Peyvəndlənin, sizi toya çağıracaqlar – “Nyu-York Tayms”

05.02.2021 - 16:26

ABŞ-da bəzi cütluklər toyun daha təhlükəsiz keçməsi üçün qonaqlarından məclisə qədər COVİD-19 peyvəndi vurdurmağı tələb edirlər. “Nyu-York Tayms” qəzetində bununla bağlı “Peyvənd olunduğunuzu sübut etsəniz sizi toya çağıracaqlar” başlıqlı yazı dərc olunub. Müəllifi Daniel Braffdır. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.

Vaşinqtonlu jurnalist Aliza Kriçevski bu ilin sentyabr ayında nikah mərasimi keçirməyi planlaşdırır. Onun toya dəvət etdiyi qonaqlar məclisdən bir neçə həftə əvvəl koronavirus peyvəndi vurdurmalıdırlar. Əks halda dəvətlilər toy məclisi keçirilən məkana buraxılmayacaqlar.

Koronavirus peyvəndi vurulanda immunitetin optimal səviyyəsi yalnız ikinci dozadan bir-iki həftə sonra yaranır. Bu isə ilk dozadan bir ay sonra deməkdir. Ona görə də toya dəvət alan qonaqlar planlarını xeyli əvvəldən qurmalıdırlar.

Jurnalistin toyu sentyabrın 5-də “Watergate” otelində olacaq. Aliza Kriçevski bildirir ki, məclisdə 280 nəfərə yaxın adam iştirak edəcək.

Jurnalistin sözlərinə görə, o özü də daxil olmaqla toya koronavirusa yoluxma baxımından yüksək risk qrupuna aid insanlar toplaşacaqlar.

Aliza Kriçevski astma xəstəliyindən, babası şəkərli diabetdən əziyyət çəkir. Qayınatası isə üç dəfə mədə və qaraciyər transplantasiyası əməliyyatı keçirib. Ona görə də jurnalist toyda iştirak edəcək qohumlarının sağlamlığını təhlükə altına atmaq istəmir.

Aliza Kriçevski hesab edir ki, qonaqları onun toyuna qədər immunitet qazanmaq üçün artıq yayın ortalarından prosesə – peyvənd vurdurmağa başlamalıdırlar.

ABŞ-ın İllinoys ştatının Osveqo şəhərində yaşayan 27 yaşlı müəllimə Ember Koulun toyu iyulun 3-də Fransada olmalıdır. O, toyuna dəvət etdiyi 40 nəfərin hamısından mərasimə qatılmazdan əvvəl koronavirus peyvəndi vurdurmağı tələb edəcəyini deyir. Ember Koul bildirir ki, qonaqlarının əksəri vaxtında peyvənd oluna bilməsə, toyu təxirə salmağa hazırdır.

Bu ilin yayına və sonrakı dövrə böyük toy mərasimi planlaşdıran cütlüklər qonaqlardan nələri tələb edə biləcəklərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Çünki koronavirus pandemiyası başlanandan bəri riski azaltmaq üçün müxtəlif metodlardan istifadə olunur: buraya maska taxmaq, sosial məsafə gözləmək, hətta təcili COVİD-19 testi vermək kimi cürbəcür üsullar daxildir.

Florida ştatının Pam-Biç şəhərinin sakini, etika üzrə mütəxəssis Jaklin Vitmor toya dəvət almış qonaqlardan peyvəndlənmə tələb edilməsinin nə dərəcədə düzgün olması haqda suala bir anlıq tərəddüddən sonra belə cavab verir: “İnsanlardan koronavirus testi verməyi xahiş etmək anlaşılandır, amma peyvəndlənmə məsələsi hər kəsin öz istəyinə buraxılmalıdır”.

Los-Ancelesdə gəlin paltarlarının satışı ilə məşğul olan “Birdy Grey” firması 2020-ci ilin dekabrında “İnstagram” şəbəkəsində sorğu anketi yerləşdirib. Anketdə toya hazırlaşan gəlinlərdən dəvət etdikləri qonaqların qarşısında peyvəndlənmə tələbi qoyub-qoymadıqları soruşulub. Sorğuda 4200 nəfər iştirak edib. Onların 35 faizinin cavabı məqbul, qalanlarının cavabı isə qeyri-məqbul olub.

“Birdy Grey”in təsisçisi və rəhbəri Qres Li bildirir ki, toya çağırdığı adamlardan peyvəndlənmə tələb edəcəyini deyənlər bunu yaxınlarının təhlükəsizliyi naminə etdiklərini vurğulayırlar. Firma rəhbərinin sözlərinə görə, peyvənd tələbi qoymayanlar da vaksinasiyaya tərəfdardır, amma onlar hesab edirlər ki, bu, insanların şəxsi istəyinə bağlı məsələdir, ona görə kimdənsə peyvəndlənməyi tələb etmək düzgün deyil.

Qonaqların peyvənd olunmasını tələb etməyənlər arasında Florida ştatının Fort-Loderdeyl şəhərində toy mərasimi planlaşdıran Keyt Villard da var. O deyir indi elə vəziyyət yaranıb ki, hər kəs qonağından nəsə tələb etməyə haqqı çatdığını düşünür: “Amma insanlardan peyvənd olunmağı tələb etmək tamamilə başqa məsələdir. Qonaqlara öz istəklərinə uyğun qərar qəbul etmək imkanı verilməlidir”.

Kanadanın Alberta əyalətinin Kalqari şəhərində yaşayan davranış mütəxəssisi Levena Bayer yoluxma riski yüksək olan qonaqların həyatını riskə atmağı düzgün hesab etmir: “Toy mərasimində bəzi qonaqların iştirakı mümkün olmaya bilər, insanlardan peyvəndlənmə tələb etmək normal haldır”.

Bəzi həkimlər də daxil olmaqla insanların əksəriyyəti toyda iştirak etmək üçün peyvəndlənmənin zəruri olduğunu düşünür. Eyni zamanda onlar peyvəndin yaşadığımız həyatı kökündən dəyişdirməyəcəyini vurğulayırlar.

Ötən ilin dekabrında “Nyu-York Tayms” qəzetinin 700 epidemioloq arasında keçirdyi sorğu göstərib ki, mütəxəssislər immunitetin duruş gətirməsi, virusun mutasiyaya uğraması və peyvəndlənmə prosesinin effekti sarıdan hələ də narahatlıq keçirirlər. Sorğuda iştirak edənlərin yarısı düşünür ki, əhalinin ən azı 70 faizi peyvənd olunmayınca normal həyata qayıtmaq mümkün deyil.

Şimal-Qərb Universitetinin Faynberq tibb fakültəsinin Tibbi Profilaktika Departamentinin sədr müavini Mersedes Karneton deyir ki, başqalarının peyvənd olunub-olunmamasından asılı olmayaraq, özü yalnız vaksin vurdurandan sonra toyda rahat iştirak edə bilər. O, uşaqlarla bağlı məsələnin fərqli olduğunu da xatırladır: “Hazırkı qaydalara əsasən, 16 yaşınadək uşaqların peyvənd olunmasına icazə yoxdur. Peyvənd vurdurmamış insanları məclisə buraxmaq isə başqalarının sağlamlığını riskə atmaq deməkdir”.

Con Hopkins Xəstəxanasının infeksiyaların profilaktikası üzrə rəhbəri doktor Liza Maraqakis bildirir ki, vaksinlər əlçatan olduqca insanların tədbirlərə qatılmazdan əvvəl peyvəndlənmək istəyi və bununla bağlı tələblər adi hala çevriləcək.

Liza Maraqakis infeksiyanın qarşısını almaq üçün peyvəndin maska taxmaq və sosial məsafə saxlamaq kimi tədbirləri əvəz etmədiyinə də diqqət çəkir: “Vaksin ilk növbədə peyvənd olunan şəxsi qoruyur. Ancaq biz peyvəndin insanı virusdan nə dərəcədə qoruduğunu və onun yayılmasının qarşısını alıb-almadığını hələ bilmirik”.

Doktor Maraqakis pandemiyanın nə vaxt sona çatacağının, insanların peyvəndsiz, maskasız kütləvi tədbirlərə nə zaman qatıla biləcəyinin bəlli olmadığını qeyd edir. O, vəziyyət aydınlaşana qədər toyların yığcam keçirilməli olduğunu düşünür.

İllinoys ştatının Dauners-Qrouv şəhərinin sakini fotoqraf Cesika Kolb peyvənd tələb olunan heç bir toya getməyəcəyini deyir: “Vaksinlər, vaksinasiya barədə daha geniş məlumat əldə etməyincə peyvənd vurdurmaq fikrim yoxdur”.

Qardaşı qızının bu payız ailə quracağını söyləyən Cesika Kolb peyvənd olunmaq tələbi qoyularsa, həmin toya getməyəcəyini bildirir.

Nyu-Cersi ştatında rəqəmsal kontent üzrə menecer işləyən Mindi Trotta isə peyvənd vurdurmağı planlaşdırır və toyda iştirak edəcək başqa adamların da peyvəndlənmiş olacağına ümid edir.

Xanım Trotta qeyd edir ki, bir ay qabaq onun oğlunun dostu toy edib: “Toya yalnız 10 nəfər qatılıb və bir həftə sonra onların hamısında virus tapılıb”.

Xanım Trotta və oğlu həmin toyda iştirak etməyiblər.

Sietldə toy çəkilişləri aparan Natan Oçoa bildirir ki, onun bəzi sifarişçiləri qonaqlarından COVİD testindən keçməyi tələb edirlər.

Natan Oçoa onun da qarşısında peyvəndlənmək şərtini qoyacaq cütlüklərlə işləməyə məmnuniyyətlə hazırdır: “Çünki özünüz təssəvvür edin – adamların bir-birinə yaxın olduğu, rəqs etdiyi, bir yerdə çörək yediyi məclis indiki dövrdə necə təhükəli ola bilər. Belə məclisdə video çəkiliş aparan şəxs kimi mən, məsələn, nənəmi yoluxdura bilərəm. Məclisdən qayıtmaq və oturub iki həftə sonra nənəmin sağ qalıb-qalmayacağını düşünmək – dəhşətdir!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160642

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31