“The New York Times”dan Ərdoğana dəstək gəldi-Fransa Əlcəzairdə törətdiyi soyqırımı dolayısı ilə etiraf edir

23.01.2021 - 15:28

“On minlərlə yəhudini ölümə göndərən ölkə…”

2011-ci ilin dekabrında Fransada “erməni soyqırımı”nı tanımamağın cinayət olduğunu nəzərdə tutan qanun qəbul edildi. O vaxt Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan Fransanı Əlcəzairdə soyqırım törətməkdə suçladı.

“Fransanın Əlcəzairdə etdikləri soyqırım idi” – deyən Baş nazir vurğuladı ki, Əlcəzair əhalisinin 15 faizi fransızlar tərəfindən məhv edilib.

Onun fikrincə, Fransada belə bir qanunun qəbulu bütövlükdə Avropada anti-müsəlman əhval-ruhiyyəsinin, irqçilik və diskriminasiyanın yüksək həddə çatmasından xəbər verir.

Xatırladaq ki, o zaman Fransanın prezidenti Nikola Sarkozi idi. Bu həmin Sarkozidir ki, Fransanın prezidenti seçilmək üçün Muəmmər Qəzzafidən 50 milyon avro rüşvət almışdı, məhz elə bu səbəbdən də o, Liviya diktatorunun qətlə yetirilməsində xüsusi canfəşanlıq göstərdi.

20180921141106-4598.jpg (643 KB)

Maraqlıdır ki, ondan sonra prezident seçilən Fransua Olland da ermənilərlə bağlı eyni siyasi xətti davam etdirib. Elə indiki prezident Emmanuel Makron da eyni oyunu oynayır. O, bir az da irəli gedərək Türkiyə ilə yanaşı Azərbaycanı da ittiham edir. Özü də son dərəcə həyasız şəkildə.

Rəcəb Tayyib Ərdoğanın Fransa rəsmilərinə üz tutaraq dediyi bu fikirlər də yəqin ki, yadınızdadır: “Soyqırımı görmək istəyənlər dönsünlər və öz qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun…”.

Qeyd edək ki, XIX əsrədək Osmanlı imperiyasının tərkib hissəsi olan Əlcəzair Fransanın maraq dairəsində olub. 1830-cu il istəyinə nail olan Fransa bir əsrdən çox – 132 il ərzində bu torpaqlarda işğalçılıq siyasəti yürüdüb, Əlcəzairi fransızlaşdırmaq üçün assimilyasiya prosesi aparıb. Bu məqsədlə Əlcəzairə bir milyon nəfər fransız köçürülüb.

1954-cü ildə (oktyabr) Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Bu qiyama Fransa geniş miqyaslı həbslərlə cavab verdi. Fransa ordusu Əlcəzairə yeridildi. 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsində 1 milyon əlcəzairli fransızlar tərəfindən qətlə yetirildi. Bəzi mənbələrdə ölənlərin sayın 1.5 milyon nəfər olaraq keçir.

Qeyd edək ki, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Hollandiya, Fransa, Belçika, Almaniya… və digər Qərb ölkələri müxtəlif dövrlərdə dünyanın müxtəlif guşələrində dəfələrlə soyqırım törədiblər. Bu barədə adı çəkdiyim ölkələrin ciddi tarixçiləri də çox yazıblar. Zatən yazmasalar da hər şey göz qabağındadır. Elə Cənubi və Şimali Amerikanı götürək. Yerli əhalinin kökü demək olar ki, kəsilib. Qalanlar isə hələ də diskriminasiya ilə üzləşirlər. Söhbət ən azı 20-30 milyon insanın ölümündən gedir. Qərb ölkələrinin Afrikada törətdiyi soyqırım və vəhşiliklər haqqında da çox deyilib. Düşünün ki, milyonlarla zəncini zorla gəmilərə doldurub Amerikaya aparırdılar və onlardan qul kimi istifadə edirdilər. Tarixçilərdən bir yazır ki, gəmilərə o qədər zənci doldururdular ki, sıxlıq yaranırdı. Yolda ölənlərin sayı o qədər çox olurdu ki… Afrika sahillərindən Amerikaya çatana kimi gəmini yırtıcı balıqlar müşayiət edirdi. Çünki ölmüş zəncilərin cəsədlərini okeana atırdılar. Yırtıcı balıqlar cəsədləri bir göz qırpımında parçalayıb, yeyirdilər.

Başqalarını ittiham etməkdən zövq alan Qərb bir qayda olaraq öz eyiblərini ört-basdır etməyə üstünlük verir. Biri elə Fransa. Əlcəzairdə, Ruanda da, eləcə də digər ölkələrdə törətdiyi barbarlıqların üstündən sükutla keçməyə çalışır. Amma arada kənaraçıxmalar da olur. Bu mənada nümunə sayıla biləcək bir məqalədən söhbət açacağıq.

Həmin məqalə “The New York Times” qəzetində gedib və Əlcəzairdə törədilmiş soyqırımdan bəhs edir. Qeyd olunur ki, Fransa, prezident Emmanuel Makronun göstərişi ilə hazırlanan hesabatda ölkənin Əlcəzairdəki müstəmləkəçilik tarixinin nəzərdən keçirilməsi üçün “yaddaş və həqiqət” komissiyası yaradıcılacaq. Cənab Makron artıq etiraf edib ki, fransız qüvvələri tərəfindən əlcəzairlilərə sistemli şəkildə işgəncə verilib. Ancaq Fransanın keçmişdə törədilən cinayətlərə görə Əlcəzairdən üzr istənilməsi istisna olunur.

shutterstock_272424740.jpg (143 KB)

Məruzədə yüz minlərlə insanın ölümü ilə nəticələnən müstəqillik müharibəsi zamanı yaşanmışlardan doğan xatirələrə ehtiram əlaməti olaraq Fransa ilə Əlcəzair arasında uzlaşmaya nail olmağa çağırış var.
Amerika nəşri bildirir ki, məruzəni komissiyaya rəhbərlik edəcək Fransız tarixçisi Benjamin Stora yazıb. Məruzədə söhbət Fransanın müstəmləkə keçmişi zamanı Əlcəzair müharibəsində geridə qoyduğu bir sıra məsələlərin üstündən pərdənin çəkilməsindən gedir.

“Bütün bu pərdələri bir-birinin ardınca qaldırsanız müstəmləkəçilik tarixinə həqiqi bir baxış ortaya çıxacaq”,-deyə o, bildirib. Cənab Makron iyul ayında cənab Stora göndərdiyi məktubda “keçmişimizin yaraları” mövzusunda “həqiqət, məsuliyyət və aydınlığa” səsləmişdi.

“The New York Times” qəzeti yazır ki, bununla da cənab Makron son dərəcə həssas bir əraziyə daxil olub ki, Fransanın son altı prezidenti həmin ərazidən kənarda qalmağa çalışıb.
Əlcəzairdəki müstəmləkə keçmişi müasir Fransanı formalaşdırmağa davam edən bir travmadır, bu, Avropanın ən çox müsəlman yaşayan ölkəsində müsəlman əhali arasında küskünlük yaradır. Fransada Əlcəzair ilə müxtəlif səviyyədə əlaqəsi olan milyonlarla sakin müstəmləkə tarixi və müharibə ilə bağlı xatirələrə sahibdir. Bəzi mənbələrdə Fransada 5 milyon nəfərə yaxın Əlcəzair kökənli insanın yaşadığı qeyd olunur.

thumbs_b_c_d0c11f9778ab2da76031575649ccf484.jpg (45 KB)

Qəzet yazır: “Keçmişin kölgəli tərəfləri ilə barışmaq, bir çox millətlərdə olduğu kimi Fransa üçün də uzun və çətin bir prosesdir. II Dünya müharibəsində Almaniyanın işğalı dövründə on minlərlə yəhudinin nasistlərin ölüm düşərgələrinə sürgün edilməsinin məsuliyyətini Fransanın açıq şəkildə tanıması üçün yarım əsr lazım gəldi”.

Cənab Makron 2017-ci ildə Fransanın Əlcəzairdə törətdiklərini “insanlığa qarşı cinayət” adlandırdı. 2018-ci ilin sentyabrında isə o, ilk dəfə fransızların Əlcəzairdə işgəncə tətbiq etməsi faktını rəsmi olaraq qəbul etdi, ancaq nə o, nə də ondan əvvəlki prezidentlər Fransanın Afrika ölkəsindəki müstəmləkə keçmişi üçün üzr istəməyib.

Hesabatda konkret hərəkətlərin barışığın təşviqi üçün daha təsirli ola biləcəyi vurğulanır, rəsmi şəkildə üzr istəməmək tövsiyə olunur. Cənab Makronun ofisi isə rəsmən bəyan edib ki, Fransanın Əlcəzairdə törətdikləri ilə bağlı “nə peşmanlıq ifadə olunacaq, nə də üzr istəniləcək”.

Əlcəzair əsilli fransız yazıçısı xanım Feyza Guene (Faïza Guène) Fransa Əlcəzair münasibətləri ilə bağlı sükutun pozulmasının insanları ciddi şəkildə narahat etdiyini bildirir: “Bu, bir vulkanı oyatmaq qorxusudur”.
Şübhəsiz ki, bu vulkan nə vaxtsa oyanacaq və Fransa Əlcəzairdə törətdiyi soyqırımı dövlət səviyyəsində etiraf etməli olacaq. Daha sonra Ruanda da, eləcə də digər ölkələrdə bəşəriyyətə qarşı törətdiyi cinayətləri boynuna alacaq. Mən ona da əminəm ki, digər Qərb ölkələri də gec-tez bu yoldan keçəcəklər.

Elbəyi Həsənli, Sürix
Report Aims at ‘Reconciling’ France and Algeria, Its Former Colony – The New York Times (nytimes.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930