Calal Arutyunyanın şantajı keçərli oldu-İrəvanda vəzifə aldı
Qarabağ döyüşlərində ağır yaralanan və uzun müddət davam edən müalicədən sonra sağalan qondarma qurumun “sabiq komandanı” general-leytenant Calal Arutyunyan Ermənistanda vəzifəyə təyin olunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağ canisi Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində çalışacaq. Məlumatı nazirliyin sözçüsü Gevork Altunyan da təsdiqləyib.
Qeyd edək ki, Qarabağ savaşında terrorçuların “komandanı” kimi döyüşlərə rəhbərlik edən Arutyunyan oktyabrın sonlarında Azərbaycan ordusu tərəfindən hədəfə alınıb, ancaq son anda ölümdən qurtulmuşdu. Daha sonra onu Amikael Arzumanyan əvəzləyib.
Yanvarın sonlarında C.Arutyunyana qarşı sui-qəsd cəhdi şübhəsilə cinayət işi qaldırılıb. Qarabağ terrorçusu iddia edib ki, Azərbaycan tərəf onun olduğu ərazini təsbit edə bilməzdi, deməli, ortada xain olub.
Daha sonra o, müharibənin gedişində Lələtəpə və Cəbrayıl istiqamətində əməliyyatlara qarşı olduğunu açıqlayaraq, hərbi-siyasi rəhbərliyi ittiham edib. Görünür, Arutyunyanın şantajı keçərli olub və o, Ermənistanda vəzifəyə irəli çəkilib.
Üstəlik, görünür ki, onun baş terrorçu Araik Arutyunyanla münasibətlərindəki gərginlik də Qarabağda qalmasını mümkünsüz edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=160574