürcülər, yəhudilər və hətta ermənilər sülh şəraitində və təhlükəsiz yaşamaqda davam edirlər. Ölkədə 20 000 nəfərdən çox erməni yaşayır. Onlar KİV-lərə çıxmalı və geniş müsahibələr verməlidirlər. Rus, gürcü, yəhudi və hətta erməni icmaları dünyada baş verən ədalətsizliyə rəsmi müraciətləri ilə münasibət bildirməlidilər. Ən azından Fransa və Almaniya kimi ölkələrin Azərbaycandakı səfirliklərinə müraciətlər etməlidirlər. Biz bununla bağlı Almaniya KİV-lərinə detallı müraciət göndərmişik ki, qərəzli məlumatlar dərc etməsinlər”.

Həmyerlimiz deyir ki, Azərbaycanın haqq səsinin Almaniya ictimaiyyətinə çatdırılması və müharibənin müsəlman-xristian müharibəsi olmadığı həqiqətini yaymaq üçün bir qrup həmvətənimizlə Almaniyada nəşr olunan bütün KİV -lərə müraciət gündəriblər: “Azərbaycan əleyhinə Almaniya mətbuatında gedən məlumatları toplayır, ümumiləşdirir və bəzilərinə imkan daxilində cavab verir, bəzilərini isə alman dilini mükəmməl bilən və cavab vermək qabiliyyətində olan soydaşlarımıza istiqamətləndirirəm. Belə cavabların alman dilinə tərcüməsi və ya alman dilində redaktəsi üçün həmvətənlərimiz ödənişsiz xidmət göstərir və özləri də məlumatların toplanmasında iştirak edirlər. Mən bu sahədəki fəallığına görə Köln şəhərində yaşayan Elvin Cəbrayıla, Bilefeldə yaşayan Leyla Baraya, Münster şəhərində yaşayan Vəfa Kərimovaya, Fərahim İlqaroğluna və Elmin Həsənliyə, eyni zamanda mənə dəstək olan ailə üzvlərimə oğlanlarım və gəlinimə təşəkkür edirəm. Azərbaycan əleyhinə qərəzli yazılar yazan bəzi KİV-lərə müarciət göndərmişik və xahiş etmişik ki, təkzib verib, Azərbaycan xalqından üzr istəsinlər. Hazırda cavab gözləyirirk. Almaniya mətbuatında Azərbaycan əleyhinə dərc olunan hər bir yazının təkzib olunması üçün dostlarla məlumatların toplanması və təkziblərin hazırlanması üzərində işləyirik. Hesab edirəm ki, uğura nail ola biləcəyik”.

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu da Musavat.com-a açıqlamasında bildirdi ki, müharibə günlərində Qərb mediasının Azərbaycanla bağlı yol verdiyi qərəz və təhriflər bir neçə istiqamətdə olub: “Təəssüflər olsun ki, bir çox məşhur media orqanı öz xəbərlərində bu müharibənin xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında olduğunu hər dəfəsində vurğuladılar. Onlar daha sonra Qarabağdakı demoqrafik vəziyyətə diqqəti çəkdilər və bu ifadəni işlətdilər: “Qarabağda yaşayan ermənilər sayca daha üstündürlər”. Onlar unutdular ki, 1988-ci ildən başlayan, sonra Birinci Qarabağ Müharibəsində davam edən prosesdə bir milyona yaxın azərbaycanlı ermənilərin etnik təmizləmə siyasəti nəticəsində öz torpaqlarından didərgin düşüblər. Onlar bu münaqişənin tarixinə nəzər salarkən, nədənsə Xocalı soyqırımından heç bəhs etmədilər. Hansı ki, bu soyqırım Ermənistan ordusunun və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğalı ilə nəticələnib. Bu zaman 316 mülki azərbaycanlı amansızcasına qətlə yetirilib. Çox az sayda media orqanı Ermənistan Ordusunun Bərdəni, Gəncəni, Mingəçeviri raketlə vurmasından, onlarla azərbaycanlı mülki əhalini qətlə yetirməsindən bəhs etdi. Bir çox media orqanı ancaq Ermənistan tərəfdən çıxış etdi. Halbuki, bu jurnalistika prinsiplərinə zidd idi. Eyni zamanda bəzi alman media quruluşları və ya onlar üçün çalışan agentliklər terror hücumlarını canlı bağlantı ilə göstərmək imkanları olduğu təqdirdə, bunu etmədilər”.

F.İlqaroğlunun gözlərinə görə, Qərbin bəzi media qurumları Gəncə, Bərdə və Mingəçeviri xəbər başlığında və girişlərdə qəsdən Dağlıq Qarabağ şəhəri kimi təqdim etdilər: “Hesab edirəm ki, bu da ictimai fikri bu terror hadisələrindən yayındırmaq, cəbhədə baş verən hərbi əməliyyatların nəticəsi kimi göstərmək idi. Erməni tərəfi Azərbaycan Ordusunun mülki əhalini hədəfə aldığını iddia etsə də, bizim Müdafiə Nazirliyinin yayımladığı görüntülərdə hədəflərin yalnız hərbi obyektlər olduğu görünürdü. Üstəlik, Azərbaycan Ordusu ən son model dronlar vasitəsi ilə hərbi hədəfləri dəqiq atəşlərlə zərərsizləşdirirdi. Təsəvvür edin belə bir şəraitdə bir məşhur alman qəzeti xəbərə “Suriya, Liviya və Ermənistanda – Ərdoğanın qatil dronunun qeyri-adi uğuru” başlığını vermişdi. “Fake” məlumat və görüntülərdən istifadə edərək xəbər və reportaj hazırladılar. Halbuki, bu görüntülərin əksəriyyəti Suriyada 2015-2016-cı illərdə daxili savaş zamanı çəkilmişdi. Daha sonra ermənilərin guya Azərbaycanın Suriyadan döyüşçü gətirdiyi ilə bağlı öz əsgərlərindən istifadə edərək çəkdikləri teatr səhnələrini istifadə etdilər. Görüntülərin “fake”, qurama olduğunu araşdırmaq isə, elə də çətin deyildi. Mənim kimi Almaniyada yaşayan onlarla azərbaycanlı Vətən Müharibəsində erməni yalanlarını ifşa etmək üçün kifayət qədər çalışdı. Redaksiyalara məktublar yazdıq, zəng vurub, xəbərlərdə yol verdiklərini yanlışlıqlar barədə onları məlumatlandırdıq. Artıq müharibənin sonlarına doğru bir çox alman media orqanı əvvəl yol verdiyi səhvləri düzəltmişdi”.

Almaniyada yaşayan jurnalist hesab edir ki, bu məsələdə Azərbaycan hökuməti də müəyyən addımlar atmalıdır: “İkinci Qarabağ Savaşında Azərbaycana gəlib özünü müharibənin içində görmək və gördükləri də dünyaya çatdırmaq istəyən saysız reportyor və bloqqer var idi. Onların Azərbaycana gəlmələri üçün tək əngəl viza idi. Bizim Xarici İşlər Nazirliyi nədənsə bu işdə bir qədər həvəssiz kimi göründü. Halbuki, məşhur media şirkətlərinin əməkdaşları ilə bərabər, “Youtube” kimi sosial şəbəkələrdə ictimai fikrə ciddi təsir edə bilən bloqqerləri Azərbaycana dəvət edə və onların çalışmasını təmin edə bilərdilər. Hətta ölkəmiz onların bütün xərclərini də ödəyə bilərdi. Necə ki, Azərbaycan bunu 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı etmişdi. Xarici İşlər Nazirliyinin başı qarışıq idisə, bizim Diasporla İş üzrə Dövlət Komitəmiz belə bir təşəbbüslə çıxış edərdi. Onlar Avropada yaşayan həmvətənlərimizlə koordinasiyalı şəkildə bizim haqq davamızı dünya ictimaiyyətində çatdıra biləcək olan şəxsləri seçə və onların Azərbaycana gəlməsini təmin edə bilərdirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930